Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:46

"Ramiz Mehdiyev həm çevrə cızıb, həm də yaxşı əsər tələb edir"


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “axır on ildə Azərbaycanda ictimai rəyə təsir edən əsərlərin yaranmaması” haqda dediklərini Azadlıq Radiosunun “İşdən sonra” proqramında Azərbaycan Yazıçılar Birliyindən Ədalət Əsgəroğlu və Azad Yazarlar Ocağından Elnur Astanbəyli müzakirə edir.

Verilişin aparıcısı Xədicə İsmayılovadır.

Azadlıq: Prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin məqaləsindən belə qənaətə gəlmək olar ki, o nə Azərbaycan Yazıçılar Birliyində təmsil olunan, nə də ondan kənarda qalan yazarların axır on ildə yazdıqlarından razıdır...

Ədalət Əsgəroğlu: Əvvəla Ramiz Mehdiyev Azərbaycan Yazıçılar Birliyinin adını çəkməyib. Sualı belə qoymaq olmaz...

Elnur Astanbəyli: Bir dəqiqə. Ramiz müəllim Markesi, Soljenitsını, yaxud başqa ölkələrin yazıçılarını nəzərdə tutmayıb ki... O elə Azərbaycan yazıçılarını nəzərdə tutur...

Ədalət Əsgəroğlu: Sözümü kəsməyin. Ramiz Mehdiyev də Azərbaycanın vətəndaşıdır. Sərbəst fikirəşib sərbəst də fikrini deyir.

Biz də sərbəst fikrimizi deyirik. Mən Ramiz Mehdiyevin son on ildə Azərbaycanda ictimai şüura təsir edən əsərin yaranmaması haqda fikrini səhv sayıram.

Axır on ildə bizim yazıçıların çox gözəl əsərləri olub: İsa Hüseynovun, Anarın əsərləri, Kamal Abdullanın son on ildə yazdıqları, Aqil Abbasın “Dolu” romanı.
Çingiz Abdullayevin son on ildə yazdığı əsərlər otuz dilə tərcümə olunub.

Bu, Çingiz müəllimin öz təşəbbüsü deyil, həmin xalqlar onu öz dillərində oxumaq istəyirlər. Bunlar 30 dilə tərcümə edilirsə, deməli fakt budur ki, ortada yaxşı əsərlər var.

Elnur Astanbəyli: Əvvəla Ramiz Mehdiyevin son vaxtlar ayda bir məqalə yazması, bundan sonra da aktiv təbəqənin, qəzetlərin, ziyalıların bu çıxışları təhlil etməklə məşğul olması məndə belə bir təsəvvür yaradır ki, belə məqalələr əslində fikri cəmiyyətdəki çox ciddi problemlərdən yayındırmaq məqsədi daşıyır...

Ədalət Əsgəroğlu: ...Yayındırmaq üçün...

Elnur Astanbəyli: ...O ortaya müxtəlif mövzular atır və bir ay yazı ətrafında müzakirə gedir. Müzakirələr səngiyən kimi Ramiz Mehdiyevin yeni yazısı peyda olur.

Guya ki Azərbaycanda ən böyük problem Rəqsanənin klipləri və yazıçıların əsər yazmamağıdır.

Bu yəqin ki hakimiyyətin özünə sərf edən yeni bir texnologiyadır.

İkincisi, yeni roman yazmaq seçki saxtalaşdırmaq deyil ki, bununla bütün dünyaya səs salasan.

Əgər bu adamlar ədəbiyyatın təəssübünü çəkirlərsə, ədəbiyyat insanının qarşısında yaratdıqları süni baryerləri aradan qaldırmalıdırlar.

Ədəbiyyat cəmiyyətdən təcrid olunmuş vəziyyətdə deyil.

O adamlar ki, Azərbaycan ədəbiyyatını layiqli şəkildə dünya səviyyəsinə çıxara bilərlər, həmin adamlar çox ciddi iqtisadi çətinliklər məngənəsindədirlər.

Onlar çörək pulu qazanmaq üçün öz enerjilərini qəzet səhifələrində tükətməkdədirlər.

O biri tərəfdən, dövlət adamının ədəbiyyat adamları üçün yol, cığır müəyyən etməsi sovet dövründən qalma bir vərdişdir.

Görünür Ramiz müəllim hələ də özünü 70-ci illərdəki statusunda görür.

Ədalət müəllim Yazıçılar Birliyinin yaxasını kənara çəkir.

Amma bu məsələ həm də Birliklə bağlıdır.

Gəlin səmimi danışaq. Yazıçılar Birliyinə dövlət büdcəsindən ayrılan 1 milyon manatın necə xərcləndiyini sədr Anar müəllimdən və onun mühasibindən başqa heç kəs bilmir.

Ortada o bir milyon manatın ədəbiyyatın xeyrinə xərclənməsini təsdiq edən bir nümunə yoxdu.

“Ulduz” jurnalı 500 tirajla çıxır. Amma Yazıçılar Birliyinin 1500 üzvü var. Demək ki, hətta heç Birliyin öz üzvləri də bu jurnalı almırlar...

Ədalət Əsgəroğlu: Elnur müəllim, aman verin mən də sözümü deyim. Biz bura demoqogiya üçün gəlməmişik. Siz bir milyon deyirsiz. O hələ azdı. Bəlkə də 2 milyon ayrılmalıdır.

Elnur Astanbəyli: Yox, Anar müəllimə bir qəpik də ayrılmamalıdır.

Ədalət Əsgəroğlu: Niyə? Anar müəllim xalqımızın iftixarıdır. O pullar maaşlara gedir, mənim yerimə kim qol çəkib maaşımı ala bilər? Burda hansısa yeyintidən söhbət gedə bilıməz...

Efirə mesaj: Azadlıq Radiosunun dinləyicisi Aqil bəy yazır: “Niyə bizdə qiyamçı şairlər yaranmır? Niyə sovet dövründə başqa respublikalardan dissidentlər çıxdı, amma Azərbaycandan yox. Bir Bəxtiyarımız vardı, o da axırda avtoritar rejimin dəstəkçisi oldu. Ramiz Rövşənimiz vardı, o da susub. Niyə?”

Elnur Astanbəyli: Mən elə o məsələnin üstünə gələcəkdim.

Hanısa cəmiyyətdə ədəbiyyatın güclü olması üçün ilk növbədə ölkədə güclü demokratik ab-hava olmalıdır.

Sən insanların qələmini idarə edəcəksənsə, sərbəst düşünməsinə şərait yaratmayacaqsansa, güclü əsərlərin yaranması mümkün deyil.

Mənim yadıma gəlir: bir neçə il qabaq 300-ə yaxın italyan yazarı durub etiraz etdi ki, ölkədə yaradıcı mühit yoxdu.

Çünki ölkəni Berluskoni kimi haqqında korrupsiya ittihamları olan, insan haqlarına hörmət etməyən, media maqnatına çevrilən adam idarə edir.

Onlar dedilər ki, biz belə bir ölkədə yaradıcı işlə məşğul ola bilmirik. Ramiz Mehdiyevin ideoloqu olduğu hökumət də ölkədə bəlli bir çevrə cızıb, insanlar ayağını o çevrədən kənara qoya bilməz.

Ramiz Mehdiyev həm o cizgini müəyyənləşdirib, həm də camaatı ittiham edir ki, niyə yaxşı əsərlər yazılmır.

Dinləyiciniz Aqil bəyin dediyinə gəldikdə isə, indi Azərbaycanda həm öz bədii əsərlərində, həm də publisistikasında Azərbaycanda mövcud olan ictimai-siyasi iyrənclikləri tənqid edən əsərlər yaranıb və həmin əsərlərin hamısı, Ədalət müəllimin xoşu gəlməsə də, Azərbaycan Yazıçılar Birliyindən kənarda yaranıb.

Ədalət Əsgəroğlu: Məsələn?

Elnur Astanbəyli: Bir dəqiqə...

Ədalət Əsgəroğlu: O əsərləri göstərin də!

Azadlıq: Doğrudan da ad çəkə bilərsiz?

Elnur Astanbəyli: Məsələn, Seymur Baycanın “Sonuncu körpüsalanlar” romanı. Azərbaycanın bu günkü reallıqlarını göstərir.

Ədalət Əsgəroğlu: O bizim də xoşumuz gəlir...

Elnur Astanbəyli: Sonra məsələn, Həmid Herisçinin son vaxtlar yazdıqları. Aqşinin son kitabı çıxıb...

Ədalət Əsgəroğlu: O da yaxşıdı. Mən bilmirəm bunların məsələyə nə aidiyyatı var.

Azadlıq: Bəs niyə bunlar Yazıçılar Birliyinin üzvləri deyil?

Ədalət Əsgəroğlu: Sərbəstdirlər. İstəmirlər.

Elnur Astanbəyli: Yox! Söhbət ondadır ki, bir yazıçı ki başını aparıb hakimiyyətin boyunduruğuna keçirir, müxtəlif imtiyazlar, deputat mandatı, prezident təqaüdü, “Şöhrət” ordeni, Fəxri Xiyabanda basdırılmaq kimi imtiyazlar almağa çalışır, o, tənqid yazıb bu hakimiyyətlə hər hansı şəkildə konfliktə getməz.

(Bu, dekabrın 10-da "İşdən sonra" verilişində aparılan müzakirədən bir parçadır).

XS
SM
MD
LG