Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:23

Yeni Vyetnama doğru


Müəllif sual edir ki, niyə görə gənc Amerikalılar öz həyatlarını «dəyərsiz rejimlərə» görə riskə atmalıdırlar
Müəllif sual edir ki, niyə görə gənc Amerikalılar öz həyatlarını «dəyərsiz rejimlərə» görə riskə atmalıdırlar
Dekabrın 13-də keçmiş ABŞ prezidentliyinə namizəd, 1972-ci ildə prezident seçilmiş Riçard Niksonun Demokratlar partiyasından olan əsas rəqibi Corc MakQovernin «Vaşinqton Post» qəzetində məqaləsi dərc edilib. Solçu baxışlarına görə bir çox respublikaçılar tərəfindən Barak Obamanın sələfi hesab edilən Corc MakQovern Obamanın Əfqanıstana əlavə hərbi qüvvələr göndərmək qərarını kəskin tənqid edib.

MakQovern yazır ki, 1960-cı ildə hələ senator olarkən o, Vyetnamdakı «səhv» müharibəyə görə çox üzülürdü və 1972-ci ildə prezidentliyə namizəd olanda Amerika boyu seçki kampaniyası aparıb hamıya deyirdi ki, Vyetnam müharibəsinin ABŞ-a gətirdiyi insan və pul itkiləri gələcək administrasiyaları belə səhvlərə getməkdən çəkindirəcək.

«Mən səhv etmişdim. Bu gün mən Obama administrasiyasının eyni dərəcədə səhv olan Əfqanıstan müharibəsini eskalasiya etdirməsi qərarına təəccüblənirəm. Və gənc və istedadlı prezidentimizin Əfqanıstanda artıq mövcud olan 21 minlik hərbi qüvvələrimizə daha 30 mini əlavə etmək səbəblərini izah etməsinə qulaq asarkən beynimdən ancaq bir fikir keçir: Yeni Vyetnam. Ümid edirəm ki, mən səhv edirəm, amma tarix mənə başqa şeyi deyir» , MakQovern qeyd edir.
ABŞ-dan əvvəl Əfqanıstana müdaxilə etmiş SSRİ 15 min insan itkisi və ondan da çox yaralı verəndən sonra ölkəni tərk edəsi oldu və SSRİ çökdü.


MakQovern vurğulayır ki, prezident Kennedi, Lindon Conson və Nikson inanırdılar ki, Sayqon hökumətini müdafiə edib Ho Şi Mini məğlub etməyin yolu həmin ölkəyə əlavə hərbi qüvvələr göndərməkdir. Lakin 500 minlik Amerika əsgəri qüvvəsi Vyetnamda vuruşub itkilər verdikcə Vyet Konq qüvvələri daha da güclənirdi.

Müəllif yazır ki, ABŞ Əfqanıstana artıq minlərlə əsgər göndərib və ondan da çox muzdlu qüvvə (kontrakt əsasında fəaliyyət göstərən şəxslər) buraya əlavə olunub. «Lakin Vyetnamda olduğu kimi, üsyançı qüvvələr əvvəlkindən də güclüdür və Əfqan hökuməti də bizim Sayqonda müdafiə etdiyimiz hökumət qədər korrupsionerdir».

Müəllif sual edir ki, niyə görə gənc Amerikalılar öz həyatlarını «dəyərsiz rejimlərə» görə riskə atmalıdırlar. «Administrasiya deyir ki, biz Əl Qaidəyə qarşı Əfqanıstanda döyüşməliyik. Lakin əsas Əl Qaidə qüvvələri Pakistandadır».

Müəllif yazır ki, Amerika hərbçiləri Əfqanıstanda Talibanla döyüşürlər ki, bu qüvvənin də hədəfi Əfqanıstan hökumətidir və həmin qüvvələrin ABŞ-la yeganə düşmənçiliyi onun üstündədir ki, Amerika hərbçiləri onların nifrət etdikləri hökuməti müdafiə etmək üçün döyüşürlər. Bu kontekstdə müəllif hesab edir ki, bölgəyə əlavə ABŞ hərbçilərinin gətirilməsi Talibanı bir az da qızışdıracaq.

MakQovern onu da qeyd edir ki, ABŞ-dan əvvəl Əfqanıstana müdaxilə etmiş SSRİ 15 min insan itkisi və ondan da çox yaralı verəndən sonra ölkəni tərk edəsi oldu və SSRİ çökdü.

MakQovernin fikrincə, hətta ABŞ-ın Əfqanıstanda döyüşmək üçün ciddi səbəbləri olsa belə bu müharibəni aparmaq sadəcə olaraq ABŞ-ın imkanları xaricindədir. «12 trilyon dollarlıq xarici borc və ciddi iqtisadi enişə görə indi xaricdə lazımsız müharibələr aparmaq zamanı deyil. Daha çox əsgərimiz qətlə yetirilməmiş, yaxud yaralanmamış və ümummilli borcumuz partlayış həddinə çatmamış gərək əsgərlərimizi geri qaytaraq», deyə müəllif yazır.

Müəllif prezident Obamaya əvvəlki prezident Lindon Consonu misal çəkərək yazır ki, seçki kampaniyası dövründə Conson Vyetnamdakı müharibəni böyütməyəcəyinə söz verirdi, seçildikdən sonra isə oradakı əsgəri qüvvələrin sayını 500 minə çatdırdı. Nəticədə 58 min Amerika əsgəri bu ölkədə həlak oldu, iki milyon Vyetnamlı da ABŞ bombaları altında həyatlarını itirdilər. MakQovern vurğulayır ki, prezident Consonun iri daxili siyasi planı – Böyük Cəmiyyət qurmaq planı var idi, lakin müharibə bütün bu planların üstündən xətt çəkdi və nəhəng səs çoxluğu ilə prezident seçilmiş Conson dörd il sonra heç namizədliyini belə irəli sürmək istəmədi.

«Obamanın görkəmli prezident olmaq imkanı var. Mən ümid edirəm ki, Əfqanıstan onun dəyişiklik mesajına kölgə salmayacaq». Yekunda MakQovern 1972-ci il seçkilərində Amerika vətəndaşlarına ünvanladığı müraciəti prezident Barak Obamaya ünvanlayıb: «Evinə dön, Amerika».
XS
SM
MD
LG