Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Ərdoğanı tutduran prokurordan şikayət


«Konstitusiyada dəyişikliklər edilməsəydi, AKP bağlanacaqdı. Ərdoğanın millət vəkilliyi sona çatacaq, ona siyasət yasağı qoyulacaqdı»
«Konstitusiyada dəyişikliklər edilməsəydi, AKP bağlanacaqdı. Ərdoğanın millət vəkilliyi sona çatacaq, ona siyasət yasağı qoyulacaqdı»
Türkiyə Ali Məhkəməsinin pensiyada olan fəxri baş prokuroru Vural Savaş barədə prokurorluq istintaqı başlaya bilər. Belə ki, V.Savaşın bu il avqustun 24-də Bodrumda keçirilən «Müstəqil məhkəmə, bitərəf ədliyyə» mövzusundakı konfransda dediyi «Ərdoğana bağlı gizli bir kəşfiyyat təşkilatı yaradılmışdır» sözləri baş nazirin vəkilinin prokurorluğa şikayət ərizəsi verməsinə səbəb olub. Şikayət ərizəsini qəbul edən prokurorluq ilkin təhqiqatdan sonra cinayət işi qaldırılması və ya ərizənin rədd edilməsi barədə qərar qəbul edəcək.

«GİZLİ KƏŞFİYYAT TƏŞKİLATI» İDDİASI

Avqustun 24-də keçirilən və 2000 nəfərin izlədiyi konfransda Vural Savaş Ərdoğan haqqında «Gizli kəşfiyyat təşkilatı» iddiasını bu sözlərlə gündəliyə gətirib:

«Konstitusiyada dəyişikliklər edilməsəydi, AKP bağlanacaqdı. Ərdoğanın millət vəkilliyi sona çatacaq, ona siyasət yasağı qoyulacaqdı. Elə bir Konstitusiya Məhkəməmiz var ki, 1 əleyhinə, 10 lehinə səslə AKP-nin dünyəviliyə qarşı vəziyyətə gəldiyini deyir. Ancaq bunu müəyyənləşdirən Konstitusiya Məhkəməsi qanunların qəbul edilməsinə icazə verir. Qanunlar qəbul edərək bütün təşkilatları, kəşfiyyat orqanlarını ələ keçirən və dövlətin bütün qurumlarına sızan xarici dəstəkli bu qurum Türkiyə Cümhuriyyəti üçün PKK-dan daha təhlükəlidir. Birbaşa baş nazirə tabe olan bu təşkilatın fəaliyyəti gizlidir, o, tribunalara özünü göstərməyən bir komandadır, əməliyyat qabiliyyəti yüksəkdir, gizli kassadan oraya astornomik miqdarda pul verilir».

Baş nazirin vəkilinin şikayət ərizəsini dəyərləndirməyə alan Bodrum Cümhuriyyət prokuroru Bilgin Bakır, konfransla bağlı digər məlumatları toplayandan sonra Vural Savaşın ifadəsini alacaq. Bundan sonra V.Savaş barədə cinayət işi qaldırılması və ya şikayət ərizəsinin rədd edilməsinə dair qərar qəbul ediləcək.

Vural Savaş Ali Məhkəmənin baş prokuroru olduğu vaxtda - 1997-ci ildə iqtidardakı Rifah Partiyasının qapadılması tələbi ilə Konstitusiya Məhkəməsinə şikayət etmişdi. Məhkəmənin o vaxtkı sədri, Türkiyənin 10-cu prezidenti Ahmet Necdet Sezerin başqanlığındakı heyət 1998-ci ilin yanvarında Rifah Partiyasının qapadılmasına qərar vermişdi.

«BU MAHNI BURDA BİTMƏZ»

O vaxt İstanbulun bələdiyyə başqanı olan Rəcəb Tayyib Ərdoğanın Siirt vilayətində oxuduğu bir şeirə görə də cinayət işini Ali Məhkəmənin baş prokuroru Vural Savaş qaldırmışdı. Məhkəmə tərəfindən 1.5 il həbs cəzasına məhkum edilən Ərdoğan 1999-cu ilin aprelində vəzifə müddəti başa çatmadan işdən çıxarılaraq həbsxanaya göndərilmişdi. Həbsxanaya getməzdən əvvəl mətbuat konfransı keçirən Ərdoğan «Bu mahnı burda bitməz» deyərək tərəfdarlarının əhvali-ruhiyyəsini yüksəltmişdi.

4 ay həbsdə qalan Ərdoğana siyasət yasağı gəlməsinə baxmayaraq, o, AKP-nin yaradılmasına liderlik etmişdi. 2002-ci ildə keçirilən parlament seçkisində millət vəkilliyinə namizəd ola bilməyən Ərdoğanın partiyası iqtidara gələndən sonra müxalifətin dəstəyi ilə Konstitusiyada dəyişiklik edilmiş və Ərdoğana siyasət yolu açılmışdı. Siirt vilayətində seçkinin nəticələri ləğv ediləndən sonra Ərdoğan 2003-cü ilin fevralında təkrar seçkidə millət vəkili seçilmişdi. Abdullah Gülün baş nazir vəzifəsindən istefa verməsindən sonra - 2003-cü il martın 10-da prezident Ahmet Necdet Sezer yeni hökuməti qurmaq vəzifəsini Tayyib Ərdoğana vermişdi.
XS
SM
MD
LG