Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Avropa parlamenti Azərbaycan hökumətini tənqid edib


Avropa parlamenti
Avropa parlamenti
Avropa parlamenti dekabrın 17-da «Azərbaycanda ifadə azadlığı haqqında» qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, Azərbaycanda son illər KİV-lərin fəaliyyəti üçün mühit pisləşib. Müxalifət qəzetləri ofislərindən çıxarılıb, KİV-lərə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılıb, jurnalistlər fizik hücumlara məruz qalıblar. Bu jurnalistlər arasında qorxu hissi və özününsenzuranı yaradıb. 2008-ci ilin sonunda ölkədə yerli tezliklərdə «Azadlıq», «Amerikanın səsi» və «BBC» radiosunun verilişlərinin yayımı dayandırılıb.

Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə həbs edilərək ədalətsiz məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Çıxışlar zamanı İrlandiyadan olan deputat Co Hiqqinsin Azərbaycanda insan haqlarının vəziyyətini bu cür təsvir edib:

«Media azadlığı yoxdur, son illər onlarla jurnalist həbs olunub, bəziləri döyülüb, öldürülən də var. Biz cənab Əliyevin rejimində açıq şəkildə soruşmalıyıq ki, niyə dəhşətli repressiyalar tətbiq edir? Əlbəttə, bunun səbəbi ölkədəki nəhəng korrupsiya rejimini ört-basdır etməkdir. Azərbaycanın hakim elitası sürətlə varlanır. Xüsusilə neft və qazdan. Əhalinin 90 faizi isə kasıbçılıq içində yaşayır. Azərbaycanın təbii ehtiyatlarından faydalana bilmir».

Estoniyadan olan deputat Tunne Kelamsa bunları deyib:

«Müxalifətdə olan jurnalistlərə qarşı geniş yayılmış hədə-qorxu, təqib və ittiham təcrübəsi dərin narahatlıq doğurur. Biz Azərbaycanın hakim dairələrini həbsdə olan jurnalistlər və gənc bloqqerləri təcili azad etməyə çağırırıq».

Avropa parlamentinin qətnaməsində hökumətə çağırışlar edilib:

2009-cu il noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadənin ədalətsiz mühakimə nəticəsində cəzalandırılmasından narahatlığını bildirir. Azərbaycan hökumətini onların dərhal azad etməyə çağırır.

Azərbaycanda media azadlığı ilə bağlı vəziyyətin pisləşməsindən narahatlığını bildirir, müxalifət jurnalistlərinin müxtəlif cinayət ittihamları ilə həbs edilməsindən, mühakimə olunmasından təəssüfləndiyini bildirir. Azərbaycan hakimiyyətini həbs olmuş jurnalistləri dərhal azad etməyə çağırır.

2005-ci ilin martında prezident İlham Əliyevin hər bir jurnalistin hüququnun dövlət tərəfindən qorunduğu barədə sözlərini xatırladır.

Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıq və hədə-qorxu hallarının polis tərəfindən araşdırılmamasına və bu cür cinayətlərin çoxunun indiyə qədər cəzasız qalmasına diqqət etməyə çağırır. Vətəndaş cəmiyyəti fəallarının təhlükəsizliyinə və azadlığına, xüsusi ilə də qeyri-hökumət təşkilatlarının cəlb olunmuş fəalların təhlükəsizliyinə xüsusi diqqət yetirməyə çağırır.

BBC, Azadlıq, Amerikanı səsi radiolarının FM radiotezliyində yayımını bərpa etməyə çağırır. Bildirilir ki, bu radioların FM tezliyindən çıxarılması adamları keyfiyyətli ictimai informasiyanı müstəqil mənbələrdən almaq imkanından məhrum edir.

Azərbaycan hakimiyyətini diffamasiya və böhtanı Cinayət Məcəlləsindən çıxarmağa çağırır.

Azərbaycan hakimiyyətini dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin azad, ədalətli və beynəlxalq standartlara uyğun olmasına təminat verməyə çağırır.

Avropa parlamenti həmçinin hakimiyyəti təhlükəsizlik strukturlarının KİV münasibətdə fəaliyyətinə yenidən baxmağa çağırıb. «Çünki onların iş üslubu Azərbaycanı AB-dən uzaqlaşdırır», - deyə qətnamədə bildirilir

Avropa Parlamentinin sədrinə tövsiyə edilir ki, bu qətnamə Avropa Komissiyasına, Azərbaycan prezidentinə və parlamentinə göndərilsin.
XS
SM
MD
LG