Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Seçkidən qorxan hakimiyyət müxalifəti qorxudur...


Prezident İslam Kərimov
Prezident İslam Kərimov
Molla Nəsrəddinin bir lətifəsi var: qızına bir şillə vurur ki, get su gətir, gözlə, bardağı sındırma.

Soruşurlar, sındırmamış niyə vurursan? Deyir, sındırandan sonra, vurmağın nə faydası...

İndi Özbəkistanda hakimiyyət müxalifəti seçkidən qabaq döyür.

«Özbəkistanda onlarla müxalifətçi ev dustağıdır - onlara seçki qurtarana qədər evlərini tərk etmək qadağan olunub». «Ən azı 6 müxalifətçinin pasportu əlindən alınıb». «Ən azı bir müxalifətçi vəhşicəsinə döyülüb». «Ölkənin müxalifət lideri ölkədən qovulub».

Son həftələr Özbəkistanda müxalifətlə qəddar davranış güclənib. Bunun da bir səbəbi var - dekabrın 27-si parlament seçkiləridir.

Bunları yazan «Human Rights Watch» (HRW) təşkilatının fikrincə, hakimiyyət bu hərəkətləri ilə müxalifət fəallarının bütün ictimai fəallığının qabağını almaq istəyir.

Qıraqdan baxana inanmaq çətin gəlir, ancaq məsələn, müxalifətçi vəhşicəsinə ona görə döyülüb ki, kafedə müxalifət lideri ilə söhbət eləmişdi...

ATƏT: MÜŞAHİDƏÇİ GÖNDƏRMƏYİN NƏ FAYDASI?

ATƏT Özbəkistandakı seçkiqabağı vəziyyəti öyrənəndən sonra qərara alıb ki, monitorinq üçün tam nümayəndə heyəti göndərməyə dəyməz.

Müxalifətin heç bir partiyası parlament seçkilərinə qeydə alınmayıb və namizəd verə bilməyib.

Qeydə alınan 4 partiyanın hamısı hazırda parlamentdə təmsil olunan hökumətpərəst partiyalardır.

HRW-un Avropa və Mərkəzi Asiya proqramının direktoru Holly Cartner deyir ki, Özbəkistanda baş verənlər gözləniləndir. Ancaq o da gözlənilən olmalıdır ki, Özbəkistanla iş görən ölkələr bütün bunlara son qoymağı tələb etməlidirlər.

ATƏT-in Seçkiləri Qiymətləndirmə Missiyasının üzvləri Özbəkistan Seçki Komissiyasında, 4 dekabr 2009
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi oktyabrda ölkəyə gəlib, vəziyyəti yerində öyrəndi.

Bundan sonra hesabat verdi ki, «Özbəkistanın indiki siyasi spektri elektorata seçim vermir».

Hesabatda deyilir: «Missiya Özbəkistanın seçki mühitində bir dənə də olsun irəliləmə tapmadı. Seçki mühiti ATƏT standartlarına cavab vermir. ATƏT-in heç bir tövsiyəsi həyata keçməyib. Belə vəziyyətdə hətta minimum səviyyədə müşahidə missiyası göndərməyə ehtiyac yoxdur».

Ancaq sonda ATƏT yenə qərara gəldi ki, müşahidə missiyasını heç göndərməmək də olmaz.

2 MÜXALİFƏTÇİ BİR YERƏ TOPLAŞANDA BÜTÜN PARTİYA CƏZALANIR


Ozod Dekhon Partiyasının lideri Nigora Hidayətova «Human Rights Watch» təşkilatına deyir ki, sözün hərfi mənasında, iki və ya üç müxalifətçi bir yerə toplaşan kimi bütün partiyaya qarşı polis sıxışdırmaları başlanır.

Biradamlıq adlı müxalifət hərəkatının lideri Bahodır Çoriyev oktybarda ölkədən sürgün olunmuşdu, dekabrın 10-da ölkəyə qayıdan günün sabahısı yenə Özbəkistandan qovuldu.

Özbəkistanda BBC, «Azadlıq», «Alman Dalğası» kimi xarici radioların müxbirlərinə akkreditasiya verilmir.

2005-ci ilin Əndican qırğını haqda xəbər vermiş jurnalist Qalima Buxarbayeva ölkədən qaçmağa məcbur oldu.

Prezident Aparatı qabağında mitinq təşkil etmək istəyən insan haqları fəalı Gavxar Berdiyevanı polis tutub aparıb. Orda ona deyiblər ki, «sən uşaqlarına görə qorxmursanmı?».
XS
SM
MD
LG