Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:49

Türkiyədə Azərbaycan yazıçılarını tanıyan varmı?


Mais Əlizadə və Arif Acaloğlu

"Anarın “Molla Nəsrəddin-66” əsəri mənim ən çox sevdiyim kitablardan biridir, ancaq o kitabın burada çap edilməsi heç nə ifadə etməyəcək..."

"Isa Hüseynovun "Yanar ürək" romanı Türkcəyə çevrilsə, heç kim heç nə başa düşməyəcək..."

"Sabir Rüstəmxanlı dedi ki, burada kitabının ilk baskısı 1000 nüsxə olub, bunun 800-nü Bakıya göndəriblər..."

"Vaqif Səmədoğlunun bu işdə özünün də təşəbbüsü olmalı idi. Kitab bir neçə il qabaq çıxıb, ancaq o vaxtdan bəri mən Vaqifi görməmişəm..."

"Qaz zavodunun rəisi Hüseynbala Mirələmov da Türkiyədə bir neçə kitab çıxarıb..."

"Əgər Ecevit baş nazir olduğu vaxt şeir kitabı çıxarsaydı, bəlkə 2 milyon dollar pul qazanardı..."

İstanbuldakı Bilgi və Yedditəpə Universitetlərinin müəllimi, tərcüməçi Arif Acaloğlu ilə Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadənin söhbəti.

"AZƏRBAYCANDA ƏDƏBİYYATA SOVET BAXIŞI DAVAM EDİR"


Mais Əlizadə: Arif, gəl yazıçının toplumdakı yeri məsələsindən başlayaq, çünki Türk və Azərbaycan yazıçısının ədəbiyyata baxışındakı fərqi göstərən ən önəmli faktorlardan biri budur.

12 sentyabr 1980-ci ildə Türkiyədə hərbi çevriliş olanda ingilis yazıçısı Harol Pinter Türkiyəyə gəlib çevrilişin əleyhinə çıxdı.

O vaxt 28 yaşında olan Orhan Pamuk da Harold Pinterlə birgə hərbi diktaturaya qarşı etiraz edirdi.

2005-ci ilin Nobel mükafatını Harold Pinter, 2006-cı ilinkini isə Orhan Pamuk aldı. Azərbaycanda isə 4 iyun 1993-cü il çevrilişini dəstəkləyən yazıçı və alim az deyildi.

Hətta bir yazıçı baş nazir Surətin müavini olmağı qəbul etdi.

Yazıçı hərbi çevrilişi dəstəkləyirsə və hətta çevrilişlə iç-içə girirsə, o, toplumsal missiyasını inkar etmirmi?


1980-ci ildəki dövlət çevrilişini dəstəklədiyinə görə, İhsan Doğramacı Türkiyənin elmi dairələri tərəfindən heç vaxt əfv edilmədi.

Arif Acaloğlu: Bu günkü Azərbaycanda ədəbiyyata son 80 ildəki baxış davam edir - bunun adı ideologiyadır.

Ədəbiyyat hələ də Azərbaycanda təbliğat və təşviqat vasitəsidir. Bir də yaşayış üçün gəlir mənbəyi. Amma bütün dünyada olduğu kimi, Türkiyədə də ədəbiyyat sənətin bir formasıdır.

Hansı ideologiya olursa-olsun, onu təbliğ etmək üçün bədii əsər yazılmaz.

Əlbəttə, heç bir əsərin tamamilə ideologiyadan xilas olması mümkün deyildir, ancaq bunun azı-çoxu məsələsi vardır. Azərbaycan ədəbiyyatında sovet ideologiyasının yaşadığını ədəbiyyatşünaslıqda da əyani şəkildə görürük.

Məsələn, ədəbiyyatşünaslığa aid kitablarda bu adda fəsillər var: ”Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili”. “İdeya məsələsinin təhlili” ədəbiyyata dəxli olmayan bir şeydir.

M.Ə. Türkiyədəki kitablarda belə şey görmək mümkün deyil.

A.A. Türkiyədə də yoxdur, dünyada da yoxdur.

Kimsə filosof Nizamidə fəlsəfi ideyalar tapa bilər, ədəbiyyatşünasın işi isə Nizamini bədii cəhətdən tədqiq etməkdir, yəni, sənəti sənət edən ünsürlər ön plana çıxmalıdır.

Şairin yaradıcı olmayan insandan fərqi onun eyni fikri bədii formada və kütlələrə təsir edə biləcək şəkildə ifadə etməsindədir.

M.Ə. Türkiyədə kitabı çıxan Azərbaycan yazıçı və şairini buradakı oxucuya təsir etməkdən daha çox, kitabının çıxması və ya hansısa universitetdən fəxri doktorluq almaq düşündürür.

İstanbul universiteti Tayyip Ərdoğana da fəxri doktorluq verdi.

Burada fəxri doktorluq alan Azərbaycan yazıçısı tələbələrin və ya geniş oxucu auditosiyasının qabağında nə deyəcək? Dediyi sözlər dünyanın və Türkiyənin dəyərləri ilə nə qədər səsləşəcək? Mənim üçün maraqlıdır.

A.A. Azərbaycan yazıçısının əsərinin Türkiyədə çapının bir neçə səbəbi vardır.

Birincisi odur ki, Azərbaycanda məşhur olan bir yazıçı və ya şairi hər hansı nəşriyyat burada da çap etmək istəyir. İkincisi, buranın tanınmış yazıçı və şairləri şəxsi münasibətlər əsasında Azərbaycan ədəbiyyatının nümayəndələrini çap etdirirlər.

Arif Acaloğlu Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, daha sonra Estoniyanın Tartu Universitetində aspirant olub. 1993-cü ildən bəri Türkiyədə yaşayır.
Üçüncüsü isə Azərbaycan qardaş ölkə kimi göründüyünə görə, oranın ədəbiyyatının burada tanıdılması məqsədi ilə əsərlər çap edilir. Bunun nəticəsində Türkiyədə yaxşı əsərlər də çap edildi, mənasız əsərlər də.

Maddi imkanı yaxşı olan və ya dövlət kreslosunda oturanların öz əsərlərini Türkiyədə çap etdirmələri üçün daha münasib imkanları vardır. Ataol Bəhramoğlu məni hər görəndə Bakıdakı dostlarını soruşur.

Onun əlaqədə olduğu insanların, məsələn, Anarın, Vaqif Səmədoğlunun əsərlərinin burada çap edilməsi işə professional mahiyyət qazandırır.

M.Ə. Bir də “işgüzar” adamlar var. Sovet vaxtı belə oxunmayan əsərləri gətirib burada çap etdirirlər. Məsələn, bir neçə il qabaq Mir Cəlalın “Dirilən adam” romanını Kaknüs yayınları nəşr etdi.

A.A. Azərbaycanda da bu cür əsərlərdən pul qazanan yoxdur.

Mərhum Mir Cəlal müəllim mənə dərs deyirdi, o özü də heç vaxt “Dirilən adam” romanını ciddi qəbul edib əsərləri sırasında adını çəkmirdi. Özü ilə söhbətlərində yaxşı hekayə yazan olduğunu deyirdi.

Bundan əlavə Məmməd Səid Ordubadidən başlayaraq Türkiyədəki mentalitetə ən yaxın olan Mövlud Süleymanlıya qədərki ədəbi mənzərəyə bax: bizim 80 illik nəsrimiz Türkiyə oxucusunun mentalitetinə yaddır.

Söhbət millilikdən-zaddan getmir.

İfadə tərzi də daxil olmaqla, bir çox ədəbi mexanizmlər Türkiyəli oxucu üçün tərs gəlir.

Məsələn, ən populyar yazıçılarımızdan olan İsa Hüseynovun “Yanar ürək” romanı Türkcəyə tərcümə edilsə, heç kim heç nə başa düşməyəcək.

Çünki o romandakı hadisələr əsasən raykom katibinin ətrafında cərəyan edir. Biz raykomun nə olduğunu bu günkü Azərbaycan gənclərinə izah edə bilmirik - burda nə anlayacaqlar?

İSA HÜSEYNOVUN “YANAR ÜRƏK” ROMANI TÜRKCƏYƏ ÇEVRİLSƏ, HEÇ KİM HEÇ NƏ BAŞA DÜŞMƏYƏCƏK"

M.Ə. Ancaq Aytmatovu sevirlər. Demək, dediyin şərtin böyük önəmi var.


A.A. Ancaq məncə, “İdeal” burda oxuna bilər.

Oxucu bir əsəri oxuyarkən, hər şeydən əvvəl, vaxtını səmərəli şəkildə dəyərləndirmək və əsərdən zövq almaq istəyir. Teatra gedənlərin hamısı tamaşaya professional gözlə baxanlar deyil ki?

Azərbaycan ədəbiyyatından burada çap edilən əsərlərin geniş oxucu kütləsi arasında yayıla bilməməsinin əsas səbəbi oxucunun identifikasiya yarada bilməməsi ilə bağlıdır.

M.Ə. Türk oxucusu bu identifikasiyanı Çingiz Aytmatovun əsərlərini oxuyanda rahatlıqla yarada bilir.

A.A. Nihal Atsızdan da qabaq Türkiyədə Orta Asiya, Sibir, Göytürklər, Türklərin qədim adət-ənənələrini canlandıran əsərlər yazılırdı.

Yəni, Aytmatovun əsərlərinin geniş oxucu kütləsinə çatması üçün bir atmosfer var. 2 il qabaq mənə bir kitab gətirdilər.

Yazarının uzun illər Azərbaycanın polis sistemində işlədiyini və detektiv təcrübəsi olduğunu dedilər. Kitabın Türkiyədə çapını və əsərin ssenarisi əsasında TV-də detektiv serial çəkilməsini istəyirdilər.

Bundan sonra isə Türk TV-lərindəki bir neçə detektiv serialı Azərbaycan mənşəli etmək planlarının olduğunu bildirdilər. Serialı bir tərəfə qoyun, heç o kitablardan bir seriyalı film də çıxmazdı.

Çünki ordakı hadisələr, ordakı qorxular -məsələn, Bakıda bir adamın yol polisindən çəkinməsi - bunlardan bir hekayə yazıla bilər.Ordakı davranışlar bütün parametrləri ilə burdan fərqlidir.

Anarın “Molla Nəsrəddin-66” əsəri mənim ən çox sevdiyim kitablardan biridir, ancaq o kitabın burada çap edilməsi heç nə ifadə etməyəcək.

M.Ə. Sən “Ağ qoç, qara qoç”u çevirdin - ədəbi dairələr maraqla qarşıladı...

A.A. “Ağ qoç, qara qoç”dakı fəlsəfi dərinlik, mücərrədlik burada oxucunun da diqqətini cəlb etdi.

Anarın özünə də demişdim: əgər bu əsərin üzərində işləmək üçün imkan olsa, gözəl bir roman olacaq.

”Dantenin yubileyi”nin də mayası burada tutdu, çünki o əsərin mövzusu beynəlmiləl idi. Feyzulla Kəbirlinski kimi yaşlanmış, ancaq sənətdə heç bir başarısı olmayan aktyoru hər yerdə görə bilərsiniz.”Dantenin yubileyi”ni kinoya da çəkdilər - baş rolu Ferhan Şensoy oynadı.

Bunları düşünmədən “Mənim də Türkiyədə kitabım çıxsın” məntiqi ilə burada kitabı çıxan bir çox adam var.

Məni bağışla Mais, bunları görəndən sonra rusların “literaturnıy xlam” sözü yadıma düşür.

O kitabları görəndən sonra mən də deyərəm ki, Azərbaycan ədəbiyyatı oxunulası deyil. Bir də kitab çıxaranlar özlərinə qətiyyən haqq etmədikləri epitetləri yapışdırırlar. Uzun illər “Kommunist” qəzetində işləyən bir adamın..

M.Ə. Əli İldırımoğlu...

A.A. ...türkcə çıxan kitabını gördüm. Kitabın arxasında yazılıb ki, müəllif ömrünü Sovet İttifaqına qarşı mübarizəyə həsr edib. Bir müəllifin kitabının arxasına bunu yazmaq nə qədər gülüncdür?

Ən azı ona görə ki, Türkiyədə sosializmin düşmənləri olduğu kimi, dostları da var.Bunlar bazarın qaydalarını da düşünə bilmirlər.

TÜRKİYƏDƏ KİTAB BURAXMAQLA İŞ BİTMİR

M.Ə. Sən Vaqif Səmədoğlunun kitabını tərcümə etdin. Şair kimi Vaqif burada necə təsir buraxdı? Şairin bir ölkədə tanınması işi kitab tərcüməsi ilə bitirmi?

A.A. Vaqifin kitabını çoxdan tərcümə etmək istəyirdim.

Məndə olmayan kitabını Anar verdi və çox sürətlə çevirdim. Ancaq sənin də dediyin kimi, burada iş kitabı tərcümə etməklə bitmir. Hər şeydən əvvəl, kitabı yüksək səviyyədə çevirmək lazımdır.

Kitabın Bakıdakı təqdimatında dedim ki, Türkiyədə çıxan bir kitabın Bakıda tanıdılması anormal bir işdir. Çünki kitab Türkiyədə çıxıbsa, onun tanıdılması da burada olmalıdır.

Türkiyədə hər il 26 min adda kitab çıxır. Buraya ikinci baskılar daxil deyil. 26 min kitabın arasında hansısa azərbaycanlı yazarın və ya şairin kitabını tapmaq asan deyil.Çünki 26 min kitabın arasında 500-600 kitabın reklamı ön plana çıxır.

Azərbaycanın layiqli qələm sahiblərinin kitabları da bu yolla tanıdılmalıdır.

M.Ə. Burada kitab çıxaran nəşriyyatların da önəmli rolu olmalıdır.Çünki nəşriyyatlar yaxşı satılan kitabların reklamına da həvəslə yanaşırlar.

A.A. Bu işdə Vaqifin özünün də təşəbbüsü olmalı idi. Kitab bir neçə il qabaq çıxıb, ancaq o vaxtdan bəri mən Vaqifi görməmişəm. Kitabın mətbəə xərcini ödədik.

Bir dostumuz kitaba illustrasiya çəkdi. Bu vəziyyətdə kitabı çıxara bildik. Ancaq bu, hər kəsə qismət olmur, çünki kitabın çıxması üçün xərclər böyükdür.

M.Ə. Kitabın oxunma reytinqi ilə bağlı məlumat toplaya bildinmi? Oxucuların rəyi necə idi?

A.A. Kitabın bazara gəlməsindən 5-10 gün sonra Azərbaycan ədəbiyyatından xəbərdar olan insanlar məni təbrik etdilər.

Vaqifi mənim sürətlə tərcümə etməyimin əsas səbəblərindən biri onun əsərlərinin 60-cı illər Türk şeirinin önəmli nümunələrindən çox da fərqlənməməsi idi. Türkiyənin yazılı mətbuatında Vaqifin kitabı ilə bağlı 2 məqalə çıxdı. TV-lər isə bu kitabdan bəhs etmədi.

Ancaq Vaqifin kitabını bir az təbliğ etmək mümkün olsaydı, bundan Azərbaycan ədəbiyyatı qazanacaqdı.

M.Ə. Sabir Rüstəmxanlının burada kitabları çıxıb, ancaq o da Türkiyədə az tanınmaqdan şikayətçidir.

A.A. Bakıdakı təqdimat mərasimində Sabir Rüstəmxanlı da çıxış edib dedi ki, Türkiyədə 7-8 kitabım çıxıb, ancaq oxucum azdır. Sabir dedi ki, burada kitabının ilk baskısı 1000 nüsxə olub, bunun 800-nü Bakıya göndəriblər.

Əslində isə burada çıxan kitab buranın oxucusuna çatmalıdır.Sabirin şikayəti haqlı idi.Amerikanın zəif yazıçılarını gətirib Türkiyədə çap etsəniz, burada amerikan ədəbiyyatı ilə bağlı da mənfi təsəvvür yaranar.

Kitab almaqla CD və ya kaset almaq bir deyil. Kitabı istədiyin yerdə tapa bilmirsən. Oxucuya tanıtmaq üçün də kitabın ciddi reklama ehtiyacı vardır.

BÜLƏNT ECEVİT ÖRNƏYİ

M.Ə. Və ya dramaturgiyanı götürək. Türkiyədə Hüseyn Cavidin pyeslərinin tamaşaya qoyulmasından təbii heç nə ola bilməz. Ancaq baxıb görürsən ki, cəmisi bir gecə oynanan tamaşa üçün Bakıdan bir təyyarə artist gətirilir.

Bir gecəlik pyeslərin tamaşaçıları da teatr salonuna “xala xətrin qalmasın” gələn tamaşaçılar olur.

A.A. Mən “tanıtma”- deyəndə ədəbiyyatın bütün sahələrini nəzərdə tuturam.

Çıxan yaxşı kitablardan tanınmış qələm sahiblərinə, mediaya,yarmarkalara göndərmək lazımdır. Bülent Ecevit mənim tanıdığım ən yaxşı şairlərdən biri idi. Xüsusilə, 60-70-ci illərdə yazdıqları.

Ancaq sən də bilirsən ki, Ecevitin bircə dənə şeir kitabı çıxmışdı.

Bir də həyatının sonuna doğru xəstə olanda ona ərməğan kimi bir kitabını buraxmışdılar.

Əgər Ecevit baş nazir olduğu vaxt şeir kitabı çıxarsaydı, bəlkə 2 milyon dollar pul qazanardı.

Şeir kitabını ona yaltaqlanmaq üçün yox, Eceviti insan və şair kimi tanımaq üçün alacaqdılar.

Ancaq Ecevitin özü də tarixdə şair yox, siyasətçi kimi qalmaq istədi.Həm dövlət işində yüksək vəzifə tutmaq, həm də roman yazmaq - öhdəsindən gəlinməsi son dərəcə çətin işdir.

M.Ə. Xatırlatmaq üçün deyim ki, Qaz zavodunun rəisi Hüseynbala Mirələmov da Türkiyədə bir neçə kitab çıxarıb.

A.A. Mən oxucu kimi onların kitablarını almıram - burası məlumdur. Ancaq bu adamlar, məsələn, baş nazirin müavini və ya Qaz zavodunun rəhbəri kimi dövlətin işlərini yüksək keyfiyyətlə yerinə yetirmək məcburiyyətindədirlər.

Həm roman yazmaq, həm də dövlət işində başarılı olmaq mümkün ola bilməz.

M.Ə. Türkiyədə dövlət işində uzun müddət işləyən bir adamı toplum qətiyyən yazıçı kimi qəbul etməz.

Müğənni, bəstəkar və köşə yazarı Zülfü Livaneli keçən dönəm CHP-dən millət vəkili idi, ancaq Zülfü siyasətin o baş gicəlləndirici atmosferinin içində bir dönəm qala bildi. İndi Atatürklə bağlı əla film çəkib.

Türk toplumu heç vaxt Zülfünün millət vəkilliyini xatırlamayacaq, o, toplum üçün bir sənər adamıdır.”Vətən” qəzetindəki köşə yazılarına da davam edir.

A.A. Yaradıcı insan toplumdakı fərqini göstərə bilməlidir. Bir kresloda illərlə oturmaq - yaradıcı adamın yox, məmurun işidir.

M.Ə. Və ya Orhan Pamuk gedib Harvardda dərs deyir.

Orada Türkiyənin dövlət yapısını tənqid edir. Azərbaycan yazıçısı Türkiyəyə gələn kimi, ölkənin nailiyyətlərindən danışmağa başlayır. Qərbdə olduğu kimi, Türk toplumunda da bunun qəbul edilməsi mümkün deyil.

Və ya başqa ölkələrin din xadimləri buraya gəlib Allahdan, kitabdan danışanda Şeyxülislam öz prezidentini tərifləyir.

Anarın 90-cı illərin əvvəlində İstanbuldakı Memar Sinan universitetində dərs deməsi sevindirici idi.

A.A. Azərbaycandakı qələm sahibinin bu cür davranışları kölə psixologiyasından irəli gəlir. Sovet vaxtındakı hesabat vermə ənənəsi müstəqil Azərbaycana da sıçrayıb.

M.Ə. Azərbaycan yazıçılarını universitet tələbələrinin qabağında ədəbiyyat barədə danışarkən görmək mənim arzularımdan biridir. Türk tələbəsi ilə həmsöhbət olmağın zövqü başqadır.

A.A. Azərbaycanın prezidenti başqa ölkəyə gedəndə öz ölkəsində gördüyü işləri sayır. Bu, onun getdiyi ölkənin insanlarını maraqlandırmır.

TÜRKİYƏDƏ DOKTORLUQ ALAN AZƏRBAYCAN YAZIÇISI PREZİDENTİNİ TƏRİFLƏYİR

M.Ə. Universitet bir yazıçıya fəxri doktorluq verir - o da kürsüyə çıxıb Azərbaycanın tərəqqisindən danışır.

A.A. Burada o cür söhbətləri dinləyən yoxdur.Çünki sərbəst mühitdə bir insan başqasını öz qəlbinin kriteriyalarına görə sevir.

1937-dən sonra Azərbaycanda iqtidar ədəbiyyatı böyük ölçüdə öz nəzarəti altına alıb.

Buna görə də yazıçı və şairlərimiz bohem və sərbəst yaşayış anlayışından tamamilə uzaqlaşıblar.

Nabokovun rus ədəbiyyatı barədə iki kitabı var - bu kitablar mühacirətə gedəndən sonra Nabokovun universitetlərdə oxuduğu mühazirələrindən ibarətdir. O kitabları oxuyanlar bir an əvvəl Dostoyevskini, Tolstoyu oxumağa can atırlar.

Gör yazıçının sərbəst düşünə bilməsi ölkəyə necə faydalı olur! Orhan Pamukun dünya görüşünü bəyənməyə bilərsiniz, ancaq onun Harvardda Türk ədəbiyyatı barədə oxuduğu mühazirələr Türkiyə üçün son dərəcə dəyərlidir.

Bu baxımdan mən də Anarın yenidən İstanbuldakı universitetlərin birində dərs deməsini ürəkdən arzulayıram. Anar Türkiyənin ədəbi dairələrində yaxşı tanınan və hörmət edilən Azərbaycan yazıçısıdır.

M.Ə. Sən Kamal Abdullanın “Sehrbazlar dərəsi” adlı romanını da türkcəyə çevirdin. Məncə, əsərləri son 5-6 ildə Türkiyədə çap edilməyə başlayan Kamal da burada rəğbət gördü. Həmfikirsənmi?

A.A. Məndən qabaq Kamalın “Yarımçıq əlyazma” romanı çap edilmişdi - onun da reytinqi qənaətbəxş idi. ”Sehrbazlar dərəsi” satışa çıxandan 1 ay sonra mən təxmini satışla maraqlandım.

1000 nüsxədən ibarət olan ilk baskının təxminən 600 ədədi birinci ayda satılmışdı ki, bu da satış baxımından yaxşı göstərici sayıla bilər. Mən vaxt keçdikcə Kamal Abdullanın Türkiyədə daha çox tanınacağına və oxunacağına inanıram.

Kamalın Qərbdə də başarılı olma potensialı böyükdür, ancaq bunun önündəki ən böyük əngəl Kamalın rektorluq vəzifəsi ola bilər.

Çünki Qərb kriteriyalarına görə, yazıçının çörəyi qeydsiz-şərtsiz onun əsərlərindən çıxmalıdır.

Yazıçının bir qəzetdə köşə yazarı və nəşriyyatda müşavir olması onun yüksək dövlət vəzifəsi tutmasından min qat yaxşıdır.
XS
SM
MD
LG