Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

İranda müxalifəti cəzalandırmaq tələbi ilə mitinq


İranda on minlərlə hakimiyyət tərəfdarı ölkənin müxtəlif şəhərlərində küçələrə axışaraq müxalifət liderlərinin cəzalandırılmasını tələb ediblər

Dövlət mediasının verdiyi xəbərə görə, İranda on minlərlə hakimiyyət tərəfdarı ölkənin müxtəlif şəhərlərində küçələrə axışaraq müxalifət liderlərinin cəzalandırılmasını tələb ediblər.

İran hökuməti də ötən şənbə və bazar günləri keçirilmiş hökumət əleyhinə mitinqlərə görə Qərb ölkələrini ittiham ediblər. Həmin mitinqlərdə rəsmilər polislə qarşıdurmada səkkiz adamın öldürüldüyünü etiraf ediblər.

İranın Xarici İşlər nazirinin sözçüsü Ramin Mehamnpərəst dekabrın 29-da keçirdiyi brifinqdə deyib ki, onlar Britaniyanın İrandakı səfirini Nazirliyə çağırıb Tehranın etirazını ona çatdırıblar.

Britaniyanın Xarici İşlər naziri David Miliband İranda müxalifət fəallarının cəsarətini alqışladığını bildirmişdi.

İranın Xarici İşlər naziri Manuçehr Möttaki isə bu gün Somalinin Xarici İşlər naziri ilə keçirdiyi mətbuat konfransında britaniyalı həmkarına hədə ilə cavab verib:

«Britaniya İran əleyhinə cəfəngiyatını dayandırmalıdır. Yoxsa, cavab olaraq, ağzından vurulacaq».

Qərb ölkələri isə bu hadisələrdə əlləri olması barədə ittihamları rədd edir, Tehranı dinc mitinqçilərə divan tutmaqda ittiham edirlər.

İran parlamentinin spikeri Əli Laricani

Dünən ABŞ prezidenti Barak Obama da İranda öz hüquqları uğrunda mübarizə aparan insanların gec-tez qalib gələcəklərini deyib:

«Başqa azad ölkələr kimi ABŞ da universal hüquqlarının təmin olunması üçün mübarizə aparanların yanındadır. Biz İran hakimiyyətini öz xalqının hüquqlarına hörmət edəcəyinə dair beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Biz İranda haqsız yerə tutulan bütün məhbusların dərhal azad edilməsini tələb edirik. Biz bundan sonra da baş verənləri yaxından izləyəcəyik. Tam əminəm ki, ədalət axtaranlar əvvəl-axır bu istəklərinə çatacaqlar».

İran parlamentinin spikeri Əli Laricani də bu gün parlamentdə çıxışında müxalifət liderlərinin cəzalandırılmasını tələb edib:

«İran parlamenti Daxili İşlər Nazirliyinin, Kəşfiyyat Nazirliyinin inqilaba qarşı olan qüvvələrin həbs edilərək heç bir mərhəmət göstərmədən cəzalandırılmasını tələb edir.

İndiyə qədər müxalifətin tanınmış fiqurlarından azı 18 nəfəri həbs olunub. Son bir neçə gündə həbs olunanların sayının ümumilikdə 300 nəfəri keçdiyi haqqında məlumatlar var. Onların arasında prezidentliyə namizəd olmuş müxalifət lideri Mir Hüseyn Musəvinin üç köməkçisi, ögey qardaşı və Nobel Mükafatı Laureatı Şirin İbadinin bacısı da var».

Rəsmilər Şirin İbadinin bacısının həbs olunması xəbərini inkar ediblər. Amma İbadi özü bacısının bazar ertəsi axşam evindən aparıldığını bildirib.
XS
SM
MD
LG