Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

Narkotik jurnalistin ayaqqabısından və gödəkcəsinin astarından çıxarılıb


Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib
Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib
Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astar hissəsindən 0,223 qram heroin, digər məhkum Şahin Şəmsiyevin isə cibindən 0,81 qram heroin aşkarlanıb.

Bu barədə AzadlıqRadiosuna Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. O, bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində dustaqlardan 5 nəfərinin üzərində axtarış keçirilərkən heroin tapılıb.

M.Sadıqov deyir ki, Qaradağ rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Araşdırma nəticəsində narkotik maddələrin cəzaçəkmə müəssisinə keçirilməsi və digər məsələlər müəyyənləşdiriləcək.

EYNULLA FƏTULLAYEVİN KAMERASINDAN HEROİN TAPILIB

Dekabrın 29-da səhər saat 10 rədələrində həbsdə olan jurnalist Eynulla Fətullayevin kamerasından 0,22 qram heroin tapılıb. Bu barədə AzadlıqRadiosuna onun atası Emin Fətullayev məlumat verib.

O, ciddi rejimli cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsinin qeyri-mümkün olduğunu və bu hadisənin əvvəlcədən planlaşdırdığını bildirib:

«Dekabrın 30-da ekspertlər ondan narkotik istifadəçisi kimi analiz götürəcəklər. Bu əvvəlcədən quraşdırılmış işdir. Əsas məqsədləri Eynullanı Avropa Məhkəməsində baxılan işinin yekunlaşması ərəfəsində yenidən həbsə göndərməkdir».

Emin Fətullayev deyir ki, iş araşdırılması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilib. Əgər Eynulla Fətullayevin təqsiri sübuta yetirilərsə onun cəzasının üzərinə 3 ilədək əlavə cəza gələcək.

Atası Eynulla Fətullayevlə görüşüb, onun sözlərinə görə jurnalist narkotikin kamerasına atıldığını deyib.

Hazırda jurnalistin vəkili onun saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindədir.

«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.
XS
SM
MD
LG