Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:25

İLİN SİYASİ MƏHKƏMƏSİ GƏNC FƏALLARIN QİSMƏTİNƏ DÜŞDÜ


İlin siyasi məhkəməsi gənc fəallar Emin Milli ilə Adnan Hacızadəyə quruldu. Gənclər bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs edildilər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olundular.
Həbslərindən iki ay sonra – sentyabrın 16-da məhkəmə qarşısına çıxarıldılar. Proses Səbail rayon Məhkəməsində iki aya yaxın davam etdi və noyabrın 11-də məhkəmənin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum olundu.

Gənc fəallar nə ibtidai istintaq, nə də məhkəmə boyu ittihamları qəbul etmədilər. Onlar həbslərinin sifarişli olduğunu iddia etdilər.

İndi gənclər bəraət almaq üçün hökmdən apellyasiya şikayəti veriblər. Nəticə gələn il bəlli olacaq.

Bir sıra yerli və beynəlxalq təşkilatlar hakimiyyətə gənc fəalları azadlığa buraxmasını tövsiyə etsə də, iki ayağını bir başmağa dirəyən hakimiyyət buna getmədi.

Vəkil Fuad Ağayevin fikrincə, gənclərin məhkəməsini ilin siyasi məhkəməsi hesab etmək üçün çoxlu əsaslar var. Bu əsaslardan biri gənclərin siyasi baxışlarında hakim partiya ilə ciddi fərqlərinin olmasıdır.

Fuad Ağayev hesab edir ki, məhz buna görə məhkəmə əvvəldən sonadək hüquq pozuntuları ilə keçdi: «Ciddi hüquq pozuntuları ilə müşayiət olunan siyasi məhkəmə bloqqerlərin məhkəməsi oldu. Əsl zərərçəkmişlərin nəinki bu statusu tanınmadı, döyülmələrinə baxmayaraq özləri də həbs edilərək cinayət təqibinə məruz qaldılar».

Fuad Ağayev hesab edir ki, bloqqerlərin məhkəməsi həm də Azərbaycan məhkəmələrindəki məzhəkələri üzə çıxardı: «Azərbaycan məhkəmələrində biabırçılıqlar çox olur, sadəcə olaraq ictimaiyyətin nəzarətində olan proseslərdə bu biabırçılıqlar daha qabarıq özünü biruzə verir. Bloqqerlərin işi də bu qəbildəndir».

PROKUROR BALALARININ «EKSTAZİ İŞİ»

İndi isə ilin başqa səs-küylü məhkəmələri haqqında. Hələ ötən ilin sonundan başlayan və «Ekstazi işi» kimi səs-küy salan cinayət işi üzrə məhkəmə prosesinə də bu il yekun vuruldu. Bu məhkəmə prosesini maraqlı edən cəhətsə müttəhimlər kürsüsündə əyləşmiş 13 təqsirləndirilən şəxs arasında sabiq prokuror övladlarının və tanınmış adamların uşaqlarının olması idi. İttihama görə, onlar həm şəxsi istifadə, həm də satış üçün Türkiyədən və Dubaydan Azərbaycana «Ekstazi» adlı psixotrop maddə gətiriblər.

Budaq Budaqovun nəvəsi, İlhamə Quliyevanın oğulluğu və daha üç nəfər 9, 10 ay müddətinə həbs cəzası alaraq məhkəmə zalından azadlığa buraxıldılar. Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov və digərləri uzun müddətli həbs cəzasına məhkum edildilər. Bakı şəhərinin keçmiş prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı isə bu hökmdən kənarda qaldı.

Çünki məhkəmənin sonuna ay yarım qalmış hakimlər Mahir Mirsalamlının xəstəliyi ilə əlaqədar barəsindəki cinayət işinin dayandırılması barədə qərar qəbul etdilər. Mahir Mirsalamlı hələ də Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur və onun məhkəmə qarşısına nə vaxt çıxarılacağı məlum deyil.

2009-CU İL ARABUL ÜÇÜN DÜŞƏRLİ OLDU


Növbəti səs-küylü məhkəmə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) prezidenti Hüseyn Arabula quruldu. Arabul bu il ikinci dəfə idi ki, Azərbaycan məhkəməsi qarşısında dayanırdı. O, ilk dəfə 2007-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadədə və dövlət əmlakını mənimsəməkdə təqsirləndirilərək 5 il şərti cəzaya və 1 milyon 370 min manat cərimə ödəməyə məhkum edilmişdi.

Məhkəmə Arabul barəsində ölkədən çıxmamaqla bağlı qərar da çıxarmışdı. Arabul Azərbaycan hökumətindən üzərindəki nəzarətin götürülməsini və ölkəsinə qayıtmaq üçün ona şərait yaradılmasını xahiş etsə də, müsbət nəticəyə nail olmamışdı.

Bu ilin iyul ayında isə o, təkrar həbs olundu. Bu dəfə istintaq orqanı Arabulu Azərbaycan sərhədindən gizli yolla Gürcüstana keçməkdə və külli miqdarda rüşvət təklif etməkdə təqsirləndirdi. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə o 2 il müddətinə azadlıqdan məhrum edildi. Gəncə Apellyasiya Məhkəməsi isə Arabul barəsindəki həbs cəzasını 2 il sınaq müddətinə cəzayla əvəz edərək onun dərhal azadlığa buraxılması barədə hökm çıxardı. Hələ üstəlik, Arabula ölkədən çıxmaq barədə qoyulmuş qadağa qərarı da ləğv olundu. Arabul azadlığa çıxandan bir neçə gün sonra Azərbaycanı tərk etdi. Bununla da hesab etmək olar ki, Azərbaycan Arabul, Arabulsa Azərbaycan adlı problemdən qurtuldu.

«GEN MMC» DÜYÜNÜ AÇILMAQ BİLMƏDİ

Bu il bir neçə tikinti şirkətinə də məhkəmələr quruldu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə qapılarını təzə mənzilə köçmək arzusu daşa dəymiş yüzlərlə zərərçəkmişin üzünə açdı. Bu şirkətlər arasında «GEN MMC»nin məhkəməsi xüsusilə diqqət çəkən oldu.

Şirkət rəhbərliyinin aldatdığı vətəndaşların sayı 400 nəfərə yaxındır. 10 nəfərin məhkəməsi 8 aya yaxındır ki, davam edir. Bu müddət ərzində pullarına tez qovuşmaları üçün məhkəmə prosesinin də tez yekunlaşmasını istəyən zərərçəkmişlər dəfələrlə aksiyalar, mətbuat konfransları keçirdi. İlin sonuna bir neçə gün qalmış hamı dövlət ittihamçısının təqsirləndirilənlərə cəza istəyəcəyini gözləsə də, gözləntilər boşa çıxdı. Prokuror məhkəmə prosesində bəzi məqamlara aydınlıq gətirilmədiyini əsas gətirərək məhkəmə istintaqının təzələnməsinə dair vəsatət verdi. Zərərçəkmişlərin kəskin etirazlarına baxmayaraq hakim vəsatəti təmin etdi.

Zərərçəkmişlərin nümayəndəsi Vidadi İskəndərlinin sözlərinə görə, hakim və prokuror prosesdə adları rüşvətdə hallanan məmurlarla bağlı ifadələrin üstündən sükutla keçib:

«Elbrus Əliyev məhkəmə prosesində üç icra başçısının və onlarla məmurun adını hallandırdı ki, həmin şəxslərə rüşvət verib. Amma məhkəmə buna reaksiya vermədi. Ümumiyyətlə, «GEN MMC» şirkətinin işi ilə əlaqədar məhkəmə prosesi onu göstərdi ki, faktiki olaraq Azərbaycanda məhkəmə sistemi müstəqil deyil, korrupsiyaya uğramış orqanlardan biridir».

MƏRKƏZİ BANKI KİM YARIB?!

İlin məhkəmələrindən biri də Mərkəzi Bankdan müəmmalı şəkildə yoxa çıxmış 7 milyard AZM-lə (1.400.000 AZN) bağlı oldu.
Məhkəmə buna görə bankın şöbə rəisi ilə bir neçə xəzinədarını mühakimə etdi.

Proses başlayan gündən təqsirləndirilənlər bu məbləğdə pulun Mərkəzi Bankdan aşağı çinli şəxslər tərəfindən çıxarılmasının qeyri-mümkünlüyünü iddia etdilər. Cinayətkarı bankın yuxarı təbəqələrində axtarmağı məsləhət gördülər. Onlar həmin məbləğin yuxarı səviyyədə mənimsənildiyini, nəticədə məsuliyyətin onların üzərinə atıldığını iddia edirdilər. Təqsirləndirilən şəxslərin Mərkəzi Bank rəhbərlərinə qarşı ittihamedici çıxışlarının mətbuata çıxmasından narahat olan hakim göstəriş verdi ki, jurnalistlər prosesə buraxılmasınlar.

MƏHKƏMƏ «ƏBU BƏKR»İ PARTLADANI ÜZƏ ÇIXARA BİLMƏDİ


Bu il daha bir məhkəmə 2008-ci ilin avqustunda «Əbu-Bəkr» məscidində törədilmiş partlayışa görə quruldu. 26 nəfər məhkəmə qarşısına çıxarıldı. Bir neçə ay davam edən məhkəmə prosesində məscidin konkret kim tərəfindən partladılması müəyyənləşmədi. Elnur Bəşirov məhkəmədə ifadə verdi ki, MTN-də ona verilən işgəncələr nəticəsində guya məscidi partladan şəxsi görməsi barədə ifadə verib. O, məhkəməyə məsləhət gördü ki, bu işdə günahı olmayanları mühakimə etməkdənsə, məscidi partladanı müəyyən etsinlər. Çünki o cəzasız qaldıqca çox partlayışlar törədə bilər.

«YANAN DA MƏN, YAMAN DA MƏN»

Və nəhayət, ilin səs-küylü məhkəmələrindən biri də Bakıdan Xaçmaza daş apararkən Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən amansızcasına döyülmüş sürücüyə quruldu. Mehman Əmirquliyevin döyülməsi ilə bağlı ortada olan danılmaz fakta – videogörüntüyə baxmayaraq məhkəmə onun özünü mühakimə edərək 3 il müddətinə şərti azadlıqdan məhrum etdi. Məhkəmə zalından azadlığa buraxılan sürücü onu döyən müfəttişlərin cəzalandırılması üçün əlindən gələni edir. Ancaq heç nəyə nail olmur.

Sürücünün müdafiəsinə qoşulanlardan biri Vidadi İskəndərli deyir ki, məhkəmə prosesi qanun pozuntuları ilə keçib: «Hadisəni təsvir edən videogörüntülər ola-ola, faktiki zərərçəkmiş şəxs cəza aldı, cinayət törətmiş şəxslər isə zərərçəkmiş oldular».

2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin yeni binasının tikintisinə də start verildi. Zabrat-Kürdəxanı yolunda tikilən yeni məhkəmə binasının gələn il istifadəyə veriləcəyi gözlənilir.
XS
SM
MD
LG