Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

«Ölülər»in finalında səhnəyə «Quran» gəlir


Azərbaycan Milli Dram Teatrı
Azərbaycan Milli Dram Teatrı
Azərbaycan Milli Dram Teatrında bir müddətdir klassik əsərlər əsasında hazırlanan tamaşalar göstərilmir. Teatrın direktor müavini Azər Mirzəyev deyir ki, səbəb teatr binasının təmirə dayanmasıdır. Təmirə görə teatr əsasən yüngül dekorasiyalı tamaşaları digər teatrların səhnələrində oynamağa məcburdur.

«QATİL»DƏN «XƏCALƏT»Ə QƏDƏR

Milli Dram Teatrının afişasında indi İlyas Əfəndiyevin «Dəlilər və ağıllılar», Əli Əmirlinin «Varlı qadın», Elçinin «Qatil», Əjdər Olun «Son məktub», Hüseynbala Mirələmovun «Xəcalət» əsərlərinə rast gəlmək olar. Dekorasiya problemlərinə görə repertuardan çıxarılan əsərlər arasında Cəlil Məmmədquluzadənin «Ölülər» əsəri də var. Azər Mirzəyev deyir ki, teatrın «Ölülər»ə fasilə verməsi son illər Azərbaycanda İslam dininə kütləvi qayıdışla bağlı deyil.

«ÖLÜLƏR»Ə RƏĞBƏTİM VAR»

Teatr rəhbərliyinin sözünə qüvvət, elə dini icma liderləri də özlərini Cəlil Məmmədquluzadənin hədəf qrupu kimi görmürlər. Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin başçısı İlqar İbrahimoğlu deyir ki, əsərdə cəhalət, İslam dinindən istifadə edən yalançı dindarlar hədəfə alındığından gerçək müsəlmanlar «Ölülər»ə rəğbətlə yanaşır:

- Mirzə Cəlilin irsinin düzgün araşdırılıb-araşdırılmaması ilə bağlı özüm üçün araşdırma apardığımdan 1 il öncə Milli Dram Teatrının səhnəsində «Ölülər»ə baxdım. Açığı, aktyor oyununu bəyəndim. Tamaşada inanclı insanların heysiyyətinə toxunacaq məqam görmədim.
İlqar İbrahimoğlu
Bu əsərlər mütləq tamaşaya qoyulmalıdır, cəmiyyətdə klassik əsərlərdə hədəfə alınan problemlərlə bağlı müzakirələr də getməlidir. Mən burada tabuluq məqam görmürəm.

«Əbu-Bəkir» məscidinin axundu Qamət Süleyman da Mirzə Cəlilin «Ölülər»ini səhnədə görməyi arzulayanlar sırasındadır. Onun sözlərinə görə, əsərin baş qəhrəmanı Kefli İsgəndərin dilindən səslənən sözlər İslama deyil, öz xırda məqsədləri üçün dindən yararlananlara yönəlib.

CAHİLLİK ƏLAMƏTİ


Teatr repertuarlarından Mirzə Cəlilin, Mirzə Fətəli Axundovun, Hüseyn Cavidin əsərlərinin çıxarılmasına yazıçı, millət vəkili Sabir Rüstəmxanlının münasibəti birmənalı mənfidir. Yazıçı bildirir ki, klassik əsərlərin repertuardan çıxarılması üzrə bütün səbəbləri bəhanə sayır:

- Dünyada elə şah əsərlər var ki, onlar sistemlərə, quruluşlara, ölkəni kimlərin idarə etməsinə bağlı deyil. Bu əsərlər keçmişin reallıqlarını əks etdirdiyindən onlara bü günün gözü ilə baxmaq yanlışdır. Mirzə Cəlilin, Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Cəfər Cabbarlının əsərləri səhnəyə qoyulmalıdır. Bu gün müəyyən bəhanələrlə o əsərləri kənara qoymaq cahillik əlamətidir. O zaman belə çıxır ki, biz Mirzə Cəlil dövründən də, Mirzə Fətəli dövründən də geriyə getmişik. 150 il öncə Mirzə Fətəli deyirdi ki, mən bütün dinləri puç və əfsanə hesab edirəm. O, bu fikrini cəsarətlə deyə bilirdi. Bu gün cəhalət 150 il öncəkində daha kəskin şəkildə ortaya çıxır, insanların azad düşüncəsinin üzərinə yeriyir. Bu səbəbdən cəmiyyətin bu əsərlərə ehtiyacı xüsusilə çoxdur.

Sabir Rüstəmxanlı deyir ki, əslində problem bu əsərlərə yeni yanaşma tərzinin olmamasındadır.
Ağalar Məmmədov
Onun fikrincə, teatrlarda bu əsərləri bugünün tamaşaçısına çatdıra bilən rejissor və aktyor qıtlığı var.

MİRZƏ CƏLİLİ REDAKTƏ?

Filosof Ağalar Məmmədov isə «Ölülər»ə baxandan sonra bir daha baxmamaq qərarına gələnlərdəndir:

- Mən «Ölülər»in son səhnə variantını izləmişəm. Əsərin sonunda səhnənin yuxarısından nur içində «Quran» enməyə başladı. Bu, Mirzə Cəlili anlamamaq deməkdir. «Ölülər» Azərbaycan xalqının sosial diaqnozudur. Biz yazarlar dar çevrədə neçə Şeyx Nəsrullah tanıdığımızı, Kefli İsgəndərin prototipinin kim olduğunu deyə bilirik. Rejissorlar üçün isə bu, xeyli dərəcədə çətindir. Mən çox sevinirəm ki, klassik əsərlər səhnədə yoxdur. Bir var onları əyib, büküb təhrif edib, ortaya çıxarasan, bir də var onlara toxunmayasan. Məncə, Mirzə Cəlilin prototiplərinin bu əsərləri səhnələşdirməsi gərək deyil.

Ağalar Məmmədov deyir ki, bu əsərlər kütləviləşdiriləndə o əsərlərdəki dəyərlər də, onları yazan böyük maarifçilər də adiləşir. Onun sözlərinə görə, indiki cəmiyyət 100-150 il əvvəlki Azərbaycan cəmiyyətindən ciddi fərqlənmədiyi üçün bu əsərlərin səhnəyə gətirilməməsi qəribə görünmür.

Həmçinin oxu!

TÜRKİYƏDƏ ÇAP OLUNAN QƏRİBƏ AZƏRBAYCAN TARİXİ

XS
SM
MD
LG