Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

«Eynulla Fətullayevə açılan yeni iş sifarişlidir»


Arzu Abdullayeva
Arzu Abdullayeva
- Biz həm Azərbaycan daxilində, həm xaricdə nə qədər imkanlar varsa hamısından istifadə etmişik və fəxrlə deyirdik ki, dünyada elə bir vacib struktur qalmayıb ki, Eynulla ilə bağlı öz münasibətini bildirməsin. Amma çox təəssüflər olsun ki, bunun nəticəsini görmürük.

Hüquq müdafiəçisi Arzu Abdullayeva belə deyir. O bildirir ki, Eynulla Fətullayevlə bağlı son hadisə bugünədək saxta ittihamlara qarşı işə salınan bütün mexanizmlərin təsirsiz olduğunu göstərdi.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru, hazırda həbsdə olan Eynulla Fətullayevə qarşı yeni cinayət işi qaldırılıb. Dekabrın 29-da Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0,223 qram heroin tapılıb. Fətullayev həmin maddənin kimə məxsus olduğunu bilmədiyini deyib.

Bütün bunlar Avropa Məhkəməsində Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrə olduğu bir vaxtda baş verib. Hüquqşünas İntiqam Əliyev deyir ki, Avropa Məhkəməsinin baş redaktorla bağlı qərarının pozitiv olacağı şübhə doğurmur. Hüquqşünasa görə, gözlənilən bu qərar jurnalistin digər ittihamlar üzrə də azadlığa buraxılması üçün əsas olmalıdır:

«AVROPA MƏHKƏMƏSİNİ MƏLUMATLANDIRMAQ LAZIMDIR»

- Mən hesab edirəm ki, narkotiklə bağlı işdə çoxlu qaranlıq məqamlar var. Amma indiki şəraitdə istintaqın nə dərəcədə obyektiv aparılması ilə bağlı bu ölkədə insan haqlarına yaxından bələd olan insan kimi şəxsən məndə çox ciddi şübhələr var. Düşünürəm ki, bu barədə Avropa Məhkəməsini məlumatlandırmaq lazımdır.

Baş redaktorun vəkili İsaxan Aşurov da yeni cinayət işi ilə bağlı Avropa Məhkəməsini məlumatlandıracağını deyir.

İntiqam Əliyev
Arzu Abdullayevanın sərdlik etdiyi İfadə Azadlığı Müdafiə Komitəsi isə Avropa Məhkəməsinə müraciət hazırlayır:

- Eynulla Fətullayevə qarşı açılan yeni iş Avropa Məhkəməsinin qərarı ərəfəsində təşkil olunmuş sifarişli işdir. Və biz xahiş edirik ki, bu iş onun birinci işinə əlavə olunsun, birgə baxılsın.

Hüquqşünas Fərhad Mehdiyev deyir ki, yerli instansiyalardan keçmədən işin Avropa Məhkəməsinə çıxarılması perspektivinə şübhə edir:

- Belə bir istək uğursuz alınacaq, çünki Avropa Məhkəməsinə müraciət etmək üçün hüquq pozuntusu ilə bağlı daxili instansiyalar keçilməlidir. Yəni narkotik maddə ilə bağlı ittiham daxili məhkəmələr tərəfindən işlənməlidir.

Amma Fərhad Mehdiyev də bu fikirdədir ki, Avropa Məhkəməsi Eynulla Fətullayevin işinə baxan zaman ona qarşı qaldırılmış yeni cinayət işini də nəzərə alacaq.

İNSAN HAQLARINI POZAN MƏMURLARI ÖLKƏLƏRİNİZƏ BURAXMAYIN!

Amma ümidlər təkcə Avropa Məhkəməsinə deyil. İfadə Azadlığını Müdafiə Komitəsi dünya dövlətlərinə müraciət edib, insan haqlarını pozan məmurları ölkələrinə buraxmamağa çağırır. Amma komitə üzvləri istəyir ki, viza problemi sadəcə şəxsi səfərlərə aid edilsin ki, dövlət maraqlarına ziyan dəyməsin.

Fərhad Mehdiyev
Amma siyahıda kimlərin adları olacaq, bu, hələ bəlli deyil. Arzu Abdullayeva deyir ki, Komitə bu məsələnin üzərində işləyəcək. O vaxta qədərsə:

– Beynəlxalq təşkilatla bizim komitə arasında dialoq başlayacaq.

Azadlıq Radiosunun «İşdən sonra» proqramında dinləyicilərin suallarına cavab verən Arzu Abdullayeva bu prosesin yaxın zamanda nəticə verəcəyinə ümidli olduğunu deyib:

- Dialoq artıq başlayıb.

- Nəticə verəcəkmi?

- Mütləq verəcək.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib. «Beynəlxalq Amnistiya» təşkilatı onu vicdan məhbusu elan edib.

Eynulla Fətullayevə qarşı narkotik maddə ilə bağlı yeni cinayət işi təsdiq olunarsa baş redaktoru daha 3 ilə qədər həbs gözləyir.
XS
SM
MD
LG