Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

«Mənim ərim nə dəlidir, nə də xəstə…»


Culfa Polis Şöbəsi
Culfa Polis Şöbəsi
«Mənim ərim nə dəli olub, nə də xəstə. Heç içkili vəziyyətdə də olmayıb. Mənim ərim heç başqa vaxtlar araq içməyib, o da qala Məhərrəmlikdə içsin. Ərimin anası, dayıları da xəstə olmayıb…»

Bunu Bənənyar hadisələri vaxtı polis şöbəsi qarşısında etiraz əlaməti olaraq özünü yandıran Yunis Əliyevin həyat yoldaşı deyir.

YENƏ RUHİ XƏSTƏLİK DAMĞASI?

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi isə Yunis Əliyevin, anasının və dayılarının ruhi xəstə olduğunu iddia edir. Daimi nümayəndəliyin yaydığı məlumatda o da qeyd edilir ki, Yunis Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq Cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs onu sərxoş vəziyyətə gətirərək qeyri-qanuni hərəkətlərə təşviq edib. Məqsəd də kənddə fəaliyyəti dayandırılan yöndəmsiz köşklərin açılmasına nail olmaqdır.

XALQ CƏBHƏSİNƏ QARŞI TƏXRİBAT?

AXCP Naxçıvan Təşkilatının sədri Asəf Quliyev isə daimi nümayəndəliyin məlumatını «təxribat» adlandırıb. O deyib ki, Xalq Cəbhəsinin silahlı dəstəsi yoxdur və indi heç buna ehtiyac da görmürlər:

«Xalq Cəbhəsi yalnız ötən əsrin 90-cı illərində silahlı dəstələr yaradaraq Azərbaycan torpaqlarının müdafiəsinə qalxıb. İndi Xalq Cəbhəsinin silahlı dəstəsi yoxdur. Rza Nuriyevi tutmaqla sadəcə məsuliyyəti Xalq Cəbhəsinin üzərinə atmaq istəyirlər».

Bənənyar kəndinin sakinləri isə deyirlər ki, polislə aralarında gərginlik Aşura mərasiminə görə baş verib. Mərasim iştirakçılarından bəzilərini polisə apararaq döyüb təhqir ediblər. Hətta bəzilərini soyundurub qarın üstündə xüsusi amansızlıqla döyüblər. Tutulanlardan birinin oğlu Yunis Əliyev də məhz bütün bu özbaşınalıqlara etiraz olaraq özünü yandırmaq məcburiyyətində qalıb.

BƏNƏNYAR XOF İÇİNDƏ…

Sakinlərin deməsinə görə, indi kənddə sakitlikdir. Daxili qoşunların texnikası kənddən çıxarılıb, ancaq postlar saxlanmaqdadır. Yanvarın 7-də tutulanlardan daha bir qrupu azadlığa buraxılıb. Onların arasında Rza Nuriyevin oğlanları da var. Rza Nuriyevin oğlu Pərvin Nuriyev ümidlidir ki, tezliklə atasını da azadlığa buraxacaqlar. O Naxçıvanın Bakıdakı nümayəndəliyinin də yaydığı məlumatdan xəbərsiz olduğundan nəsə münasibət bildirməyə çətinlik çəkdiyini söylədi. Ancaq Bənənyar kəndinin bəzi sakinlərinin deməsinə görə, onların qorxu və həyəcanı hələ də davam etməkdədir. Bu üzdən çoxları evdən çıxmağa çətinlik çəkirlər.

TUTULANLARIN VƏKİLLƏRİ YOXDUR…

Başda Rza Nuriyev olmaqla ona yaxın şəxs hələ də Böyükdüz təcridxanasında saxlanılır. Oğlu hələ də həbsdə olan 70 yaşlı bir qadın vəkil tuta bilməmələrini həm imkansızlığı, həm də qorxu içərisində olmaları ilə izah edir. Hadisələrin gərgin vaxtı həbs edilib, sonradan azadlığa buraxılan həmin qadın həm həbsdə olan oğlunun, həm də ciddi sarsıntılar keçirən nəvələrinin taleyindən narahatdır:

«Elə bil ki, heç Xocalı hadisəsi belə olmazdı. Bizi döyə-döyə, sürüyə-sürüyə apardılar. Ağzımız-burnumuz qan içində. Mən iki gündür evdəyəm ağrılardan dayana bilmirəm. Evdə bir mənəm, bir də şikəst qızımdır. Onu da döyüblər. Tutulan oğlumun uşaqları da sarsıntı keçiriblər. İndi nənəsigildə olur, evə gəlmir. Ağlayır ki, atamı, nənəmi öldürüblər».

70 yaşlı bu qadının deməsinə görə, basqın vaxtı evlərindən bir bıçaq da aparıblar. Təcridxanada oğlunu döyə-döyə polisə bıçaq çəkdiyini boynuna qoymaq istəyirlər. Əgər Bakıdan gəlib bütün bu özbaşınalıqlara son qoyulmasa, faciələr bitib-tükənməyəcək. Çünki onlar artıq öz haqlarını qorumaq imkanında deyillər.
XS
SM
MD
LG