Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Gənclər qanvermə aksiyası keçirdilər


Mərkəzi Qan Bankında qeydiyyatdan keçəndən sonra könüllülər qanın müayinə olunduğu otağa keçirlər
Mərkəzi Qan Bankında qeydiyyatdan keçəndən sonra könüllülər qanın müayinə olunduğu otağa keçirlər
«Gənclərin Töhfəsi» İctimai Birliyi yanvarın 10-dan Mərkəzi Qan Bankında qanvermə aksiyasına başlayıb.

Aksiyaya qoşulan könüllülərlə yanaşı birliyin üzvləri də qan verirlər. Tələbə, həm də İctimai Birliyin üzvü Tural Məhərrəmov qan vermək üçün növbəyə dayanıb.

«Məhərrəmlikdir, çoxu zəncir vurub boş yerə qan çıxarırlar. Biz də düşündük ki, qanvermə aksiyasını təşkil etməklə daha xeyirli bir iş görmüş olarıq».

Mərkəzi Qan Bankında qeydiyyatdan keçəndən sonra könüllülər qanın müayinə olunduğu otağa keçirlər. Tibb Universitetinin 4-cü kurs tələbəsi Günay Əsgərova deyir ki, bu aksiya ilə bağlı dostundan xəbər tutub.

«İlk dəfədir ki qan verirəm. Hələ ki burdakı şəraitdən razıyam. İndi qeydiyyatdan keçdim, sonra qanım müayinə olunacaq, çəkim ölçüləcək. Daha sonra yararlı olsam qan verəcəyəm. Məncə, bu çox lazımlı aksiyadır».

Mərkəzi Qan Bankının baş həkimi İlhamə Zeynalova deyir ki, «Gənclərin Töhfəsi» İB-i dekabr ayında müraciət etsə də yanvarda bu aksiya gerçəkləşəsi oldu.

«Biz də Aşura günündə yetərincə qan verənlər olduğundan bir qədər təxirə salıb yanvar ayına saldıq. Səhiyyə Nazirliyi də dəstək verir bu aksiyaya. Ölkədə mindən çox talasimiyalı, 600-dən çox hemofiliyalı xəstələr var. Bu xəstələrə ayda bir, ya da iki dəfə qan köçürülür. Tələbat çoxdur».

«Gənclərin Töhfəsi» İB-nin sədri Asim Vəliyev deyir ki, aksiyanı təşkil etməkdə məqsəd talasimiya və hemofiliyadan əziyyət çəkənlərə yadım etməkdir:

«Hər il ölkədə 500-600 talasimiyalı uşaq dünyaya gəlir. Bu rəqəm problemin nə dərəcədə ciddi olduğunu göstərir. Birlik olaraq nəzərdə tutmuşuq ki, belə aksiyanı ildə 3-4 dəfə keçirək».

«Gənclərin Töhfəsi» İB-i yenicə yaranıb. Birliyin məqsədi ekoloji, sosial-iqtisadi məsələlərə dəstək olmaq, maarifləndirmə aparmaqdır.
XS
SM
MD
LG