Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:45

27 saylı məktəbin keçid problemi


Bakıda məktəblərin 70-80%-i birbaşa küçələrə çıxır
Bakıda məktəblərin 70-80%-i birbaşa küçələrə çıxır
«Nə keçid var, nə bir şey. Burda keçid tikmək nəmənə şeydir ki, onu eləmirlər?! Heç bir «svetofor» da yoxdur gözünüzün qarşısında...»

Valideyn Aynurə Aslanovanın təsvir etdiyi bu yol Xətai rayon 27 saylı məktəbin qarşısıdır. Məktəbin həyəti düz avtomobil yoluna açılır.

Hər gün iki uşağını məktəbə gətirib-aparan Aynurə Aslanova deyir ki, məktəb ətrafında məktəblilərin təhlükəsizliyinə zəmanət verən heç nə yoxdur:

«Keçən il burda 37 yaşlı fizika müəlliməsi rəhmətə gedib. Bir dəfə olmayıb. O qədər hadisə olub ki…»

Aynurə Aslanovanın səsinə səs verən digər valideynlər təklif edirlər ki, məktəbin yaxınlığında yerüstü keçid tikilsin:

ZEBRA XƏTTİ POZULUB


Sürücünün insafına ümid bağlayan valideynlər deyirlər ki, ötən il ölümlə nəticələnən qəzadan sonra məktəbdən bir qədər aralıdakı yol kəsişməsində avtomobillər üçün «svetofor» qoyuldu. Amma bu «svetofor»un məktəblilərin yoluna heç bir isti-soyuğu olmadı. Nəinki «svetofor»un, heç çəkilən piyada keçidinin də:

«2 dəfə məktəbin direktoru buranın xəttini düzəltdirdi. İndi o pozulub. Məncə, yol işinə baxanlar bir də işləməlidirlər».

27 saylı məktəbin direktoru Cəmilə Ramazanova deyir ki, məktəb rəhbərliyi uyğun qurumlarla əlaqə yaradıb lazımi tədbirləri görüb:

«Bu yolda yuxarı tərəfdə «svetofor» qoyulub. O «svetofor» əvvəl yox idi. «Svetofor»dan əvvəl zebra xətti qoydular. Bununla əlaqədar biz bu tədbirləri gördük. Özü də orada saxlayırlar maşınları. Qabaqda «svetofor» var, maşınlar yavaşıyır burda».

BAKIDA MƏKTƏBLƏRİN 70-80%-İ BİRBAŞA KÜÇƏLƏRƏ ÇIXIR

Təhsil eksperti Etibar Əliyev deyir ki, Bakıda məktəblərin 70-80%-i birbaşa küçələrə çıxır:

27 saylı məktəb
«Uşaq psixologiyasında tələsikliklər var. Onlar həmişə nəyəsə çatdırmaq istəyirlər. Ya evə tez çatmaq, ya dərsə tez çatmaq istəyirlər. Nəticədə də bax belə hadisələr baş verir. Məktəblərin ərazilərinin bu cür sıxışdırılmasının günahını icra hakimiyyəti orqanları Təhsil Nazirliyində görür, nazirlik də icra orqanlarında. Bu, çox başına buraxılmış məsələdir»

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən Zəminə Əliqızı da deyir ki, bu problem 27 saylı məktəblə bitmir:

«O VALİDEYNLƏR BİZƏ MÜRACİƏT ETSİNLƏR»

«Şəhərin mərkəzində yerləşən əksər məktəblər birbaşa avtomobil yoluna açılır. Yetəri qədər ciddi və təhlükəli vəziyyətdir hər bir şagird üçün. Prosedura belədir ki, biz hansı rayon ərazisində məktəb tikdirmək istəyiriksə, o zaman o icra hakimiyyətinə müraciət olunur, icra hakimiyyəti harda yer ayırırsa, məktəb də orada tikilir. 27 saylı məktəbin yanından böyük bir tras keçir. 441 06 99 bizim qaynar xəttin nömrəsidir. O valideynlər bizə müraciət etsinlər, biz də yol polisi qarşısında bu məsələni qaldıraq».

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, məktəblər üçün yer ayırmaq artıq icra hakimiyyətinin səlahiyyətində deyil. Əmlak Komitəsi yeri göstərir, icra hakimiyyətinin memarları isə həmin ərazidə arxitektura məsələlərini nəzərə alaraq ya «hə», ya da «yox» cavabı verir.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə deyir ki, komitə dövlət qurumlarının yerini müəyyənləşdirir, məktəblərin yerləşdirilməsinin onlara aidiyyatı yoxdur.

«Nə keçid var, nə bir şey. Burda keçid tikmək nəmənə şeydir ki, onu eləmirlər?!..»
Xətai rayon İcra Hakimiyyətinin memarı Çingiz Rzayev şəhərin arxitektura məsələləri ilə bağlı mütəxəssisin cavab verə biləcəyi sualları mətbuat xidmətinə yönəltməyimizi istədi...

VALİDEYNLƏR AZYAŞLILARI TƏK BURAXMAMALIDIR

Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyi və İctimai Əlaqələr şöbəsinin inspektoru Kamran Əliyev deyir ki, təmsil etdiyi qurum məktəblilərin təhlükəsizliyi üçün hər yeni dərs ilinin başlanğıcında «Diqqət! Uşaqlar» devizi ilə aylıq keçirir, monitorinqlər aparır. 27 saylı məktəbdən də dəfələrlə müraciət alan DYP nümayəndəsi piyada keçidi qoyulduğunu deyir:

«Deyirsiz ki, piyada keçidi yoxdur, amma məncə orada olmalıdır. Amma olsa belə, valideynlər azyaşlıları tək buraxmamalıdır. Bu saat valideyn özü yolu keçə bilmir. Yerüstü piyada keçid var eskalatorla. Bu yağışlı havada uşağın əlindən tutub, belində də çanta dartıb yolun ortasıyla, maşınların arasıyla dərsə aparır».

Kamran Əliyevin məlumatına görə, həmin ərazidə yerüstü keçid tikilməsi planlaşdırılır.

Yol tikintisini həyata keçirən «Azəryolservis» ASC-dənsə bildirdilər ki, hələ ki, məktəblərin ətrafında keçid-filan salmaq planı gündəlikdə yoxdur.
XS
SM
MD
LG