Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:32

«Naxçıvanda baş verənləri Azərbaycandan ayırmaq lazım deyil»


Azər Rəşidoğlu
Azər Rəşidoğlu
«Şahbaz müəllimdən azı 10 dəfə xahiş etmişəm ki, mənim oğlumu buraxın. Oğlum 5 il cəbhədə olub. Ürəyi xəstədir, mədəsindən əməliyyat olunub, difteriyaya tutulub. Xahiş edirəm mənim oğlumu buraxsınlar…»

Hazırda həbsdə olan Bənənyar sakini Şərafət Tarıverdiyevin anası Sədəf Seyidova belə deyir. Onun deməsinə görə, kənd icra nümayəndəsi dəfələrlə ona söz versə də, oğlunu azadlığa buraxmayıblar. Bənənyardan verilən məlumata görə, həbs edilənlərdən daha 5 nəfər də hələ də Böyükdüz təcridxanasında saxlanılır.

Bir nəfərin - Əli Nəcəfquliyevin taleyindən isə xəbər yoxdur. Əvvəlki məlumatlarda həbs edilənlərdən 2 nəfərin ruhi dispanserə salındığı söylənilirdi. Bənənyar sakinlərinin deməsinə görə, həmin iki şəxs də artıq evinə buraxılıb.

XARİCİ DİPLOMATLARA QARŞI TƏXRİBAT

Kənd sakinləri deyirlər ki, yanvarın 13-də Bənənyara gələn ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələrinə qarşı da təxribata yol verilib. Bəzi öyrədilmiş şəxslər kəndə gələn xarici diplomatların qarşısına çıxaraq onlardan çıxıb getmələrini tələb ediblər. Kənddəki mənbələrin bildirməsinə görə, həmin öyrədilmiş şəxslərin bir çoxu heç bənənyarlı olmayıblar. Onları qonşu Əbrəqunus və başqa kəndlərdən gətiriblər. Bənənyara səfər edənlər arasında ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson da olub. Ancaq səfirlikdən hələ ki, bu məsələylə bağlı hər hansı açıqlama verməyiblər. Kənddəki mənbə həmçinin bildirir ki, xarici diplomatlarla həbsdə olan bəzi şəxslərin ailə üzvlərinin görüşünə də imkan verilməyib.

«Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu deyir ki, əslində indi Naxçıvanda baş verənləri Azərbaycandan ayırmaq lazım deyil. Ölkə rəhbərliyinin xəbəri olmadan Amerika Birləşmiş Ştatları səfirliyinin nümayəndələrinə hörmətsizlik etmək mümkün deyil. Azər Rəşidoğlu düşünür ki, əgər Naxçıvan hakimiyyətinin qanunsuz əməlləri durdurulmasa, orda baş verənlər bütün Azərbaycana ziyan gətirəcək:

Səadət Bənənyarlı
«Bu tək ABŞ səfirliyinin, jurnalistlərin işi deyil. Dünyanın bütün tərəqqipərvər qüvvələri diqqətlərini Naxçıvana yönəltməlidirlər. Naxçıvan əhalisini hərbi polis diktaturasının əməllərindən qurtarmağın vaxtı çatıb».

HÜQUQ MÜDAFİƏÇİLƏRİ BƏNƏNYAR SƏFƏRİNİ TƏXİRƏ SALIBLAR

Hüquq müdafiəçilərinin Bənənyara yanvarın 13-nə nəzərdə tutulan səfərləri də təxirə salınıb. Hüquq müdafiəçilərindən Səadət Bənənyarlı bunu Naxçıvan rəsmilərinin onların müraciətlərini cavabsız qoymaları ilə izah edib:

«Daxili İşlər naziri bizə söz vermişdi ki, bu səfərə heç bir maneə olmayacaq və hətta bizə rəsmi görüşlər üçün hər cür şərait yaradılacaq. Ancaq biz oradan cavab almadığımıza görə bu səfəri təxirə saldıq».

Bənənyar hadisələrinə görə tutulanlarla onların valideynlərinin görüşünə isə hələ ki, imkan verilməyib. Üstəlik onlar hələ də vəkillə təmin edilməyiblər.
XS
SM
MD
LG