Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Uilyam Folkner: "Yazan insanın tənqidi məqalələri oxumağa vaxtı yoxdur"


Nobel ödüllü Uilyam Folknerlə (1897-1962) Cin Staynın müsahibəsi. "Mən tənqidçiləri oxumuram".
Müsahibənin 2-ci hissəsi (əvvəlini burda oxu)

...Sual: Başqa sözlə desək, siz texnikanın vacibliyini inkar edirsinizmi?

Folkner: Qətiyyən.

Bəzən elə olur ki, texnika işin əvvəlindən öz şərtlərini diktə edir; müəllif fikirləri yerbəyer etməyənə başlayana qədər texnika məna üzərində üstünlük qurur.

Və beləliklə, əsər özünəməxsus tour de force”a (“Sınaqdan keçmə təmrini”) çevrilir.

Yazıçının vəzifəsi isə bütün bu kərpicləri səliqə ilə düzməkdən ibarət olur; çünki hələlik bir söz belə yazmadan o, əvvəldən axına qədər bütün əsəri bilir.

“Mən öləndə” romanında işlər bu şəkildə getdi.

Çətin yazırdım.

Vicdanlı iş heç vaxt asan olmur.

Ancaq eyni zamanda, sadə olur - çünki əsərin bütün materialı əlinin altındadır.

Mən bu kitabı 12 saatlıq fiziki işdən sonra boş qalan vaxtlarımda 6 həftəyə yazdım.

Mənim gözümün qabağına ən çətin və təbii sınaqlardan keçən - yanğına və su basqınına məruz insan qrupu gəlirdi; onların bir yerdən başqa yerə getməsinə haqq qazandırmaq üçün mən ən sadə və təbii səbəbi fikirləşmişdim.

Hərdənbir yazı asan yazılır:bu,yazı texnikası barədə düşünməyə son qoyandan sonra baş verir.

Bəzən mənim üçün elə bir an gəlir ki, təxminən 275-ci səhifədə personajlar hər şeyi öz üzərlərinə götürüb əsəri bitirirlər.

Ancaq əgər kitab 274-cü səhifədə bitirilsəydi-mən,həqiqətən, onu necə bitirməyi, bilməyəcəkdim.

SƏNƏTKAR ÖZ ƏSƏRİNİ OBYEKTİV ŞƏKİLDƏ DƏYƏRLƏNDİRMƏK XÜSUSİYYƏTİNƏ MALİK OLMALIDIR

- buna əlavə olaraq, özünü aldatmaması üçün onda vicdan və kişilik olmalıdır.

Özüm barədə deyə bilərəm ki, heç bir əsərim mənim şəxsi tələblərimə cavab vermir; mənə daha çox kədər və əzab vermiş əsərimə üstünlük verərdim-eynilə ananın rahib yox, oğru və qatil olan uşağını o birilərindən daha çox sevməsi kimi.

Sual: Bu, hansı əsərdir?

Folkner: “Səs-küy və hiddət”.Məni daima narahat edən fikirdən azad olub bu əhvalatı 5 dəfə yazmağa girişdim. Bu, iki itirilmiş qadının faciəsidir. Keddi və qızları.

Dilsi - mənim ən çox sevdiyim personajlarımdandır.

O, mərddir, kişi kimidir,əli açıqdır,səmimi və vicdanlıdır.

O, məndən daha cəsur, vicdanlı və əli açıqdır.

Sual: Əsərləriniz nə dərəcədə şəxsi təcrübənizə əsaslanır?

Folkner: Deyə bilmərəm. Heç vaxt hesablamamışam.Çünki burada “dərəcə” mühüm deyil.

Yazıçıya 3 şey lazımdır:təcrübə, müşahidəçilik və təxəyyül.

Ancaq bəzi vaxtlarda bu üçlüyün iki, hətta bir komponenti üçüncünün çatışmazlığını örtə bilir.

Əsər əsasən, hər hansı bir fikirdən,xatirədən,obrazdan başlayır.

Yazmaq-bu həlledici ana qədər baş verənləri bərpa etmək; hadisələrin niyə məhz bu şəkildə baş verməsini izah etmək və sonra bunun nəyə gətirib çıxardığını göstərməkdir.

Yazıçı bildiyi metodların ən yaxşılarından istifadə edərək gerçək ortamda hərəkət edən canlı personajlar yaratmağa çalışır.

Və buna görə də onun ən yaxşı bildiyi atmosferi canlandırması çox anlaşılan bir işdir.

Mən deyərdim ki,

İNSANIN ÖZÜNÜ MUSİQİ VASİTƏSİLƏ İFADƏ ETMƏSİ ƏN ASAN YOLDUR,

musiqi insanlıq tarixinin ən erkən dönəmində meydana çıxmışdır.

Fəqət mənim məşğuliyyət sahəm sözlər olduğuna görə,mən ağır-ağır, sözlərin köməyi ilə, musiqi səslərinin daha yaxşı ifadə edə biləcəyi şeyləri ifadə etməliyəm.

Ancaq mən dinləməyə yox, oxumağa üstünlük verdiyim kimi, sözlərdən istifadəyə üstünlük verirəm.

Mən səslərin səssizliyini tərcih edirəm; sözlərlə yaradılmış obraz isə sükutun içində mövcud olur.

Yəni, nəsrin həm gurultusu, həm də musiqisi səssizdir.

Sual: Yazıçı üçün təcrübə, müşahidəçilik və təxəyyülün vacib olduğunu dediniz.Buraya ilhamı da daxil etmirsinizmi?

Folkner: İlham barədə heç nə deyə bilmərəm-çünki onu nə olduğunu bilmirəm. Onun haqqında eşitmişəm, ancaq tanış deyiləm.

Sual: Siz özünüzü Şervud Andersona borclu sayırsınız.

Yazıçı kimi onun haqqında hansı fikirdəsiniz?

Folkner: O, mənim mənsub olduğum yazıçılar nəslinin atası və amerikan ədəbiyyatının bizim varislərimizin davam etdirəcəyi ənənəsinin banisidir.

Ona lazımi qiyməti verməyiblər. Drayzer onun böyük qardaşı, Mark Tven isə hər ikisinin atasıdır.

Sual: Bəziləri deyir ki, hətta 2-3 dəfə oxuyandan sonra belə sizin nə yazdığınızı anlaya bilmirlər.Bu adamlara nə tövsiyyə edərdiniz?

Folkner: Dördüncü dəfə oxusunlar.

Sual: Siz müasir yazıçıların əsərlərini oxuyursunuzmu?

Folkner: Yox. Yenidən oxuduğum kitablarla mən cavanlığımda tanış olub onları sevmişəm və indi onları köhnə dostlarımla ünsiyyətə girdiyim kimi oxuyuram.

Bu, “Əhdi-ətiq”, Dikkens,Konrad, Servantesin “Don Kixot”udur. Bəzi insanlar İncili, Floberi, Balzakı yenidən oxuduğu kimi, mən də adını çəkdiyim yazıçıları hər il yenidən oxuyuram.

Balzak özünün bütöv dünyasını yaradıb və canlı qanın enerjisi onun 20 kitabını birləşdirir. Dostoyevski, Tolstoy, Şekspir.

Bəzən Melvilli və şairlərdən Marlonu, Kempionu, Consonu,Herriki, Donnu, Kitsi, Şellini oxuyuram.

Hələ də Hausmanı oxuyuram.

Mən

BU KİTABLARI O QƏDƏR TEZ-TEZ OXUYURAM Kİ, İNDİ ONLARI BİRİNCİ SƏHİFƏDƏN AÇIB AXIRA QƏDƏR OXUMAĞA EHTİYAC YOXDUR,

əsasən, hansısa bir qəhrəman barədə bir parçanı və ya səhnəni oxuyuram;eynilə küçədə bir tanışına rast gələndə dayanıb onunla bir neçə dəqiqə söhbət etmək kimi.

Sual: Romanın gələcəyi barədə fikirlərinizi deyə bilərsinizmi?

Folkner: Məncə, insanların romanları oxuduğu müddətcə onları yazacaqlar; və ya bunun əksinə.

Əlbəttə, əgər illüstrasiyalı jurnallar və bulvar jurnalları insanların oxuma qabiliyyətini axıra qədər öldürməzsə.

Əgər elə olarsa, ədəbiyyatımız geriyə-neandartal mağaralarındakı ibtidai yazıya geri qayıdacaq.

Sual: Sizcə, tənqidin vəzifəsi nədən ibarətdir?

Folkner: Sənətkarın tənqidçiləri dinləməyə vaxtı yoxdur.

TƏNQİD TƏZƏ-TƏZƏ YAZIÇI OLMAĞA HƏVƏSLƏNƏNLƏR ÜÇÜN MARAQLI OLA BİLƏR

ancaq yazan insanın tənqidi məqalələri oxumağa vaxtı yoxdur.

Çünki hər bir tənqidçi də “Burada Kilroy olmuşdur” - deməyə can atır.

Fəqət tənqidçinin fəaliyyəti birbaşa yaradıcılıqla bağlı deyildir; sənətkar tənqidçidən tam bir pillə yuxarıda durur; çünki o, tənqidçini həyəcanlandıran bir şey yaradır; digər tərəfdən, tənqidi əsərlər yazıçıdan başqa hamını həyəcanlandıra bilər.

Sual: Demək, siz əsərlərinizi kiminləsə müzakirə etmə ehtiyacı hiss etmirsiniz?

Folkner: Yox, mən həddən artıq öz işimlə məşğulam.

Mən gördüyüm işdən özümün razı qalmağım üçün çalışıram və əsər məni qane edəndə, onu kiminləsə müzakirə etmək lazım gəlmir.

Əgər əsərim xoşuma gəlməsə belə-hər hansı söhbət onu daha yaxşı etməyəcəkdir; buna görə də əsəri yaxşılaşdıra biləcək yeganə şey-onun üzərində işləməyə davam etməkdir.

Mən ədəbiyyatçı deyiləm, sadəcə yazıçıyam və peşəkarlığa dair məsələlərin müzakirəsi mənim xoşuma gəlmir.

Sual: Bəzi tənqidçilər personajlar arasındakı qan bağının sizin üçün böyük əhəmiyyət kəsb etdiyini yazırlar.

Folkner: Bu, tənqidi rəylərdən biridir; ancaq dediyim kimi, mən tənqidçiləri oxumuram.

Məncə, insanlar haqda yazmağa can atan yazıçı üçün qan bağları onun qəhrəmanlarının burnunun forması qədər vacibdir.

Əlbəttə, bu bağlantının süjetin inkişafında oynadığı rol istisna edilməklə.

Əgər yazıçı fikrini onun maraqlanması lazım olan şeylər üzərində cəmləyirsə - bu, hər şeydən əvvəl-həqiqətdir, insan qəlbidir-onun müxtəlif ideyalarla və ya burnun forması və ya qan bağı kimi hər gələn şeylə məşğul olmağa vaxtı qalmır; çünki mənim nəzərimdə ideyalar və faktlar həqiqətlə çox əhəmiyyətsiz dərəcədə bağlıdırlar.

Sual: Bundan başqa- tənqidçilər hesab edirlər ki, sizin qəhrəmanlarınız xeyir və şər arasında şüurlu seçim yapa bilmirlər.

Folkner: Həyatda xeyirə və şərə aid olan iş yoxdur.

XEYİRLƏ ŞƏR ARASINDA DAİMİ SEÇİMİ DON KİXOT EDİRDİ,

ancaq bunu sadəcə öz illüziyalı dünyasında edirdi.

Don Kixot ağılsızdır.

O, gerçək həyatla qarşılaşıb insanları anlamağa çalışanda, onda qətiyyən xeyiri şərdən ayırma qabiliyyəti olmur.

İnsanlar isə real dünyada yaşayırlar və onların bütün gücü sadəcə yaşamağa gedir.

Həyat-hərəkət deməkdir və həyatda insanı hərəkətə vadar edən şeylər önəmlidir:vicdanlı olmaq, hakimiyyət qura bilmək, zövq ala bilmək.

Sual: Söhbət sənətkardan gedəndə “hərəkər” məfhumunun altında nəyi nəzərdə tutursunuz - bunu izah edə bilərsinizmi?

Folkner: Hər bir sənətkarın məqsədi-ədəbi “priyomlar”la həyatı və hərəkəti dayandırmaqdan ibarətdir.

Ancaq o şəkildə ki, 100 ildən sonra kənar bir adam əsərə baxanda o yenidən “canlansın”, hərəkətə gəlsin.

İnsanlar ölüb gedirlər və ölümsüzlüyün yeganə mümkün forması-səndən sonra daimi hərəkətdə olan və buna görə də ölümsüzlüyü haqq edən bir şey qoyub getməkdir.

Sual: ”Əsgər mükafatı” ilə “Sartoris” arasında keçən dövrdə sizin ədəbi taleyinizdə nə baş verdi? Başqa sözlə desəm, Yoknapatofa haqqında saqanı başlamağa sizi nə vadar etdi?

Folkner:”Əsgər mükafatı”nın üstündə işləyəndə mən gördüm ki, yazmaq maraqlıdır.

Fəqət sonra anladım ki, sadəcə hər kitabda müəyyən məna olması ilə iş bitmir; sənətkarın bütün əsərləri, onun bütün yaradıcılığı hansısa ümumi fikrə tabe olmalıdır.

”Əsgər mükafatı”nı və “Ağcaqanadlar”ı mən sadəcə ona görə yazmışdım ki, yazmaq xoşuma gəlirdi.

”Sartoris”dən başlayaraq gördüm ki, mənim poçt markası boyda özəl məkanım, doğma torpağımın bir parçası-onun barəsində yazmağı haqq edir.

Və bu mövzu mənim üçün heç vaxt bitib-tükənməyəcək.

Kainata yüksək ümumi mənanı söyləyərək - əgər məndə mövcuddursa- qabiliyyəti hərtərəfli şəkildə inkişaf etdirmə azadlığı qazanacağam.

Bu, mənə qızıl bir məkan açdı;

MƏN ÖZ KOSMOSUMU YARATDIM,

Allah kimi mən də insanları nəinki məkanda, zamanda da o tərəf-bu tərəfə apara bilirəm.

Və ən azı mənə elə gəldiyinə görə ki, onları zaman içində də o tərəf-bu tərəfə apara bilirəm - mənim özəl varlıq forması kimi mövcud olmayan, sadəcə fərdlər vasitəsi ilə təcəlla edən zamanın axıcılığına dair fəlsəfəm də öz təsdiqini tapır.

”Var idi”-adında bir şey yoxdur, sadəcə “mövcuddur”-var.

Əgər keçmiş olsaydı, nə qəm, nə qüssə olardı.

Kainatın künc daşı kimi yaratdığım dünya barədə düşünmək mənim xoşuma gəlir-bu daş nə qədər kiçik olsa da, onu çəksəniz, dünya tarmar olar.

Mənim son kitabımın adı “Məhşər günü” və ya “Yoknapatofa diyarının qızıl kitabı” olacaqdır.

Ondan sonra qələmimi sındırıb bir daha yazmayacağam.
XS
SM
MD
LG