Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:28

DÜNYA VASİF TALIBOVUN SAYƏSİNDƏ NAXÇIVANI TANIYIR


Az qala yarım aydır ki, Naxçıvanın Bənənyar kəndində baş verən olaylar ölkə mətbuatının müzakirəsindən düşmür. Hətta bu hadisələr Azərbaycandakı diplomatik korpusun da diqqətini çəkir. İctimaiyyət həyəcan təbili çalır, dövlət başçısı İlham Əliyev isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova «Şöhrət» ordeni verir. Bəlkə də elə bu mükafatın sətiraltı mənası var… Azərbaycan Mirzə Cəlilin qələmində «Danabaşı» tanıyıb. Vasif Talıbovun sayəsində isə dünya Naxçıvanı az qala kəndbəkənd tanımağa başlayıb. Daha «Şöhrət»ləndirmək necə olur?

DÖVLƏT MƏTBUATININ QƏDTƏZƏ DOSTU


Amma Vasif Talıbov bu həftə bir uğura da imza atıb: O, yerli «mətbuatın dostu» titulunu da adının yanına yazıb.

Naxçıvan Mətbuat Şurası Ali Məclis sədrinə mükafat verilməsini belə əsaslandırıb:

Ali Məclis sədrinin «Naxçıvanda dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında» 2000-ci il 29 mart tarixli sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində əsaslı dönüş yaradıb.

Şura hesab edir ki, ««Şərq qapısı», şəhər və rayon qəzet redaksiyalarının əsaslı təmir olunmuş və ya yeni tikilmiş binalarda yerləşdirilməsi, onlara kompyuter dəstlərinin hədiyyə edilməsi, illik kağız ehtiyatının yaradılması regionda mətbuatın inkişafına göstərilən qayğının parlaq ifadəsidir».

Hərçənd, hələ indiyədək ölkənin müstəqil mediasının bir nümayəndəsinin də «mətbuatın dostu» Vasif Talıbovdan müsahibə götürmək nədir, ona «salam» verə bilməsi belə eşidilməyib. Amma o eşidilib ki, Naxçıvana ayağı dəyən jurnalist elə o dəqiqə də zor-xoş geri göndərilir.

«ƏN DEMOKRATİK RESPUBLİKA»

sən demə, Naxçıvanmış. Hərçənd dünya xəritəsində onun sərhədləri Azərbaycanın daxilində göstərilir, Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Həsən Hacıyev deyir ki, «Naxçıvan dünyanın ən demokratik respublikasıdır».

Jurnalistlər ondan ABŞ və Norveç səfirlikləri əməkdaşlarının Bənənyar kəndinin sakinləri ilə görüşməsinə imkan verilməməsinin səbəbini soruşub. O isə belə cavab verib:

«Belə bir hal olmayıb. Naxçıvanı elə göstərmək istəyirlər ki, guya orda nəsə olub. Naxçıvana nə olub ki?»

AY CAN, YENİ HÖKUMƏT YARIDILIR

Mətbuatla işi olmasa da, daha çox müxalifət liderlərini təhqir etməklə populyarlaşan Müasir Müsavat Partiyası deyəsən hədəfini dəyişir. Partiyanın qədtəzə qərargahında hakimiyyət planları cızılır. Hərçənd, bu hakimiyyət virtualdır, amma onda vəzifə tutmaq istəyənlərin iştahı böyükdür.
Partiyanın mətbuat xidməti xəbər verir ki, qurum rəhbərləri bir araya gəlib düşünüb-daşınıblar: «Qərara alınıb ki, Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılması üçün Qərbi azərbaycanlıların statistik siyahısı çıxarılsın və tezliklə onların ağsaqqalları ilə görüşlər keçirilsin, həmçinin, müvafiq işlər görülsün».

ÇADIRINI GÖSTƏR, DEYİM VARLISAN, KASIBSAN

Görəsən, Müasir Müsavat Partiyasının yeni hökumətində yas çadırlarının qurulmasıyla bağlı mövqe necə olacaq? Hər halda, bu həftə mətbuatın diqqətini çəkən bir olay da şəhərin düz mərkəzində - Rəşid Behbudov küçəsi ilə Bülbül prospektinin kəsişməsində, Üzeyir Hacıbəyov küçəsində qurulan yas çadırı olub.

Yanvarın 13-də «Turan» informasiya agentliyi yazırdı ki yas çadırları 2 gün ərazidəki avtonəqliyyatın hərəkətini dayandırıb: «Aydındır ki, sadə insan uzunluğu ümumilikdə 150 metr olan üç VIP çadır qurdura və yaxınları üçün yas mərasimi keçirə bilməzdi».

«Turan» hesab eləyir ki, dəfələrlə təkrarlanan bu cür hallar sıravi vətəndaşların hüququnu pozur.
XS
SM
MD
LG