Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:37

Uduzan udanı kriminal dairələrin adamı adlandırır


Kiyevdə prezident seçkisi, 17 yanvar 2010
Kiyevdə prezident seçkisi, 17 yanvar 2010
«Kriminal dairələri təmsil edən Yanukoviçin şansı yoxdur». Bunu seçkilərin ilkin rəsmi nəticələrini eşidən kimi ikinci mərhələ haqda Yuliya Timoşenko deyib.

«Bizim vətəndaşlar dəyişikliyə səs verdilər. Bu, seçkilərin əsas nəticəsidir» - bunu isə Viktor Yanukoviç deyir.

Ukraynada prezident seçkilərinin birinci mərhələsini 59 yaşlı müxalifətçi Yanukoviç və 49 yaşlı baş nazir Timoşenko udublar.

Hələlik sayılan səslərin 35 faizini Yanukoviç, 25 faizini isə Timoşenko toplayıb. Onlar fevralın 7-də prezident seçkilərinin ikinci mərhələsində qarşılaşacaqlar.

Rəsmi nəticələr mübahisəsiz ötüşməyib.

Ölkənin əsas «exit-poll» təşkilatının sorğularında Timoşenko Yanukoviçə rəsmi nəticələrdə olduğu kimi, 10 faiz yox, cəmi 4 faiz uduzurdu.

Seçkilərdə böyük sürpriz gözlənilən Mərkəzi Bankın keçmiş sədri Serhiy Tihipko cəmi 13 faiz səs yığıb və növbəti mərhələyə keçməyib.

SEÇKİ HESABI

İndi Timoşenko və Yanukoviç gözlərini Tihipkonun yığdığı 13 faizə tikiblər.

Viktor Yanukoviç
Tihipko Timoşenkonun çağırışlarına həmişə soyuq yanaşıb. Ancaq o, müstəqil namizəddir, yəni öz partiya strukturu yoxdur. Ona səs verənlər indi kimə səs verəcəklər, bilinmir.

Başqa hesab odur ki, Tihipkonun 13 faizi ilə Yanukoviç 48 faiz yığa bilsə də, ola bilər, bundan o tərəfə gedə bilməsin. Çünki kommunist və sosialistlərdən başqa Yanukoviç heç bir qüvvənin dayağına arxayın ola bilməz.

SEÇKİLƏR PREZİDENTİ CƏZALANDIRDI

ATƏT-in «çox yüksək seçki standartına cavab verən seçkilər» dediyi seçkilərdə indiki prezident Viktor Yuşşenko cəmi 5 faiz səs yığıb.

Bu, demokratlığın yoxsa avtoritar liderlərin gözündə bacarıqsızlığın əlamətidir? Yanukoviç Yuşşenko haqda deyib ki, prezident enerji mənbəyi Rusiya ilə çox dərin qarşıdurmaya getməklə səhv etdi. Yanukoviçin fikrincə, Ukraynanın real düşməni ölkənin içindədir. Bu da kasıblıqdır.

BÜTÜN REGİONLARIN DEMOKRATLARI, BİRLƏŞİN!

Birinci mərhələnin hər iki qalibi seçkilərdən razıdır. Yanukoviçin fikrincə, xalq dəyişikliyə səs verdi, Timoşenkonun fikrincə isə, xalq Ukraynanı demokratik, azad ölkə kimi görməyə səs verdi.

Yuliya Timoşenko
Timoşenko seçki qurtaran kimi keçirdiyi mətbuat konfransında deyib ki, o Ukraynanın «narıncı inqilab» yolundan çıxıb, geri dönməsinə heç vaxt imkan verməyəcək. O, ölkənin bütün demokratik qüvvələrini birləşməyə çağırır.

Ancaq ukraynalıların bir çoxu deyir ki, onların siyasətə və siyasətçilərə olan-qalan illüziyalarını «narıncı inqilab»ın iki lideri - Yuşşenko ilə Timoşenko arasında çəkişmələr öldürdü. Ukraynada inflyasiya da şişdi, korrupsiya da.

Ölkənin rus dilində danışan şərq regionuna müraciət edən Yanukoviç isə əmin edir ki, Ukrayna heç vaxt NATO-ya birləşməyəcək: «Ukrayna xalqının bu fikrinə hörmətlə yanaşılmalıdır və nəzərə alınmalıdır».

Maraqlıdır ki, seçki qurtaran kimi, elə bazar günündən Timoşenko ilə Yanukoviç birinci mərhələdə uduzan 16 namizədi öz tərəflərinə çəkmək uğrunda danışıqlara başlayıblar.

İKİNCİ MƏRHƏLƏDƏN NƏ GÖZLƏMƏK OLAR?

«Eurasia Forecasting, Exclusive Analysis» adlı beyin mərkəzinin sədr müavini Coanna Qorska deyir:

«Əgər Timoşenko udsa, ölkədə sabitlik daha tez bərpa olunacaq».

Bu perspektiv seçkilərdə mühüm rol oynaya bilər.
XS
SM
MD
LG