Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:41

«Partbiletimi Bakatinin ağzına soxdum»


İsgəndər Həmidov
İsgəndər Həmidov
ƏMƏLİYYAT BAŞLADI

«Yanvarın 19-dan 20-nə keçən gecə saat 21-də mənə xəbər gəldi ki, qoşun Bakıya girəcək. Üç istiqamətdən - Binə, aeroport tərəfdən, 20 yanvar tərəfdən, bir də ki, keçmiş «Naxçıvan» mehmanxanası (indiki «Hyatt Regency») tərəfdən. Salyan kazarmasına əsgərlər artıq yerləşmişdi. Mən bu məlumatları yoxlayırdım. Məsələn, əgər kazarma adətən 50 çörək alırdısa, «pekarni»dən bizə deyirdilər ki, artıq 550 çörək alırlar. Yəni heyət 10 dəfə artmışdı.

«СТРЕЛЯТЬ НА ПОРАЖЕНИЕ!»


12: 00-da əməliyyat başlamalıydı. Etibarla (AMİP lideri Etibar Məmmədov- red.) mən 20 yanvara, Yasamala getdik, çıxış elədik, camaata dedik ki, indi qoşun girəcək şəhərə. Bizdə olan məlumata görə, ruslara göstəriş var idi ki, «Стрелять на поражение!», yəni vurmağa birbaşa göstəriş var idi. Elə əməliyyatdan sonra 3 gün «rezervist»lər qaldılar Bakıda, sonra əsgərlərə təhvil verib getdilər.

BATAREYKA İŞIĞINDA ƏMƏLİYYAT


12: 00-da qoşunlar hər tərəfdən Bakıya girdilər. «20 Yanvar» metrosunun yanında, aeroportda, Salyan kazarmasında qoşunlar artıq var idi. Səttarxan zavoduna hücum elədilər. Orda aktivistlər varıydı. Camaata güllə atırdılar. Mən gecə 1-də DİN-ə gəldim. Artıq hər tərəfdən məlumatlar gəlirdi. Sonra yaralıları daşıdıq xəstəxanalara. İşıqları söndürdülər. Kimsə akkumulyator tapdı. Batareya işığında əməliyyatlar oldu. O şəraitdə işləyən həkimlər də böyük qəhrəmanlıq göstərdilər.

ƏLİYALIN CAMAATA ATIRDILAR

«Əməliyyat 12-dən 5-in yarısınacan davam etdi. İntensiv atəş 12-dən 1-cən olub. İriçaplı pulemyotlardan və tanklardan. Tanklar maşınları tapdalayıb əzirdi. Müqavimət-zad yox idi. Əliyalın camaata atəş açırdılar.

5-in yarısından sonra küçədə əsgərlər qalırdı, təkəmseyrək atırdılar. Aktiv faza bitəndən sonra Nərimanov yaxınlığında avtobusla növbədən qayıdanlara, maşınlara güllə atırdılar.


AJİOTAJ YARADIRDILAR

Yanvarın 20-də səhər bir görüntü yaratdılar. Salyan kazarması yanında evin üzərinə bir pulemyot qaldırdılar. Guya, bu pulemyot kazarmanı atəşə tutur deyə, başladılar binaya atəş açmağa. Nə ölən, nə yaralanan oldu. Jurnalistlər yığılmışdılar deyə, ajiotaj yaradırdılar, guya, gecə onlara qarşı qanlı hadisə baş verib.

«Rezervist»lər 3 gün şəhərdə növbə çəkdilər. Camaatı incidirdilər, saxlayırdılar, üstlərini axtarırdılar. Sonra fövqəladə rejim elan elədilər. Bakının komendantı Tyaqunov oldu. Televiziya verilişləri dayandı, ancaq komendantın icazəsi ilə veriliş olurdu, onların xəbərli gedirdi. Bir ay davam edən fövqəladə vəziyyətdə belə gizli vərəqələr yapışdırılırdı, gizli qəzet çap olunub paylanırdı.

«SƏHƏR» QƏZETİNDƏ FACİƏNİN İLK ŞƏKİLLƏRİ ÇIXDI

Jurnalistlər Məzahir, Fikrət, Elvüsal, Zülfüqar bir «Səhər» qəzeti buraxdılar, 22 yanvar - dəfn günü camaata payladılar. Birinci şəkillər onda getdi. Məzahir «Kommunist» qəzetində baş redaktorun müavini idi. «Kommunist» Mərkəzi Komitənin orqanıdır deyə, bundan istifadə elədilər.

DEDİM GƏLİN SSRİ-DƏN ÇIXAQ


21-də səhər saat 11-də bizi Daxili İşlər Nazirliyinin həyətinə yığdılar ki, nazir sizi çağırır. Mən həyətə getdim, milisioneri göndərdim, adamları ora yığdım. Orda bir hovuz vardı, onun üstünə çıxıb camaata dedim ki, gəlin qərar qəbul edək, Azərbaycanın Daxili İşlər Nazirliyini SSRİ-nin tərkibindən çıxaraq. Dedim ki, bilirəm bu hisslər sizin üçün çox aşağıdır. Ən azından gəlin bu milləti müdafiə eləyək ki, heç olmasa sizə rüşvət verənlər qalsınlar.

PARTBİLETİMİ ONUN AĞZINA SOXDUM


Elə bu vaxt bir dəstə avtomatlı-pulemyotlu rus «spesnaz»ı daxil oldu içəri, qabaqda da SSRİ-nin Daxili İşlər naziri Bakatin (Vadim Viktoroviç Bakatin, 1988-1990-cı illərdə SSRİ-nin Daxili İşlər naziri olub- red.). Bunlar yanvarın 21-də gündüz baş verirdi. Hamı yüyürdü onunla salamlaşdı. O əlini mənə uzadanda dedim ki, «əlini çək. Sənin əlin bizim millətin qanına bulaşıb». Partbiletimi onun ağzına soxdum. Bir anda silahlar mənə tuşlandı. Bakatin dedi ki, lazım deyil. Dedi «mən küçədə danışmıram, qalxaq zala». Təbii ki, yaltaqlar imkan vermədi danışmağa və Bakatin də daha danışmaq istəmədi. Ancaq mən zorla söz aldım, ona dedim ki, «sən, Qorbaçov, Yazov bu xalqın düşmənisiz. Siz qəddarsız, başkəsənsiz, qırğın törədənsiz. Yalandan küçəyə bir-iki dəmir-dümür atıb bu milləti qırmısız». O dedi ki, «Честное слово, я не подлец». Mənsə dedim ki, «Вы подлец и трус».

Ondan sonra bizim yaltaq polkovniklər məni çıxardılar bayıra. Nazirliyin həyətində təxminən 500-1000 nəfər vardı.


VƏZİFƏDƏN ÇIXARDILAR

Aydın müəllim (o vaxtkı Daxili İşlər naziri – red.) məni çağırdı, 3 gündən sonra məni vəzifədən çıxardılar. Sərəncamda qalmışdım, yəni işə gedib gəlirdim, ancaq ətrafımda bir boşluq yaranmışdı. Hamı uzaqlaşmışdı.

İyunda məni Bakıdan - hərəkatdan uzaqlaşdırmaq üçün Kəlbəcərin Xandərəsi deyilən yerinə posta yolladılar. Təxminən 20 nəfərlə. Avqustacan orda olduq, sonra qayıtdıq. Qayıdanda gördüm bizə narkoman, nəşəxor, bir dəstə başıpozğun deyirlər. İndi şükür Allaha, biz dediyimizi hamı deyir ki, bu, bir qəhrəmanlıq salnaməsidir».

1992- 1993-cü illərdə Azərbaycanın Daxili İşlər naziri olmuş İsgəndər Həmidov 1995-2004-cü illərdə həbsdə yatıb. O, korrupsiya və səlahiyyət həddini aşma ittihamları ilə 15 il azadlıqdan məhrum edilsə də, 2004-də əfv olunub. Hazırda Milli Demokrat Partiyasının lideridir.

Həmçinin bax

Bəxtiyar Vahabzadə: «Dubinyakın üzünə tüpürdüm ki, okkupant k...»

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG