Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:28

«Azərbaycanda insan haqlarının durumu daha da pisləşib»


 Ümumilikdə 90 ölkəni əhatə edən 612 səhifəlik hesabatda Azərbaycana 5 səhifə ayrılıb
Ümumilikdə 90 ölkəni əhatə edən 612 səhifəlik hesabatda Azərbaycana 5 səhifə ayrılıb
«Azərbaycanda insan haqlarının durumu daha da pisləşib».

«Human Rights Watch» (HRW) təşkilatının dünyada insan haqlarının durumuyla bağlı son hesabatında belə deyilir. Hesabata görə, 2009-cu ildə Konstitusiya dəyişiklikləri ilə bağlı referendum, iqtidarın jurnalistlərə qarşı hücumları, dini etiqad haqdakı qanuna məhdudlaşdırıcı müddəaların əlavəsi, polis və cəzaçəkmə məntəqələrində işgəncə halları, kobud rəftar, hüquq müdafiəçilərinin sıxışdırılması halları bunun əsas səbəbləridir.

SÖZ AZADLIĞI


Ümumilikdə 90 ölkəni əhatə edən 612 səhifəlik hesabatda Azərbaycana 5 səhifə ayrılıb. 5 səhifənin tam yarısı media azadlığı və vətəndaş cəmiyyətinin aktivliyinə həsr edilib. Hesabatın bu hissəsində 2008-ci ilin noyabrından sonrakı 1 il ərzində Azərbaycanda azı 9 jurnalistin böhtan maddəsi ilə cinayətdə ittiham edilməsi, Adnan Hacızadə və Emin Milli kim bloqqerlərin həbsi, jurnalistlərə qarşı zorakılıq hallarının araşdırılmaması və Milli Teleradio Şurasının xarici radiostansiyaların FM tezliyində yayımını dayandırmasından danışılır.

Üstəlik, mart referendumunda söz azadlığıyla bağlı bəzi hüquqların da məhdudlaşdırıldığı bildirilir.

DİN AZADLIĞI


«Human Rights Watch» söz azadlığı kimi din azadlığının da Azərbaycanda məhdudlaşdırldığını bildirir.

May ayında qəbul edilən «Dini etiqad azadlığı haqqında» yeni qanun və iyundakı bəzi əlavələrdən sonra bu azadlığın məhdudlaşdırılması daha bariz şəkil alıb. Ölkədəki dini qurumlar 1991-ci ildən sonra 3-cü dəfə təkrar qeydiyyatdan keçməyə məcbur edilir, dini qurumların təbliğat imkanları məhdudlaşdırılır.

İŞGƏNCƏ VƏ KOBUD RƏFTAR

18 mart referendumu
Azərbaycanda müvəqqəti saxlanma yerləri və həbsxanalarda kobud rəftar və işgəncə halları geniş yayılıb. Ötən ilin avqustunda həbsdəki redaktor Novruzəli Məmmədovun müalicə ala bilmədiyi üçün vəfat etməsi buna sübutdur.

SİYASİ MƏHBUSLAR

İqtidar hələ də siyasi məhbus problemini tam olaraq həll etməyib, məsələnin uzadılması Avropa Şurası Parlament Assambleyasını siyasi məhbus üzrə xüsusi məruzəçi təyin etmə cəhdinə səbəb olub. Siyasi səbəblərlə fəallar, iş adamları və başqalarının da həbsi halları davam edir.

BÜTÜN DÜNYADA AVTORİTAR REJİMLƏR AQRESSİVLƏŞİR


HRW-nın proqram direktoru Leyn Levin deyir ki, əslində, ötən il təkcə Azərbaycanda yox, bütün dünyada insan haqlarını pozan hökumətlər daha da aqressivləşib, hüquq müdafiəçilərinə qarşı hücumların da sayını artırıblar:

«İnsan haqları hərəkatının nüfuzunun bütün dünyada artması və yayılması üzündən hüquq pozuntularını qeydə alan və qarşısını almağa çalışan təşkilatlara və şəxslərə qarşı hücumlar da intensivləşib. Biz bunu dünyanın bir çox yerlərində, o cümlədən, İranda və post-sovet ölkələrində görürük».

Levinin sözlərinə görə, insan haqlarını ənənəvi olaraq pozması ilə ad çıxaran Çin, İran, Şimali Koreya və Birma kimi rejimlərin sayı son illərdə lap artıb. Bir-iki istisna olmaqla post-sovet ölkələrinin əksəriyyəti və o cümlədən Azərbaycan da bu siyahıya qoşulub.

Rusiya, Ermənistan, Belarus, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan da artıq daim insan haqlarının pozulduğu ölkələr siyahısındadırlar. Ukrayna və Gürcüstanda isə vəziyyət elə də yaxşılaşmır.
XS
SM
MD
LG