Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:54

Üzeyir Bəy Hacıbəyli "Küyçülük"


Tək bir dava söhbətlərində küyçül deyilik. Hər bir barədə küyçülük.

Bir adamı pisləyəndə elə pisləyirik ki, eşidənlər o adamdan nifrət edirlər.

Amma sonra yeri düşür ki, haman adamla görüşməyə və görüşüb danışmağa məcbur oluruq, baxıb görürük ki, xeyr a!

Bu adam deyilən kimi bir o qədər də pis deyildir.

Bir az da ora-burasını qurdalayıb görürük ki, hələ desən bu adam onu pisləyənin özündən bir qədər də yaxşıdır.

Bir az da dərin baxıb, ölçüb biçəndən sonra məlum olur ki, pis adam bu deyilmiş, bəlkə bunu pisləyənin özü imiş.

Həmçinin, birisini tərifləyəndə, onu götürüb ərşi-fələkə qalxızırıq və özümüz də deyirik:

«Dünya yaranandan bəri bu cürə adam dünyaya gəlməyib və bundan sonra da heç gəlməyəcək...»

O qədər tərif və tövsif olunur ki, eşidənlər az qalırlar ki, onun kölgəsinə də salam versinlər.

Amma sonra küyçülüyümüz məlum olur. «Məruf» adamın bir o qədər də tərifə layiq olmadığı get-gedə aşkar olur.

Və yainki binəva bu qədər tərif olunandan sonra onu görməyənlər elə bilirlər ki, bu məlakədir.

Odur ki, sonra görüşəndə məlakə fikir etdiyimiz adamı lap adi bir insan görüb keyfdən düşürük…

* * *

Belə-belə şeylərin və hər bir kələ-kötürlərimizin səbəbi odur ki, tənqidçimiz yoxdur.

Hər kəs bildiyini eləyir, bildiyini işlədir, bildiyini yazır, bildiyini deyir, bildiyini əmələ gətirir.

Bir adam da olmur ki, bu işlərin yaxşı tərəfini yaxşı ayağına, pis tərəfini pis ayağına verib, yaxşını yamandan ayırsın.

Biləks, «tənqidçi»lərimiz var, yəni yalançı tənqidçilər ki, yaxşıya pis və pisə yaxşı deməyə insafı yol verir. Bu yalançı tənqidçilər iki cürədirlər:

Birisi anlaya-anlaya pisi yaxşı və yaxşını pisləyir, çünki tərəzi-şəxsisi var və o qərəzli-şəxsisini hər bir şeydər əvvəl tutur.

Birisi də anlamadığına görə, pisə yaxşı və yaxşıya da pis deyir, çünki başa düşmür və ağlı kəsmir.

Hər ikisinin cəmiyyətə zərəri vardır.

* * *
Dünyada iki şey var: haqq və nahaq.

Kişilik nədədir?

Kişilik ondadır ki, tutduğun işin nahaq olduğunu sənə bildirəndə boynuna almaq və bir də özgəsinin tutduğu işin də haqq olduğunu iqrar etmək.

Hərgah hər bir işlərimizdə belə mərdanə olsaq, böyük hünər sahibi olarıq.
XS
SM
MD
LG