Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Tolstoya, Prusta, Borxesə, Nabokova niyə Nobel mükafatı verməyiblər?


Ədəbiyyat üzrə Nobel Mükafatı dəfələrlə tənqid hədəfi olub.

Məşhur yazıçılar istedadlı şəxslərin bir çoxuna Nobel Komitəsinin qiymət qoymadığını etiraf ediblər.

Məsələn Marsel Prust, Ezra Paund, Ceyms Coys, Vladimir Nabokov, Xorxe Luis Borxes, Avqust Strindberq, Artur Miller, Yannis Ritsos və başqaları bəzən siyasi, bəzən də ədəbi səbəblərə görə mükafatdan kənarda qalıblar.

Rus yazıçılarından Lev Tolstoyun Nobel almamasının isə başqa səbəbləri olub. Bəziləri hesab edir ki, burada tarixən İsveçdə Rusiyaya bəslənən antipatiyanın rolu olub.

"MƏN DOKTORLUQ DİSSERTASİYAMI ARTIQ YAZMIŞAM"

İkinci dünya müharibəsindən sonra Nobel Komitəsi neytrallıq siyasəti yolunu tutdu və münaqişə aparmayan ölkə yazıçılarına üstünlük verməyə başladı.

Çex yazıçısı Karel Çapekin “Tritonlarla müharibə” əsəri məhz həmin dövrün məhsuludur.

Xorxe Luis Borxes

Əsərin alman hökumətini təhqir etdiyi hesab edilirdi, ancaq yazıçı mükafat naminə ona dəyişiklik edib, daha yumşaq ifadələrdən istifadə etməkdən boyun qaçırmışdı. "Mən doktorluq dissertasiyamı artıq yazmışam" demişdi.

1964-cü ildə Jan Pol Sartra Nobel Mükafatı veriləndə yazıçı bundan imtina edib və deyib: “Jan Pol Sart” və “Nobel mükafatçısı Jan Pol Sartr” imzaları arasında fərq var. Heç bir yazıçı özünün instituta, təşkilata çevrilməsinə razılıq verməməlidir, hətta çox hörmətli şəkildə baş versə belə”.

Nobel Ədəbiyyat Mükafatının tənqidçilərinin əsas gətirdikləri məqamlar aşağıdakılardır:

- Nobel komitəsi Qərbin tarixi-mədəniyyət ənənəsi olduğundan, təəccüblü deyil ki, Nobel ədəbiyyat mükafatını əsasən Avropa və ABŞ yazıçıları alır. Uzun əsirlik tarixi olan Asiya, o cümlədən Afrika ədəbiyyatının təmsilçilərinə mükafat nadir hallarda çatıb.

- Qərb ədəbiyyatı nümayəndələri arasında Skandinaviya ölkələri – Norveç, İsveç, Finlandiya və Danimarkanın çəkisi daha artıqdır. Xüsusilə 20-ci əsrin 30-cu illərində Skandinaviya yazıçıları üstünlük təşkil edib.

- 20-ci əsr ədəbiyyatının inkişafına töhvəsini vermiş yazıçıların çoxu mükafat almayıb. Onların əvəzinə daha az tanınanlar seçilib. Bir çox Nobel mükafatçıları öz mühazirə və müsahibələrində mükafat almayanların "Nobel"ə daha çox layiq olduğunu bildiriblər.

Sinkler Lüis və Con Steynbek Şervud Andersonun, Xuan Ramon Ximenes – Federiko Qarsia Lorkanın, Fransua Moriak – Avqust Strindberqin, Ulyam Folkner – Tomas Vulfun, Elias Kanetti – Roberto Muzilin, Pablo Neruda – Pol Valerinin, Günter Qrass Alfred Dyöblinin adlarını çəkiblər.

- Bir çox hallarda mükafat ideoloji əsaslarla verilib, ya da eyni əsasla verilməyib. Məsələn, Azadlıq Radiosunun rus xidmətinin bu yaxınlarda dünyasını dəyişmiş əməkdaşı, yazıçı Pyotr Vayl hesab edirdi ki, “Nobel Komitəsi istənilən ziyalı cəmiyyəti kimi sol düşüncəli insanlardan ibarətdir.

Məhz buna görə 20-ci əsrin görkəmli yazarı Borxesə Nobel mükafatı verilməyib. Belə ki, Pinoçetlə görüşüb, onun əlini sıxan yazıçı kommunistləri devirdiyinə görə Pinoçeti tərifləyib. Borxesin yazıçı kimi böyüklüyünü dərk etsələr də, Pinoçeti ona bağışlamadılar”.

"DAR DÜŞÜNCƏLİ" TOLSTOY?

Rusiya yazıçılarına münasibətə gəlincə, İsveç akademiyası Lev Tolstoyun namizədliyini qəbul etməkdən imtina edib. Akademiyanın katibi Karl Virsen demişdi ki, “bu yazıçı sivilizasiyanın bütün formalarını pisləyir və əvəzində özlərinin yüksək mədəniyyətdən ayrılmış primitiv həyat tərzini qəbul etməyi təkid edir... Heş kim belə baxışlarla həmrəy ola bilməz”.

Orhan Pamuk

Nobel mükafatına layiq görülən rusiyalı yazıçıların əksəriyyəti sovet rejimi ilə münaqişədə idi. Bunin və Brodski mühacir idilər. Soljenitsın dissident idi. Pasternak isə xaricdə nəşr edilən romana görə Nobel mükafatına layiq görülüb.

Hindistan əslili Britaniya yazıçısı Salman Rüşdinin də indiyə qədər “Nobel”siz qalmasını haqsız sayanlar var.

1989-cu ildə “Şeytan ayələri” kitabına görə Rüşdinin ölümünə İranın ali dini lideri Xomeyni tərəfindən fitva veriləndən sonra Nobel Komitəsi onu dəstəkləməkdən imtina etmişdi və buna görə komitənin iki üzvü istefa vermişdi.

2005-cü ildə mükafat Elfred Yelinekə veriləndə komitənin daha bir üzvü Knut Ahnlund istefa verdi.

Onun fikrincə, az tanınan və yaradıcılığında pornoqrafik təsvirlərə yol verən Yelinekə mükafat vermək Nobel Komitəsinin imicinə “bərpası mümkün olmayan zərbə vurub”.

2006-cı ildə türk yazarı Orhan Pamuka Nobel mükafatı veriləndə bunu onun "erməni soyqırımı"nın tanınmasına çalışanlarla əlbir olması ilə əlaqələndirənlər oldu.

XS
SM
MD
LG