Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Naxçıvan hesabatı: ən repressiv region


«Bakıdakı beynəlxalq icma nüfuzlu Naxçıvan klanı və Azərbaycan hökuməti ilə münasibətləri korlamaq istəmir».

«Naxçıvan Azərbaycanın ən repressiv və avtoritar regionudur. Naxçıvan lideri Vasif Talıbovun son on ildəki hakimiyyəti cəmiyyətdə ümidə yer qoymur».

İlk dəfədir ki, beynəlxalq təşkilat - Norveçin Helsinki Komitəsi Naxçıvan haqda hesabat yayıb: «Azərbaycanın qaranlıq adası: Naxçıvanda insan haqları pozuntuları».

55 SƏHİFƏLİK HESABATDA NƏLƏR DEYİLİR

«Naxçıvanda vətəndaş cəmiyyəti və müstəqil media demək olar ki, yoxa чıxıb. Rejimin siyasi opponentləri təzyiq altındadır. Rejimin əleyhinə danışanlar ruhi xəstə elan olunur ya da Naxçıvandan qovulur».

«Naxçıvan Azərbaycanın tərkib hissəsi olsa da, xeyli müstəqildir. Qərb təşkilatlarının, insan haqları qurumlarının nümayəndələri və tənqidi jurnalistlər Naxçıvana sərbəst gedib, birbaşa informasiya almaqda çətinlik çəkirlər.

Bir çox hallarda onları təhlükəsizlik agentləri izləyir. Xarici və azərbaycanlı jurnalistləri tutub-saxlayıb, sonra da Naxçıvandan çıxarırlar».

QEYRİ-MƏHDUD HAKİMİYYƏT


«Sovet İttifaqı dağılandan sonra resursların bir neçə əldə cəmlənməsi Naxçıvanda hakim rejimə qeyri-məhdud hakimiyyət verib.

Ədliyyə sistemi hakim elitanın xidmətçisidir və əlində oyuncaqdır».

«Naxçıvanda ictimai narazılığı nəzarətdə saxlamaqda və bu narazılığı dərhal boğmaqda hakim rejim təhlükəsizlik qüvvələrindən və polisdən asılıdır. Ona görə polis faktiki cəzasızlıq şəraitində işləyir.

Camaatı itaətdə, ictimai narazılığı cilovda saxlamaq üçün cəmiyyətdə qorxu yaymaq əsas instrumentdir».

Naxçıvanda iməcilik, sentyabr 2007

FEODALSAYAĞI SİSTEM

«Naxçıvandakı feodalsayağı sistem siyasi elitanın maliyyə cəhətdən yararlanması üçün möhtəşəm layihələri, məsələn, tikinti layihələrini dəstəkləməklə ölkə büdcəsi ilə manipulyasiya edir.

Azərbaycan büdcəsi Naxçıvana böyük miqdarda pul ayırır, ancaq korrupsiya bu pulun böyük hissəsini yeyir».

«İşsizliyin yüksək səviyyəsi naxçıvanlıları Türkiyəyə, Rusiyaya, Bakıya iş axtarmağa getməyə məcbur edir».

BAKIDAKI BEYNƏLXALQ İCMA TALIBOVA GÜLÜR, AMMA...

«Azərbaycandakı beynəlxalq icma çox vaxt Talıbovun komik despotizminə gülür, çayxananın, eyvanda paltar qurudulmasının qadağan olunmasına ekssentrizm kimi baxır. Ancaq reallıq daha təhlükəlidir».

«Nəticə çıxartmaq çətin deyil ki, Bakıdakı beynəlxalq icma nüfuzlu Naxçıvan klanı və Azərbaycan hökuməti ilə münasibətləri korlamaq istəmir».

«Əgər indiki vəziyyət davam etsə və Bakıdakı beynəlxalq icma Naxçıvandakı rejimi tənqid etmədən onu dəstəkləməkdə davam etsə, 2010-cu ilin parlament seçkilərinə qədər Naxçıvanda olan-qalan, hökumətin sözünü deməyən təşkilatlar da yoxa çıxacaq».

«Beynəlxalq ictimaiyyət totalitar rejimi dayandırmaq və vətəndaş cəmiyyətinə dəstək üçün hər işi görməlidir».

«Hesabat Naxçıvanda, yerində aparılan araşdırma, çap olunan məqalələr və yerli insanlarla söhbət əsasında hazırlanıb. Təhlükəsizliyə görə, həmin adamların çoxunun adı dəyişdirilib».
XS
SM
MD
LG