Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

Avropa Məhkəməsinə şikayət edən polis həbsdədir


Emin Əhmədbəyovun məhkəməsi
Emin Əhmədbəyovun məhkəməsi
«Deyəydilər ki, a kişi, səni tutacayıq, ona görə ki, sən vətəndaşlıqdan imtina eləmisən, işin Avropa Məhkəməsindədir. Səndən xahiş edirik, yaz raportunu, çıx işdən. Mən də başa düşərdim, yazardım raportumu çıxardım işdən».

Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinin növbətçi hissəsinin məsul növbətçisinin köməkçisi vəzifəsində işləmiş polis mayoru 42 yaşlı Emin Əhmədbəyovun məhkəməsi keçirilir. O, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və zor tətbiq etməkdə təqsirləndirilir. İttihama görə, Emin Əhmədbəyov ötən il dekabrın 1-də Yasamal rayonu ərazisindəki Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polis müfəttişi Məhərrəm Qurbanovla mübahisə edib və ona xəsarət yetirib.

6-CI SİNİF ŞAGİRDİ DEYİR Kİ....

Fevralın 22-də keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Onların ifadələrindən belə bəlli olur ki, baş vermiş insidentdə əslində yol polis müfəttişi təqsirli olub. Məsələn, 6-cı sinif şagirdi Həcər Məmmədova məhkəmənin nəzərinə çatdırıb ki, hadisəni evlərinin pəncərəsindən görüb. Yol polisi əvvəlcə sürücünün mobil telefonunu və sənədlərini əlindən alıb, sonra yaxasından tutaraq sürüyüb və təpiklə sürücüyə zərbə vurub. Daha sonra sürücüdən əl çəkərək xidməti maşınına oturub. Bir neçə saniyədən sonra maşından düşüb, öz çiynindəki poqonlarını dartışdıraraq cırıb.

Sonradan ittiham aktında bu hadisə əksini belə tapıb ki, yol polisinin poqonunu Emin Əhmədbəyov cırıb.

«HEYDƏR ƏLİYEVİN QURDUĞU DÖVLƏTİN AXIRI... »

Emin Əhmədbəyov isə məhkəmə iclasında bildirib ki, həbsi sifarişlidir. O, daxili işlər orqanında işləyə-işləyə hüquqlarının tapdanması ilə bağlı prezidentə vətəndaşlıqdan imtina üçün iki dəfə müraciət edib və Avropa Məhkəməsinə şikayət göndərib.
Polis işçisi özünü repressiya qurbanı hesab edir:

«Mən heç vaxt bilməzdim ki, Heydər Əliyevin qurduğu dövlətin axırı repressiya olacaq. Özü də polis işçilərinə qarşı. Elə çıxır ki, Heydər Əliyev 93-cü ildən əziyyət çəkə-çəkə dövlət qurub, onun da axırı repressiyadır».

Polis mayorunu vətəndaşlıqdan imtina etmək və Avropa Məhkəməsinə üz tutmaq dərəcəsinə çatdıran səbəb nə imiş?

Emin Əhmədbəyovun həyat yoldaşı, polis kapitanı Nigar Əhmədbəyova deyir ki, əri 18 ildir ki, daxili işlər orqanında çalışır. Yaxşı işçi kimi fərqləndiyindən bir neçə il əvvəl ona Akademiya təhsili olmadan leytenant rütbəsi verilib ki, bu da daxili işlər orqanında müstəsna hal sayılır.

PREZİDENTƏ İLK MÜRACİƏT

Nigar Əhmədbəyova deyir ki, əri 2003-cü ildə Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının rəisi olmuş polkovnik-leytenant Namiq Ələsgərovla aralarındakı narazılığa görə daxili işlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanından xaric edilib.

3 il işsiz qalandan sonra 2006-cı ildə vətəndaşlıqdan imtina xahişi işə prezidentə müraciət edib:

«Mənim ərim 3 il işsiz qalandan sonra prezidentə müraciət elədi ki, polisdə can qoyub, haqsızlıqla üzləşib, Azərbaycan vətəndaşlığından imtina etdiyini göstərdi. Bu müraciətə baxıldı və Ramil Usubov bizi qəbul elədi».

Onun sözlərinə görə, nazir onu, həyat yoldaşı Emin Əhmədbəyovu və poliklinikanın rəisi Namiq Ələsgərovu qəbul edərək məsələni aydınlaşdırıb.
Bundan sonra nazir poliklinika rəisini daxili işlər orqanından xaric edərək Emin Əhmədbəyovu işə bərpa edib.

Emin Əhmədbəyov daxili işlər orqanına bərpa olunandan 3 il təqsirsiz yerə işsiz qaldığını əsas gətirərək Daxili İşlər Nazirliyindən həmin illərdə ona çatacaq maaşları tələb etməyə başlayıb. 2006-cı ildə məhkəmədə ilk iddia tələbini irəli sürüb. Məhkəmə iddiaya 2 ildən sonra baxıb.

QÜSURSUZ XİDMƏTƏ GÖRƏ MEDAL

Emin Əhmədbəyov 2008-ci ilin aprel ayında qüsursuz xidmətinə görə üçüncü dərəcəli medalla təltif olunub. Ancaq bu da polis mayorunu iddiasından döndərə bilməyib. Səbail rayon Məhkəməsi onun iddiasını təmin edib. Lakin yuxarı məhkəmələr Səbail rayon Məhkəməsinin qətnaməsini ləğv ediblər.

Emin Əhmədbəyov Konstitusiya Məhkəməsinə, daha sonra isə Avropa Məhkəməsinə müraciət edib. Həbs olunmamışdan 1 ay əvvəl isə vətəndaşlıqdan imtina etməklə bağlı prezidentə növbəti dəfə rəsmi müraciət edib:

«Hadisədən bir ay əvvəl biz ailəliklə sənədlərimizi prezident aparatına vermişdik, müraciət etmişdik ki, burda yaşamaq istəmirik, burda haqsızlıq baş alıb gedir».

Nigar Əhmədbəyovanın sözlərinə görə, həyat yoldaşının həbsi sifarişlidir:

«Uşağı məktəbə qoyub qayıdanda gördük ki, bizim maşının arxasınca yol polisi maşını gəlir. Emin əlini çiyninə aparıb işarə elədi ki, mən də polis işçisiyəm. Buna baxmayaraq maşını saxlatdılar. Maşından düşüb vəsiqəsini göstərdi, dedi ki, hansı qaydanı pozmuşam, sonra sənədlərini əlindən aldı, qaytarmadı. Yol polisi başladı nalayiq söyüşlər söyməyə».
XS
SM
MD
LG