Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:44

Elmira Süleymanovanın adı siyahıda birincidir...


Parlamentin İnsan Hüquqları Komitəsinin iclası, 25 fevral 2010
Parlamentin İnsan Hüquqları Komitəsinin iclası, 25 fevral 2010
RƏBİYYƏT ASLANOVA KONKRETLİK İSTƏYİR

«Kim seçiləcəksə, ona deyirəm: Hörmətli namizədlər, Milli Məclisə hesabata gələrkən, hazırladığınız hesabatlarda konkretlik olsun. Bir məmur qorxusu olmasın. Konkret adlar çəkilsin. Heç olmasa ictimaiyyət və millət vəkilləri bilsin ki, qanunsuzluq törədənlərin adı, soyadı, mövqeyi nədir. Sizin ombudsman olaraq ona gücünüz çatmasa da heç olmasa millət vəkillərini məlumatlandırın ki, bizim ona gücümüz çatsın».

Bu, parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın ombudsmanlığa namizədlərə müraciəti idi.

Fevralın 25-də komitə Azərbaycanın insan haqları müvəkkili postuna namizədlər məsələsini müzakirə edərkən Rəbiyyət Aslanova dedi ki, gələn hesabatlar ümumi icmal xarakteri daşıdığı və bir dənə də konkret soyad olmadığı üçün heç kəs cəzalandırılmır. Halbuki, hüququ pozulan konkret şəxs olduğu kimi hüququ pozan konkret məmur da olmamış deyil.
Rəbiyyət Aslanova
İnsanlar da Ombudsman Aparatından məhz bunu gözləyirlər.

Bu günlərdə prezident İlham Əliyev Konstitusiyaya uyğun olaraq (109-cu maddənin 14-cü bəndi) ombudsman postuna namizədlərin adlarını təqdim edib.

Namizədlər hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.

Komitə məsələni Milli Məclisin martın 5-nə nəzərdə tutulan iclasına tövsiyə etsə də, müzakirələr iradsız ötüşmədi.

Deputat İqbal Ağazadə hesab etdi ki, hökumətin əvvəlki ombudsmanı öz postunda saxlamaq istəyi çoxdan bəllidir. İndi təqdim olunan siyahıda Elmira Süleymanovanın adının birinci yazılması da bunu təsdiqləyir:

HAKİMİYYƏT KİMİ SEÇMƏK İSTƏYİR, ONUN ADINI BİRİNCİ YAZIR

«Siyahı hansı prinsiplə tərtib olunub, bu, aydın deyil. Bu sualın bircə cavabı var. Hakimiyyət kimi seçmək istəyir, onun adını birinci yazır. Hüquqda, qanunda çox açıq şəkildə yazılıb ki, bu şəkildə təqdim olunan namizədlərin adı əlifba sırası ilə tərtib olunmalıdır. Məhz bu ardıcıllıqda siyahının tərtib olunması komitəyə, deputatlara əvvəlcədən bir işarədir ki, kim seçilməlidir. Bu, keçən dəfə də belə olmuşdu».

İqbal Ağazadə
İqbal Ağazadə hesab edir ki, 7 il kifayət qədər yetərli müddətdir ki, ombudsman həm özünü həm də bu institutu insan haqlarının qorunması sahəsində tanıtdıra bilsin.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov isə deyir ki, tərcümeyi-hallarından göründüyü kimi digər iki namizəd çox perspektivli yeni kadrlardır. Bu onu göstərir ki, prezident öz seçimində yanılmayıb və onun cavanlara, yeni kadrlara meyli çox güclüdür. O ki, qaldı Elmira Süleymanovanın adının siyahıda birinci olmasına, cənab Abramov İqbal Ağazadənin bu barədə fikirləri ilə razılaşmır:

SON SÖZÜ DEPUTATLAR DEYƏCƏKLƏR

«Siyahıda Elmira xanımın adının birinci yazılması kifayət qədər təcrübəsi olan deputatlara mesaj ola bilməz. Bu gün burada kimisə tərifləsək də, biz cəmiyyətdə bir ajiotaj yarada bilmərik. Son sözü deputatlar özləri deyəcəklər».

Azərbaycanda «İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında» qanun 2001-ci ildə qəbul olunub. 2002-ci ildən bu təsisat fəaliyyətdədir. 2009-cu ilin yayında qanuna bir sıra dəyişikliklər edilərək bir şəxsin bir dəfədən artıq ombudsman seçilməsinə, eləcə də səlahiyyət müddəti başa çatan ombudsmanın bu postda onu yeni müvəkkil əvəzləyənə qədər öz vəzifəsini davam etdirməsinə imkan yaradılıb. Halbuki, buna qədər yalnız bir dəfə ombudsman seçilmək mümkün idi.

Yevda Abramov
Məhz bu dəyişikliyə əsasən fəaliyyət müddəti 2009-cu il iyunun əvvəlində başa çatan Elmira Süleymanova hələ də vəzifədə qalır. Sözügedən dəyişikliklərdən sonra Milli Məclisin dəhlizlərində, o cümlədən mediada onun yenidən ombudsman seçiləcəyi barədə fikirlər səslənməkdədir.

Elmira Süleymanova özü isə deyir ki, əslində, bütün dünyada ombudsman fəaliyyəti fasiləsiz mandat üzrə həyata keçirilir. Azərbaycanda qanunun əvvəl o şəkildə qəbul edilməsi təcrübəsizlikdən irəli gəlirdi.

Elmira Süleymanovanın fəaliyyəti dövründə parlamentə illik hesabatları heç vaxt birmənalı qarşılanmayıb. Müzakirələrin gedişində bəzi millət vəkilləri bu hesabatların ehtiyatlı hazırlandığını, öz vəzifəsindən sui-istifadə edərək vətəndaşların hüquqlarını pozan yüksək çinli məmurların adlarının sənədə salınmadığını irad tutublar.

«BU SİSTEMDƏ ORA KİM TƏYİN OLUNUR OLUNSUN…»

Hüquqşünas Erkin Qədirli deyir ki, Elmira Süleymanova yanılmır, dünyada konkret məhdudiyyət nəzərdə tutulmayan modellər var.
Erkin Qədirli
Yəni, bəlli yaş həddinə qədər və ya özü istefa verənə, yaxud qanunu pozanadək ombudsmanın vəzifədə qalması təcrübəsi mövcuddur. Ancaq Azərbaycan kimi parlamenti zəif olan bir sistemdə, onun insan haqları müvəkkili heç zaman səmərəli ola bilməyəcək:

«Milli Məclisin özünün zəifliyindən onun təsis etdiyi və ona hesabat verən təsisatların da səmərəsizliyi doğur. Bu sistemdə ora kim təyin olunur olunsun, həmin təsisat səmərəsiz olacaq. Bu müddət məsələsi deyil və səlahiyyətlərin həddən artıq geniş olması onun səmərəsizliyini şərtləndirir».

Erkin Qədirli əlavə edir ki, əksər ölkələrdə hər bir insan haqları sahəsi üzrə ixtisaslaşmış ayrıca ombudsmanlar var. Əgər söhbət dünyadakı modellərdən gedirsə, bu modelə müraciət etmək olar. Çünki aradan keçən müddət bu qədər hüquqların bir adama verilməsinin səmərəsiz olduğunu göstərdi.

Namizədlər

NAMİZƏDLƏR

Elmira Süleymanova
Teymur Məlikaslanov
Faiq Qurbanov
XS
SM
MD
LG