Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:34

Bütün yollar Tehrana aparır...


İlham Əliyev Şimon Peresi qəbul edir, 28 iyun 2009
İlham Əliyev Şimon Peresi qəbul edir, 28 iyun 2009
13 il əvvəl o vaxtki Azərbaycan prezidenti Heydər Əliyev İsrailin baş naziri Benyamin Netanyahunu Bakıda qəbul edəndə, bu, siyasi riskli qərar kimi qiymətləndirilirdi. Yer qırmızı xalçalarla döşənmədi, görüş çox açılıb-ağardılmadı.

Bu gün belə ehtiyat artıq lazım deyil.

İsrail liderlərinin Azərbaycana səfəri daha ziddiyyət mənbəyi deyil, amma Azərbaycan-İsrail münasibətləri hələ də mürəkkəb bir fenomen olaraq qalır. Ona görə də bu münasibətlərə birmənalı qiymət vermək elə də asan deyil.

Azərbaycan əhalisinin əksəriyyəti şiə olan müsəlman ölkəsi olsa da, azərbaycanlıların əksəriyyəti İsrailin düşməni olan qonşu İranda yaşasa da, Azərbaycan kəşfiyyat məlumatlarını yəhudi dövləti ilə bölüşür, İsraildən silah alır, onların arasında qarşılıqlı etibar var. Bütün bunlar sivilizasiyaların toqquşması kimi tipik nəzəriyyələrə əhəmiyyət verməməkdir və hətta ziddir.

Bu qeyri-formal alyans regionda mühüm rol oynayan Rusiya, İran kimi güclərin oyununu pozmaqdır.

Hər iki tərəfin bir-birinə etimadını və münasibətlərin səviyyəsini görənlər üçün gözlənilməz səslənə bilər ki, bu 18 ildə Bakı ilə Tel-Əviv arasında heç bir rəsmi müqavilə imzalanmayıb.

Hətta İsraildə səfirliyin açılmağı barədə də Azərbaycan rəsmiləri aydın bir söz demirlər.

Niyə? Cavab İrandır.

BÜTÜN YOLLAR TEHRANA APARIR

«Bu gün hamı başa düşür ki, İran niyə nəyin bahasına olur-olsun Azərbaycan-İsrail yaxınlaşmasının qabağını almaq istəyir. Bu, İslam Respublikasının ən vacib strateji prioritetlərindən biridir. Tehran gözəl başa düşür ki, Bakı ilə Tel-Əviv nə qədər güclü bağlanırsa, İran bir o qədər zəifləyəcək», - bunu AzadlıqRadiosunun Azərbaycan Xidmətinə müsahibəsində İsrail parlamenti, Knessetin keçmiş üzvü, əslən bakılı İosif Şaqal deyir.

Regional liderlik arzusunda olan İran çox istərdi ki, Azərbaycan onun qaydaları ilə oynasın. Bunun əvəzində Azərbaycan hakimiyyəti nəinki İranın diktəsi altda olmaq istəmir, hətta oyunda qırmızı xətti keçir.

İranın bu xırda Qafqaz dövlətinin Yəhudi dövləti ilə kontaktlarını kəsmək üçün nə qədər çalışdığını təsəvvür etmək çətin deyil.

«2009-cu ildə İsrail prezidenti Şimon Peresin Bakı səfərinə İran prezidenti Mahmud Əhmədinejadın reaksiyası çox səciyyəvidir. İran lideri isteriya tonu ilə tələb edirdi ki, Azərbaycan rəhbərliyi «müsəlmanların əsas düşməni» olan dövlətin başçısının səfərini ləğv etsin»- bunu deyən Şaqal hesab edir ki, belə reaksiya əks nəticə verdi. Şimon Peresi Azərbaycan hörmətlə qarşıladı.

DİPLOMATİK ASSİMETRİYA

İran Azərbaycanla İsraili ayrı saxlamaq iqtidarında olmasa da, bir məsələdə uğur qazana bilib. İsrail nə qədər istəsə də, Azərbaycan indiyə kimi İsraildə səfirlik açmayıb.

Bu da diplomatik asimmetriya yaradır. Çünki İsrailin 16 ildir ki, Azərbaycanda səfirliyi var.

«İsraildə səfirlik açmağa İranın necə reaksiya verə biləcəyini öyrənməyə Bakının göstərdiyi cəhdlərə İran həmişə ultimatumlarla cavab verib»- bunu deyən Şaqal hesab edir ki, zərərçəkən təkcə İran-Azərbaycan münasibətləri olmayacaq, Dağlıq Qarabağ məsələsində Bakıya ziyan dəyə bilər.

Şaqal deyir: «Əgər Azərbaycan İsraildə səfirlik açsa, İran öz növbəsində İslam Konfransı Təşkilatı çərçivəsində bəyan edəcək ki, Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləmir. Bununla da, Azərbaycanın və onun dostlarının İslam Konfransı daxilində səylərini heçə endirəcək».

İsrail-Azərbaycan münasibətlərini araşdıran müstəqil ekspert Aleksandr Mirinson da ehtiyat edir ki, Bakı İsraildə səfirlik açsa, çətinliklərlə üzləşəcək.

«İran Azərbaycan hakimiyyətinə problem yarada və ölkədəki sabitliyə təsir edə bilər. Bu, İsraillə Azərbaycanın münasibətlərinə İranın nüfuz etməsinin başqa yoludur. İran Bakıya bu yolla təzyiq vasitəsini tətbiq edə bilər və bu baş versə, sürpriz olmayacaq».

«Azərbaycana İrandan həmişə ideoloji, iqtisadi və siyasi təsir təhlükəsi olub və bu davam edir. İranın Azərbaycanda dini şəbəkəsi var və bu, Azərbaycanın dünyəvi quruluşunu laxlada bilər».

Ancaq bütün bunlara baxmayaraq, fevralın ortalarında İzRus portalı Azərbaycandakı İsrail səfirinin dediyini yaydı ki, Bakı tezliklə İsraildə səfirlik aça bilər.
Mirinson xatırladır ki, belə bəyanatlar 2006-cə ildə də səslənirdi, ancaq reallaşmadılar. Lakin Mirinsonun fikrincə, bu dəfə səfirliyin açılması baş tuta bilər.

İosef Şaqal
«Bu, neçə ildir ki, gözlənilir, çünki əlaqələr həm iqtisadi, həm də hərbi sahədə genişlənir».

Səfirin dedikləri «çox dərin strateji əməkdaşlıq səviyyəsində müəyyən razılaşmanın əlaməti ola bilər».

Səfirlik açılsa, bu, İsrailin beynəlxalq aləmdəki mövqeyini möhkəmlədə bilər.

«Dünyada çox güclü diplomatik təzyiqlə üzləşən İsrail göstərəcək ki, şiə ölkəsi İsraildə səfirlik açırsa, deməli, İsrail regionun dostudur. Azərbaycan belə gediş etsə, İsrail dövlətinə çox mühüm, pozitiv dinamika verəcək».

Londonun «City» Universitetində Yaxın Şərq üzrə mühazirə oxuyan Aran Amnon deyir ki, İranın nüvə proqramı İsrailin xarici siyasətinin maraq dairəsinə çıxdığı bir vaxtda, Tel Əviv Bakı ilə münasibətlərin güclənməsində xüsusilə maraqlıdır.

«İsrail mümkün qədər çox ölkə ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Xüsusilə o ölkələrlə ki, İrana təsir edə bilərlər».

Ancaq beynəlxalq aləmdə hər bir ölkə öz maraqlarından çıxış edir. Bu gedişin İsrailə xeyri aydındır. Ancaq Azərbaycan niyə siyasi riskə getməkdə maraqlı olmalıdır?

Mirinson Türkiyə-Ermənistan münasibətlərindəki yeni yanaşma və Türkiyə-İsrail münasibətlərindəki
soyuqlaşma ilə yaranan yeni dinamikanı əsas gətirir.

Ancaq bütün bunlarla yanaşı, Azərbaycanın İsraildə səfirlik açacağını demək hələ tezdir.

AZƏRBAYCANIN İSRAİL CƏBBƏXANASI

Əslində Azərbaycanın İsraillə yaxınllaşmasının başqa səbəbləri də var. Dünyanın əsas silah ixracatı ölkələrəndən olan İsrail hərbi əməkdaşlıq üçün cəlbedici tərəf sayılır. Xəbər verilirdi ki, Qarabağ müharibəsindəki ağır itkilərdən sonra ordusunu yenidən quran Bakıya köməklik göstərən məhz İsrail idi. İsrail şirkətləri Azərbaycana müasir aviasiya, artilleriya, tank və piyada əleyhinə sistemlər təklif edirdi.

O vaxtdan bəri iki ölkə arasındakı münasibətlərdə həmişə hərbi aspekt də mövcud olub.

«Şimon Peresin son səfərində imzalanan vacib bir müqavilə Bakıda pilotsuz təyyarə istehsal edən zavodun tikilməsini də nəzərdə tuturdu. Belə bir müasir texnologiyanı əldə etməklə Azərbaycan regionun olduqca vacib bir istehsalçısına çevrilə bilərdi. Hətta Rusiyanın müasir pilotsuz təyyarələri yoxdur» – deyən Aleksandr Mirinson əlavə edir ki, Rusiya Gürcüstan müharibəsində belə bir sistemə böyük ehtiyac hiss edirdi.

O iddia edir ki, hərbi əməkdaşlıq planlarına Bakının ya birgə istehsal, ya da satış yolu ilə hərbi texnika sarıdan təmin edilməsi və hətta kosmik sistemlərin quraşdırılması da daxildir.

2008-ci ilin sentyabrında imzalanan başqa bir müqaviləyə əsasən isə böyük miqdarda müasir minaatanların və döyüş sursatının Bakıya satılması nəzərdə tutulur ki, bu da Azərbaycan ordusunun hərbi qabiıliyyətini regiondakı rəqabətə davamlı vəziyyətə gətirə bilər.

Azərbaycandakı təhlükəsizlik tədbirlərində də İsrailin rolu böyükdür. Bakı aeroportu ətrafındakı elektron mühafizə sistemi İsrail şirkətləri tərəfindən quraşdırılıb. Xəbər verilir ki, Azərbaycanın enerji infrastrukturunun təhlükəsizlik sistemlərini avadanlıqla təhciz edən də İsrail firmalarıdır. Şayiələr gəzir ki, Azərbaycan prezidentinin xarici səfərlərinin təhlükəsizliyini də İsrail təmin edir, amma belə məlumatları dəqiqləşdirmək çox çətindir.

MÜSƏLMAN AZƏRBAYCANIN YƏHUDİ İCMASI

Azərbaycanda qədim yəhidi icması məskunlaşıb, Azərbaycan-İsrail münasibətlərində bu faktın əhəmiyyəti az deyil.

Bu məsələ İsrailin Xarici İşlər naziri Aviqdor Liebrmanın Bakıya son səfəri zamanı gündəlikdə birinci dururdu. Liberman özü sovet Moldovasından İsrailə mühacirət edib və keçmiş sovet respublikalarında Yəhudi icmalarının taleyi ilə yaxından tanışdır.

Sovet yəhudilərinin Milli Konfransının icraçı direktoru Mark Levin deyir: «Bizim təxminlərə görə, Azərbaycanda təqribən 25 min yəhudi yaşayır. Azərbaycan yəhudiləri əsrlər boyu qeyri-yəhudilərlə birgə yaşamış, burada onlara həmişə yaxşı münasibət bəslənilib».

«Yəhudilər əsrlərlə bu ərazidə məskunlaşıblar. Sonralar bir neçə mühacirət dalğası buralara qaçqın yəhudiləri də gətirib. Ukrayna və Rusiyadakı poqromlardan sonra və 2-ci dünya müharibəsi zamanı çoxlu yəhudi Azərbaycanda sığınacaq tapıb. Sayının az olmasına baxmayaraq, Yəhudi icması özünü Azərbaycan cəmiyyətində yaxşı təsdiq edib. Bu, İsrail üçün bir körpüdür – bu, qiymətli insan kapitalıdır» – deyən Aleksandr Murinson Azərbaycan və Yəhudi xalqları arasındakı mehribançılığı xüsusilə vurğulayır.
XS
SM
MD
LG