Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44

Elmar Hüseynovun xanımı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib


Ruşanə Hüseynova
Ruşanə Hüseynova

Norveçdə mühacirətdə yaşayan “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun xanımı Ruşanə Hüseynova Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. O, Azərbaycan hökumətinin onun həyat yoldaşının qətlinin üstünü açmamasından şikayət edib.

“Turan” informasiya agentliyinə müsahibəsində Ruşanə Hüseynova istintaqın gedişi haqqında da məlumat verilmədiyini deyib. O, Avropa Məhkəməsindən xahiş edib ki, Elmarın qətlinin Avropa İnsan Haqları Konvensiyasının yaşamaq, fikri azad ifadə etmək, effektiv məhkəmə müdafiəsi hüququna malik olmaq kimi prinsiplərinə zidd olduğunu təsdiq etsin.

Hakimiyyəti tənqid edən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin qarşısında qətlə yetirilib. Hələlik Azərbaycanın hüquq-mühafizə orqanları bu qətldə şübhəli bilinənlərin axtarışı ilə məşğul olduğunu bildirir. Hadisənin səbəbləri haqqında da rəsmilə bir söz demirlər.

(Ruşanə Hüseynovcanın “Turan” agentliyinə müsahibəsi ilə burada tanış ola bilərsiniz.)

Martın 1-də AzadliqRadiosunun "İşdən sonra" proqramında da Elmar Hüseynovun qətli müzakirə edilib.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov İNTERPOLun Azərbaycan bölməsinin rəhbəri Sahib Mirzəyevə istinadən bildirib ki, qətldə şübhəli bilinənlər axtarışdadır və onların Azərbaycana təhvil verilməsi üçün danışıqlar aparılır. Sadəcə Gürcüstanla Azərbaycan arasında ekstradisiya barədə saziş olmadığından bu iş həllini tapmayıb.

Müzakirələrə qatılan RUşanə Hüseynova isə bildirib ki, o, Gürcüstan Ədliyyə Nazirliyinə məktubla müraciət edib: "Bizə cavab verdilər ki, Azərbaycandan heç vaxt, bir daha təkrar edirəm heç vaxt Tahir Xubanov və Teymuraz Əliyevin ekstradisiyası ilə bağlı rəsmi müraciət etməyiblər".

Bəxtiyar Sadiqovun irəli sürdüyü versiyaya görə, Urkaynada Qonqadzenin, Azərbaycanda isə Elmar Hüseynovun qətli narıncı inqilablar üçün təkan kimi düşünülmüş ola bilərdi:

- Elmar Hüseynovun qatilinin tapılmasına ən çox maraqlı olan Azərbaycan hökumətidir. Azərbaycan iqtidarı cinayətin açılmasında müxalifətdən də, digər qurumlardan da daha maraqlıdır. Bu qətli törətməklə Azərbaycan iqtidarına zərbə vurmaq istəyirdilər. Ukraynada rəngli inqilablar, Gürcüstanda Rustavi telekanalı ilə bağlı məsələlər vaxtı belə hadisələr dəbdə idi. Mən belə hesab edirəm ki, Azərbaycanda da tanınmış jurnalisti qətlə yetirib sonra küçələrə axışmaq istəyirdilər. Bu qətli törətməklə Azərbaycan iqtidarına zərbə vurmaq istəyirdilər.

JMüzakirələrə qatılan jurnalist Çingiz Sultansoy isə düşünür ki, Azərbaycan hökuməti qətlin üstünü açmaq və qatilləri həbs etmək üçün konkret addımlar atmır, vaxtı uzadır, deyirlər ki Gürcüstan hökuməti imtina edir.

Jurnalist Ibrahim Bayandurlu Gürcüstanda özünü Teymuraz Əliyev kimi təqdim edən adamla görüşüb. O, deyir ki, MTN-də ona göstərilən fotoşəkil onun görüşdüyü adamın şəkli deyildi. “Amma həmin adam işin təfərrüatlarından məlumatlı idi və dedi ki, Elmarın qatillərini hökumətin yuxarı eşalonlarında axtarmaq lazımdır”.

Bayandurlu deyir ki, MTN Tahir Xubanov və Teymuraz Əliyevin şəkillərini hələ də axtarılanlar siyahısında yerləşdirməyib.

XS
SM
MD
LG