Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:50

Mirzə Cəlil. Biz arvadları dama qatıb ailənin ruzisini fahişələrə xərcləyirik


"Biz övrətləri dama qatırıq, amma övrət-uşağımızın ruzisini sarısaçlı əcnəbi fahişələrinə xərcləyirik".

-

Cəlil Məmmədquluzadə


MÜSƏLMAN VƏ ERMƏNİ ÖVRƏTLƏRİ

(Felyeton)


Biz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.

İndi baxıb görək ki, niyə buna razı olmuruq?

Hər kəs desə ki biz övrətlərimizin üzüaçıq gəzməyinə ondan ötrü razı olmuruq ki, xilafi-şəriaətdir – yəqin ki yalan deyir.

Əvvələn heç bir müsəlman indiyədək bu xüsusda özünə zəhmət verib bu məsələni əsl üləmadan söruşub öyrənməyib və bəlkə çox müsəlmanlar soruşub biliblər ki, övrətin üzüaçıq gəzməyi şəriətə xilaf deyil.

Bəli, üz açmaq xilafi-şəriət deyil. Çünki biz Quranda üz açmağı qədəğən və haram edən açıq bir ayə və işarə görmürük.

Budur Quran, budur meydan!

Üz açmağın guya haram olmağına dair bir para üləmanın gətirdikləri dəlillərin ən möhkəmləri bu aşağıdakı ayələrdir:

1. Qül lilmöminati yəğzüvən min əbsarihinnə və yəhfəziə fürucihin və la yübdinə zinətəhünnə illa ma zəhərə minha.

Mənası: ya Məhəmməd, arvadlara de ki, gözlərini yumsunlar, övrəteynlərini gizlətsinlər, zinətlərini aşkar etməsinlər, açıqda olan zinətlərindən savayı.

2. Vəl yəzrübnə bixümürühinnə əla cüyubihinnə.

Mənası: arvadlar çarqatlarını boyunlarına salsınlar, yəni boyunlarını və sinələrini örtsünlər.

3. Ya eyyühənnəbiyyü qül li əzvacikə və bənatikə və nisaəl-mömininə yüdninə əleyhün min cəlabibihinnə zalikə ədna ən yörəfnə fəla yozeynə.

Mənası: ey Peyğəmbər, öz arvadlarına, qızlarına və möminlərin arvadlarına de ki, üst örtüləri ilə bədənlərini örtsünlər və bu vasitə ilə kənizlərdən ayrılıb hürr olduqlarını bildirsinlər, ta ki onları kəniz zənn edib sataşmasınlar.

Buyur, guya üz açmağı haram edən ayə və dəlillərin ən möhkəmləri! Halbuki həmin birinci ayədəki “ila ma zəhərə minha” fərmanı ilə haqq-təala üz açmağı cayiz buyurur.

Bu ayələrin heç birində bir xırda da əmr olunmur ki, arvadlar üzlərini qapasınlar.

Birinci ayənin ən səhih mənası budur: naməhrəm məhəllərə, naməhrəm hallara baxmayınız, övrəteynlərinizi (ərəbcəsinə diqqət ediniz) örtünüz, təbii zinətlərinizi, yəni bədəninizin zinət təki olan içəri məhəllərini aşkar etməyiniz, amma əl, üz kimi zahir zinətlərinizi aşkar ediniz.

Budur birinci ayənin əsl ruhu, əsl mənası.

İkinci, üçüncü ayələrdə də üz qapamağa dair bir tük qədəri də işarə yoxdur.

Ayələrin cümləsində nəhj və haram olan xüsuslara nəinki təkcə bir müsəlman övrətləri, bəlkə cümlə qeyri məzhəb arvadları da riayət etməlidirlər.

Çünki bunlar hamı üçün lazımdır.

Odur ki, bu gün bədənin əl və üzdən savayı qeyri yerlərini göstərməməyə, rüsxətsiz içəri girməməyə bizdən artıq xaçpərəst əməl edirlər.

Çox xüsuslarda olduğu kimi burada da biz ayənin əsl ruhunu itirib, arvadların övrəteynini gizlətməklə üzlərini gizlətməyi bərabər tuturuq ki, bundan da daha aşkar cəhalət ola bilməz.

Xülasə, bizim etiqadımız bunadır ki, üz açmaq xilafi-şər deyil.

Bu barədə əlimizdə şəri dəlillərimiz çoxdur.

Amma belə xırda məcmuədə bundan artıq təfsilat vermək istəməzdik.

Biz deyirik: hansı alim üz açmağı Quran ayəsilə haram bilirsə, buyursun, ən möhkəm dəlillərlə cavab verməyə hazırıq.

Amma indidən burasını deyirik ki, “qayırma hədislər”lə bizim işmiz yoxdur.

Keçək əsl mətləbə.

Heç kəs deməsin ki, mən şəriət naminə övrətimi qoymuram üzüaçıq gəzsin.

Əgər biz gedib görək ki, məsələn, övrətimiz əlinə bir yekə dəyənək alıb öz anasını döyür – biz övrətə heç bir söz demərik.

Halbuki ağvalideyn, yəni ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur. Amma əgər biz övrətimizi küçədə üzüaçıq görsək, vurub öldürərik.

Aşkardır ki, burada özgə səbəblər var.

Həmin səbəblərin biri budur ki, övrətlərimizin örtülü dolanmağı bizlərdə bir adətdir düşübdür.

Mən baxıram ki, heç bir müsəlman övrəti müsəlman içində üzüaçıq gəzmir və bunu görüb mən də razı olmuram ki, övrətim üzünü açsın və aça da bilməz!

Əgər tək bircə mənim övrətim üzünü açsa, onu bikar müsəlmanlar “hoyda-hoydaya” götürərlər və mənim də adımı “biqeyrət” qoyarlar.

Ərəbistanda, İranın çox yerlərində, Osmanlıda və Rusiyada müsəlman övrətləri üzüaçıq gəzirlər.

Amma Qafqazda işlər özgə cürdür.

Söhbət düşəndə bizim qeyrətli kişilərimiz deyirlər ki, belə lazımdır, çünki övrət üzüaçıq gəzib dolansa, özgə kişi ilə aşnalıq qatar.

Əsl mətləb buradadır.

Əgər həqiqətdə bizim övrətlərimiz belə etibarsız və bihəyadırlar, söz yox ki, lazımdır onları qoymayaq evdən eşiyə çıxsınlar.

Amma görək doğrudurmu bu tövr gümanımız?

Aya övrətlərimizi bu tövr bihəya və bivəfa hesab etməyə əlimizdə bir sübut var, ya yox?

Qonşularımız erməni övrətləri gözlərimizin qabağındadır.

Bunlar üzüaçıq dolanırlar. Heç bir insaf əhli deyə bilməz ki, erməni övrətləri özgə kişilər ilə aşnalıq qatırlar!

Mən bu sözlərimi o kəslərə deyirəm ki, erməniləri yaxşı tanıyırlar və erməni övrətlərinin ər və övrət rəftarlarına yaxşı bələddirlər, özgələr ilə işim yoxdur.

Hansı vicdan sahibi müsəlman deyə bilər ki, erməni övrətləri həyasızdırlar?

Hansı bir müsəlman görüb və eşidib ki, erməni övrətləri ərlərinə xəyanət etsinlər və özgə kişiyə meyl göstərsinlər?

Hansı bir gözəl və cavan müsəlman bacarar bir erməni övrətini özünə aşna eləsin?

Söz yox ki, tərbiyəsiz və əxlaqsız övrətlər hər bir millətin içində tapılar. Amma insafı ortalığa qoysaq, baxıb görərik ki, fahişə övrətlər ermənilərin içində nə qədər olsa, müsəlmanların içində bundan az deyil.

Sözün doğrusunu danışmaq da bir hünərdir, yoxsa öz-özümüzü başlayaq tərifləyək və özgələrini pisləyək – bu yaxşı deyil.

Mənim sözüm budur ki, ümumiyyətlə heç bir millətin barəsində demək olmaz ki, flan millətin övrətləri bietibar və ismətsizdir, ya flan tayfanın övrətləri vəfalı və həyalıdır.

Yer üzündə bəni-noi-bəşər bir cür yaranıb. İnsan dünyaya gələndən sonra başlayır tərbiyə tapmağı və nə cür ki, tərbiyə tapır, axırda elə də olur.

Hər millətin içində pis övrətlər var, həmçinin müsəlman içində. Müsəlman içində tapılan fahişə övrətlər dörd divarın içində, çadirşəb altında böyüyüblər.

Amma müsəlman övrətlərindən çoxları da var ki, tərbiyə tapıb, üzüaçıq gəzirlər, allah eləsin ki, mənim bacım və övrətim həmin övrətlər kimi həyalı və vəfalı, saf və səlamət olsunlar.

Ermənilərin tərbiyəli övrətlərinin içində mən bir nəfər də əxlaqsız və həyasız övrət görməmişəm.

Amma erməni kəndlərində mən fahişə övrət çox görmüşəm və halonki kəndlərdə erməni övrətləri üzləri örtülü gəzirlər.

Vardırmı ixtiyarımız bu tövr xəyal etməyə? Övrətlərimizin nədir günahı ki, biz onların xüsusunda belə bədgüman ola-ola biçarələri qatmışıq dustaqxanalara və onları özümüzə qul, kəniz, aşpaz, fəhlə və oyun-oyuncaq eləmişik?

İndi görək biz özümüz nəyik?

Əgər müsəlman övrətlərində bircə tikə qeyrət və qanacaq olsa, əgər müsəlman övrətləri gözlərini açıb qəflət yuxusundan oyansalar, biz kişilərdən boşanıb, yəhudilərə, bütpərəstlərə, yaponlara... övrət olmağı rəva görərlər.

Baxaq bir biz müsəlman kişilərinə və görək ki biz özümüz nəyik və hansı bağların çiçəyiyik?

Biz övrətlərimizi dama qatırıq, amma özümüz mütrüb məclisinə gedib mütrübləri qucaqlayırıq...

...Biz övrətləri dama qatırıq, amma kənarda da hansı bir arvadın topuqlarını xoşlasaq, onu siğə edirik.

Biz övrətləri dama qatırıq, amma övrət-uşağımızın ruzisini sarısaçlı əcnəbi fahişələrinə xərcləyirik.

BU İŞLƏRİN ÇARƏSİ

Bunların hamısının tək bircə çarəsi var: bunun çarəsi balaca qızlarımıza tərbiyə verməkdir və oxutmaqdır.

İndi bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər.

Onların üzüaçıq gəzməyi indi bu saat heç lazım deyil.

Biz onlara bu cür təklifi eləsək, onlar heç bizim sözümüzü başa düşməyəcəklər və bizə belə cavab verəyəcəklər: “sən allah, a kişi, ətimizi tökmə! Elə qalıb ki rus arvadları kimi başıaçıq gəzək!”

Bu işlərin çarəsi balaca qızları məktəbə qoyub oxutmaqdır.

Elə ki qızlarımız elmli və tərbiyəli olub öz qədrlərini bildilər, onda özləri bilərlər ki, necə rəftar eləsinlər.

***

Bu sözləri yaza-yaza biz özümüz də bilirik ki, bu sözlərin hamısı hərf və hədyandır.

Söz yox ki hər kəs bu sözləri oxusa, qulaqları taqqıldayacaq.

Və biz özümüz də bunları yazandan sonra oxuduq, qulaqlarımız taqqıldadı.

Biz bu sözləri ondan ötrü yazdıq ki, bundan savayı özgə mətləbi tapmadıq.

Hər kəs bu barədə bizim əqidəmizi soruşsa, biz belə cavab verərik:

Əvvələn, qız uşaqlarını məktəbə verməkliyin vəbalı atalarının boynunadır.

Saniyən, səkkiz yaşına çatmamış qızları ərə vermək cayiz deyil.

Salisən, atın və övrətin vəfası yoxdur.

“Molla Nəsrəddin”, 19 may, 1907
XS
SM
MD
LG