Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Bloqqerlər barədə hökm qüvvədə qaldı


Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
Martın 10-u gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayətinə baxılıb. Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədov bloqqerlər barədə Səbail Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov birinci instansiya məhkəməsində bir çox sualların açıq qaldığını, məhkəmənin hərtərəfli və ədalətli istintaq aparmadığını iddia edib. Həmçinin cinayət işinə əlavə olunan bir çox sənədlərin, o cümlədən zərərçəkmiş kimi tanınan Vüsal Məmmədov və Babək Hüseynovun tibbi müayinəsi ilə bağlı sənədlərin saxta olduğunu deyib.

ZƏRƏRÇƏKMİŞLƏR MƏHKƏMƏYƏ GƏTİRİLMƏYİB

İsaxan Aşurov müdafiə tərəfinin israrla vəsatət qaldırmasına baxmayaraq, zərərçəkmişlərin məhkəməyə gətirilmədiyini də qeyd edib. Vəkil onu da deyib ki, müdafiə etdikləri şəxslərin girov müqabilində azadlığa buraxılmaması da qanuna uyğun deyil və Adnan Hacızadə və Emin Milli barədə həbs-qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı şikayət artıq Avropa Məhkəməsində icraata götürülüb.

Emin Millinin vəkili Elton Quliyev də bloqqerlərin şikayətinə ədalətsiz baxıldığını deyib. Bildirib ki, müdafiə tərəfinin təqdim etdiyi şahidlər nə birinci instansiya məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində dindiriliblər.

İttiham olunan Adnan Hacızadə də çıxışında hadisə baş verən günü polis bölməsində onların istədikləri vəkillə təmin olunmaq hüquqlarının pozulduğunu, həmçinin onların zərərçəkən olduqlarını və 39-cu polis bölməsinə şikayətlə müraciət etdiklərini təsdiq edən fotoşəkillərin Səbail Rayon Məhkəməsində dəlil kimi qeydə alınmamasını qeyd edib.

Elton Quliyev
Dövlət ittihamçısı Qüdrət Həsənov isə vəkillərin irəli sürdüyü apelyasiya şikayətində göstərilmiş dəlillərin araşdırma zamanı özünü doğrultmadığını əsas gətirərək birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin ədalətsiz keçirilməsi iddiası ilə də razılaşmayıb, deyib ki, məhkəmə prosesinə beynəlxalq təşkilatların, ictimai institutların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin buraxılması məhkəmənin ədalətli və şəffaflığının göstəricisidir.

ƏDALƏTSİZ, QANUNSUZ VƏ QƏRƏZLİ QƏRAR

Vəkil İsaxan Aşurov Apelyasiya Məhkəməsinin Səbail Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlaması ilə bağlı qərarını ədalətsiz və qərəzli hesab edir:

- Apelyasiya Məhkəməsinin qərarı ədalətsiz, qanunsuz və qərəzli bir qərardır. Bu qərar şübhəsiz ki, həqiqəti əks etdirmir və birinci instansiya məhkəməsinin qanunsuz hökmünün təsdiqindən başqa bir şey deyil.

İsaxan Aşurov deyir ki, Ali Məhkəməyə kassasiya şikayəti təqdim edəcəklər. Daha sonra yerli məhkəmə qərarlarını Avropa Məhkəməsinə göndərəcəklər.

Gənc bloqqerlər xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərinin sifarişli olduğunu düşünür.
XS
SM
MD
LG