Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

Yadigar Muradov: «Gənclərin böyük əksəriyyəti teatra getmir»


Əskər Əskərov və Yadigar Muradov
Əskər Əskərov və Yadigar Muradov
Martın 10-u Milli Teatr Günü olduğundan AzadlıqRadiosunun «Can Bakı» proqramının canlı efirində «137 yaşlı Azərbaycan teatrı necə yaşayır?» sualına cavab axtardıq. Qonaqlarımız Akademik Milli Teatrın rejissoru Əskər Əskərov və «Şuşa» teatrının direktoru Yadigar Muradov oldu.

«ŞUŞADA TEATR 1848-Cİ İLDƏ YARANIB»

Yadigar Muradov teatrın tarixini daha geri illərə atdı. Bir çox tanınmış araşdırıcıların, fikirlərinə və arxiv sənədlərinə dayanaraq söylədi ki, Şuşada teatr truppası 1848-ci ildə yaradılıb. İki dildə - erməni və Azərbaycan dillərində tamaşalar göstərən truppada sirk bölməsi də olub. Yadigar bəy Şuşada teatr tamaşalarının Üzeyir bəyin vəfatına -1948-ci ilə qədər göstərildiyini dedi. «Təəssüf ki, maliyyə çətinliyini səbəb göstərib teatrı bağladılar və 1949-cu ildə Xankəndi teatrı açıldı».

ŞUŞADA TEATR HƏMİŞƏ YAŞAYIB

Yadigar bəyin sözlərinə görə, dövlət statusu alınsa da, Şuşada teatr özfəaliyyət səviyyəsində, Xalq teatrı kimi həmişə yaşayıb və nəhayət, 1990-cı ildə yenidən bərpa olunub: «Bu, Polad Bülbüloğlunun və Həsən Həsənovun sayəsində baş tutdu».

Teatrın tarixi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdiklərini bildirən Y. Muradov Şuşa teatrının yaşını Akademik Milli Dram Teatrından bir yaş kiçik olmaqla təsdiqlədiklərini nəzərə çatdırdı.

TEATRIMIZ AVROPAYA ÇIXSIN

Əskər Əskərov milli teatr ənənələrinin qorunub saxlandığını böyük nailiyyət hesab etdiyini, bununla belə Azərbaycan teatrının ölkə çərçivəsindən kənara çıxışını arzuladığını dilə gətirdi: «Avropaya çıxsın və mən də varam söyləsin».

Milli Dram Teatrında aparılan təmirə də toxunan rejissor, hər hansı təmirin yaradıcılığa təsirsiz ötüşmədiyini qeyd etməklə bərabər vurğuladı ki, «Bu, zəruri və lazımlı bir iş idi. Yeni mövsümdən təmir olunmuş binada tamaşalar göstərəcəyik».

GƏNCLƏRİMİZ TEATRDAN AYRI DÜŞÜB

Y.Muradov «Amma mənim yaralı yerim odur ki, gənclərimiz teatrdan ayrı düşüb» -dedi. Təhsil Nazirliyinin məktəblərdə şagirdlərə bilet satmağı qadağa qoyan əmrinə də toxunan teatr direktoru müəllimlərin şagirdlərdə teatr sevgisi yaratmağa borclu olduğunu dedi: «Müəllim fəaliyyətini dərs deməklə bitmiş hesab etməsin, şagirdləri teatra gətirsin».

TAMAŞAÇILAR TEATRA ALIŞIQ DEYİLLƏR

Y. Muradov tamaşaçıların səviyyəsinin də yüksək olmadığını vurğuladı. Bunu tamaşaçının teatra alışıq olmadığı ilə izah edən qonaq «elə bil ki, onları qəsdən çəkindirirlər teatrdan» fikrini irəli sürdü. Əskər bəy də bu fikri təsdiqlədi. Yadigar bəy əvvəllər teatrda pedaqoq ştatının olduğunu, sonralar bu ştatın lazımsız bilinib ləğv edildiyindən təəssüfləndiyini bildirdi

Ə.Əskərov isə «Dərsə gedən uşaq qoltuğunda təkcə çanta daşımamalıdır, o vətəndaş kimi böyüməlidir, teatra-konsertə getməli, hətta simfoniyaya qulaq asmalıdır» dedi.

SƏNƏTKARLAR NECƏ YAŞAYIR?

Qonaqlarımız hər il Milli Teatr Gününü «imkanları çərçivəsində» qeyd etdiklərini söylədilər. «Bəs imkanınız nə qədərdir? Aldığınız aylıq ehtiyacınızı ödəyirmi?» sualı da buradan doğdu. Əskər Əskərov aktyorların bəzilərinin prezident təqaüdü aldığını qeyd etdi: «Bu, çox böyük köməkdir. Maaşa gəlincə, biz istərdik ki, artsın. Çünki bu günün səbətiylə heç cür uyğunlaşmır».

ŞUŞA TEATRININ KEFİ KÖKDÜR

Yadigar Muradov adəti üzrə sualı bir Şuşa gülməcəsiylə cavabladı və zarafatla əlavə etdi: «Şuşa teatrının kefi kökdür».

Əskər Əskərov aktyorların toyda iştirak edib pul qazanmasına pis baxdığını bildirdi: «Sırf sənəti ilə məşğul olmaq üçün aktyora şərait yaradılmalıdır».

«Ehtiyacınız olmasaydı, toyda aparıcılıq etməyə gedərdinizmi?» sualını Yadigar bəy bir kəlmə ilə cavabladı: «Yox».

«Sizə elə gəlmirmi ki, prezident təqaüdü sənətkarı ələbaxımlılığa alışdırır, onun müstəqilliyini əlindən alır? Yaxşı olmazdımı ki, elə bu məbləğ heç kəsi ayırmadan maaş kimi veriləydi?» sualının cavabı da maraqlı oldu. Cavabı və söhbəti elə səhifəmizdən dinləyə bilərsiniz.
XS
SM
MD
LG