Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:59

Sükutu eşidənlər


Rafiq Babayev
Rafiq Babayev
Martın son günü Azərbaycan tarixinə qırğın, soyqırımı günü kimi düşüb.
31 mart həm də maestro Rafiq Babayevin doğum günüdür.

AzadlıqRadiosunun «İz» proqramı olaraq 1936-cı ildə çox simvolik bir gündə doğulan və sonda terror qurbanı olan böyük sənətkarımızı onun iki dostu ilə—müğənni Akif İslamzadə (A.İ.) və bəstəkar Siyavuş Kərimi (S.K.) ilə birgə anmağa qərar verdik.

- Kim idi Rafiq Babayev?--sualının cavabını dostların dilindən eşitmək istərdik.

RAFİQ MƏNƏ MUSİQİNİ «GÖRMƏYİ» ÖYRƏTDİ

A. İ. --Deyirlər ki, insan gərək həyatında ağac əkə, ev tikə, bir də övlad böyüdə. Rafiq Babayev bu mərhələni də keçdi, hətta bir məktəb də qoydu getdi. Yəqin bu da seçilmişlərə aiddir. Yaradıcı insan yeni səhifə aça bilər, amma bu hələ məktəb demək deyil. Müəllimin böyüklüyü ondadır ki, o yol göstərə bilir. Rafiq şəxsən mənə musiqini dinləməkdən başqa, görməyi də öyrətdi.

O, KİŞİLİK SİMVOLUYDU!

S.K.: Bu sualın cavabı subyektiv olacaq. Hər kəs Rafiqə öz prizmasından baxıb. Rafiq mənim üçün ideal idi. Həm musiqiçi kimi, həm insan kimi, həm də şəxsiyyət kimi ideal idi. Bir kişilik simvolu idi! Mən onu tanıyandan bəri çalışmışam ona oxşayım. Çünki mədəni bir insanın, sözündə bütöv bir insanın nümunəsiydi. Mən atama oxşamaq istəməmişəm, amma Rafiqə oxşamağı arzulamışam.

Gənc Rafiq Babayev
- Belə bir ifadə var – «dostların yarpaq tökümü». Bunu düşünəndə, ağlınıza nə gəlirdi?

ÖLÜMÜN DƏ MƏQAMI VAR

A.İ.: Sözsüz ki, dost itirmək, yaxın itirmək ağır olur. Amma adamdan adama da fərq var. Həmişə yeri görünən dostlar var. Xüsusən bizim bir dostumuz var - Oqtay Mirqasımov—onunla görüşəndə biz mütləq Rafiqdən danışırıq. Rafiq necə deyərdi, necə reaksiya verərdi? Düzdür, bəndəni peyğəmbərlə müqayisə etməzlər, amma elə insanlar var ki, vergili olurlar, müjdəçi olurlar. Rafiq onlardan idi. Mən Rafiqdən səbrli olmağı öyrəndim. İnsanları necə var, elə qəbul etməyi öyrəndim. Rəhmətlik Əbülfəz bəyin bir sözü vardı, deyirdi ki, ölümün də məqamı, vaxtı var. Bir saat tez ölərsən, şəhid olarsan, bir saat gec ölərsən murdar! Görünür, Allah hər şeyi düzgün hesablayır.

BİZ YETİM QALDIQ...

S.K.: Ölüm həmişə gözlənilməz olur, amma ölümü həmişə gözləmək lazımdır. Amma bəzən elə itki olur ki, insan onunla barışa bilmir. Rafiqi itirdiyimiz gün heç vaxt xatirimdən silinməyəcək. O əbədi yara kimi ürəyimdə yaşayır. Həmin gün bütün dostlar Rafiqi torpağa tapşırmamış studiyaya yığışmışdıq. Çünki o studiyada Rafiqin nəfəsi vardı, ruhu vardı, musiqisi, çaldığı alət vardı. Bu yara hələ isti idi. Sonralar bizi daha çox göynədəcəkdi. Həmin gün hamımız özümüzü yetim hiss edirdik. Elə bir insanı itirmişdik ki, nə ağlaya bilirdik, nə qışqıra. Pat vəziyyətindəydik. Elə bil hər şey uçuruma gedirdi. Çünki hər birimizin həyatında Rafiqin rolu o qədər əvəzolunmaz idi ki, elə bil yarımcan olmuşduq. Ozü də bu itki tək bizim yox, Azərbaycan mədəniyyətinin, Azərbaycan torpağının itkisi idi...

Rafiq Babayev qızı Gülarə ilə, 1967
- Rafiq Babayev kimləri özünə dost bilirdi? Onun dost anlayışına fərqli yozumu, fərqli yanaşması vardımı?

O ÖZ ÖLÜMÜNÜ HİSS EDİBMİŞ?!

A.İ.: Rafiq bəy o qədər əxlaq, mərifət sahibiydi ki, bəlkə də Səyavuşla Akif arasında, Akiflə Cəmil arasında fərq qoyurdu, amma biz bunu hiss eləmirdik. Onun faciəli ölüm günündə biz studiyaya yığışıb onun son kompozisiyalarını dinləyirdik. Və birdən hamımız təəccübləndik. O elə bil ölümünü bilirmiş! Yazdıqları başdan-ayağa ağıydı!

YER KÜRƏSİ BELƏ İNSANLARIN SAYƏSİNDƏ FIRLANIR

S.K.: Mən hələ Rafiqdən xoşu gəlməyən adam tanımamışam. Biz səhərdən-gecəyədək onun studiyasında işləyərdik. Çox adamlar gəlib-gedərdi. Dostları, tanışları, hətta tanımayanlar, kömək istəyənlər olurdu. Rafiqlə beş dəqiqəlik ünsiyyət kifayət idi ki, bura təkrar gələsən, ona vurulasan. Onda çox böyük maqnitizm vardı. Rafiq özü həmişə deyərdi ki, mənim nə eybəcər əllərim var. Amma bu «eybəcər əllər» elə bil qüdrətə malik idi ki...Biz onu hamımız özümüzə ən yaxın dost bilirdik. Bu da onun insanlara münasibətindən, böyüklüyündən qaynaqlanırdı...Yer kürəsi belə insanların sayəsində fırlanır.
XS
SM
MD
LG