Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:40

İçməli suyu içə bilərikmi?


Cənubi Qafqazdakı su ehtiyatlarının 70 faizi Gürcüstanda, 20 faizi Ermənistanda, 10 faizi Azərbaycandadır
Cənubi Qafqazdakı su ehtiyatlarının 70 faizi Gürcüstanda, 20 faizi Ermənistanda, 10 faizi Azərbaycandadır
- Bu ən yaxşı sərin sudur, cana dərmandır...

Azərbaycanın rayonlarında bulaqlardan axan suya çoxları belə tərif deyir. Ancaq paytaxt Bakıda suya belə tərif eşitməzsən. Hər halda mənim «içdiyiniz suyun keyfiyyətindən razısınızmı?» sualıma cavab verən bir qrup Bakı sakinindən daha çox narazı cavablar eşitdim:

XLORUN İYİ…

- Suyu nə qədər qaynatsan da, dibində cürbəcür çöküntülər yığılır...

- Məncə Şollar suyu yaxşıdır.

- Suya o qədər xlor tökürlər ki, dadını hiss edirsən, necə razı qalmaq olar?

- Ceyranbatan suyu çox lilli olur, xlorun iyi hiss olunur.

- Suyun təmizliyi çox bərbaddır, dibi çöküntü olur.

- İçməyinə içirik, neyləyək, ancaq belə suyu içmək sağlamlıq üçün çox ziyandır.

«Gallup» beynəlxalq tədqiqat və sorğu mərkəzinin sorğusuna görə, Azərbaycanda əhalinin 55 faizi suyun keyfiyyətindən razı, 44 faizi isə narazıdır. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov deyir ki, bu onunla bağlıdır ki, kənd yerlərində içməli su təmizdir, Bakıda isə suyun təmiz olub-olmaması ilə bağlı əhaliyə mütəmadi məlumat verilmədiyindən camaat çox vaxt narazı olur:

ƏHALİYƏ MƏLUMAT VERİLMƏLİDİR

- Rayonlarda prezidentin sərəncamı ilə Ekologiya Nazirliyi əhalini təmiz içməli su ilə təmin edir. Bu kiçik sutəmizləyici qurğularla həyata keçirilir. Sutəmizləyici modulların quraşdırılması indi də davam edir. Bakıda isə suyun keyfiyyəti ilə bağlı əhaliyə məlumat verilməlidir, bu olmadığı üçün camaat da gileylənir.
Ziyəddin Kazımov
Oğuz-Qəbələ su kəmərinin tikintisi hələ gecikir, ona görə camaat narazıdır.

«Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev isə suyun keyfiyyəti haqqında bunları deyib:

- Bir dəfə bir əcnəbi bizə belə bir sual vermişdi, sizdə kranı açıb suyu içmək olarmı? Cavabım bu olub ki, bəli olar. Bizdə su standartlara uyğundur...

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, şəhərin 8 mərkəzi su anbarından və stasionar nöqtələrdən götürülən nümunələrin laborator müayinəsi suyun standartlara uyğun olduğunu deməyə əsas verir:

NARAZILAR ÜNVAN DESİN

- Apardığımız nümunələrin nəticələrinə görə içməli su dövlət standartlarına cavab verir. Kimsə narazıdırsa, konkret ünvanını desin, biz də baxaq. İstər su idarəsi, istərsə də özümüz nəzarət edən orqan kimi problemi araşdıraq.

Suyun bulanıq olmasına gəldikdə isə, Ziyəddin Kazımov deyir ki, adətən borularda təmir aparılanda su bulanıq olur. Təmir işlərindən sonra həmin suyu laborator müayinələrdən keçirməlidirlər. Ancaq keçirilmir, su birbaşa xəttə vurulur. Ona görə də bulanıqlıq yaranır. Belə suyu içmək olmaz.

Su maşını, Qala qəsəbəsi, 26 mart 2009
Rəsmilər bir neçə dəfə bildiriblər ki, Oğuz-Qəbələ su kəməri çəkiləndən sonra Bakının içməli su problemi birdəfəlik həll olunacaq. Kəmərin çəkilməsinin gələn il başa çatdırılması planlaşdırılır. Bu yaxınlarda isə prezident İlham Əliyev demişdi ki, Xəzər dənizinin suyunun şirinləşdirilməsi, bu sudan suvarma və içməli su kimi istifadə olunması sınaqdan keçirilməlidir.

Mütəxəssislər Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu bildirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyir ki, Xəzər dənizinin suyunun şirinləşdirilməsi alternativ su mənbəyi yaradacağı ümidlərini artırır:

- Azərbaycanda Xəzər sahillərindəki yaşayış məntəqələrində su məhdud olan yerlərdə suyu duzsuzlaşdırıb əhalinin istifadəsinə vermək, ya da suvarmada istifadə etmək mümkündür. Bu, adi dəniz suyunun duzsuzlaşdırılması sistemləri ilə həyata keçirilir və ən mütərəqqi təmizləyici qurğulardan istifadə olunur. Bunun Azərbaycanda tətbiq olunması ilə bağlı İsrail, Almaniya, Fransa şirkətləri ilə danışıqlar aparılır.

Cənubi Qafqazdakı su ehtiyatlarının 70 faizi Gürcüstanda, 20 faizi Ermənistanda, 10 faizi Azərbaycandadır.
XS
SM
MD
LG