Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

Kərzaini Ağ Evdən incik salan nədir?


Həmid Kərzainin ABŞ və Qərblə münasibətləri indi o qədər gərginləşib ki, diplomatik qalmaqal kimi görünmək riski olsa da, amerikalılar artıq Əfqanıstan prezidentinin Vaşinqtona səfərini təxirə sala biləcəkləri mesajını verirlər.

Mayın 12-nə planlaşdırılan səfərə qədər çox şey dəyişə bilər. Amma Ağ Evin sözçüsü Robert Gibbs aprelin 6-da açıq-aşkar xəbərdarlıq edib ki, Kərzai indiki kimi açıqlamalarına davam etsə, səfərini təhlükə altına qoyar:

- Biz bu görüşün baş tutması haqda qərar verərkən əlbəttə ki, Kərzainin indiki və sonra verəcəyi açıqlamaları da diqqətə alacağıq.

KƏRZAİNİN İTTİHAMLARI

Bu gərginlik isə cəmi bir həftə əvvəl başlayıb. Kərzai Mərkəzi Seçki Komissiyasındakı çıxışında Qərb dövlətlərini ötən il keçirilən prezident seçkilərindəki saxtakarlıqda ittiham edib.

Həmin seçkilər zamanı öncə Mərkəzi Seçki Komissiyası Kərzaini qalib élan etmişdi, amma sonradan müxalifətin namizədlərinin etirazları və Qərb müşahidəçilərinin israrından sonra nəticələr diqqətlə yoxlanılmışdı. Bir qismi etibarsız élan ediləndən sonra Kərzai və rəqibi Abdulla Abdulla ikinci tura qalmışdı. Amma son anda Həmid Kərzainin rəqibi seçkinin ədalətli keçəcəyinə inanmadığını bildirib mübarizədən çəkilmişdi və Kərzai prezident vəzifəsini saxlamışdı.

İndi ötənilki seçkini xatırlayan Kərzai BMT-nin Əfqanıstandakı missiyasının o vaxtki direktor müavini, ABŞ-dan olan Piter Qelbreyti, Avropa Birliyinin müşahidə missiyasının rəhbəri, fransalı diplomat Filip Morilonu və o vaxt yaradılan Müstəqil Seçki Komissiyasını saxtakarlıq yolu ilə onu devirmək cəhdində ittiham edir.

TALİBANIN TƏRƏFİNƏ KEÇƏCƏK

Amma Kərzainin Qərbi hiddətləndirən açıqlaması əsla bu ittihamlar olmayıb. Kərzai sözlərinə davam edərək deyib ki, əgər müxalifətdən olan deputatlar və Qərbdən olanlar ona təzyiqləri davam etdirsələr, o, ABŞ-ın komandanlığında olan NATO qoşunlarına qarşı vuruşmaq üçün Talibanın tərəfinə keçəcək.

Əfqanıstan prezidentinin Qərbi ittiham etməsiylə bağlı Ağ Evin sözçüsü Gibbsin cavabı isə belə olub:

Çoxlarının fikrincə, Kərzai martın 28-də, ABŞ prezidenti Obamanın Əfqanıstana qəfil səfərindən qəzəblənib. Həmin səfər haqda Kərzaiyə ancaq bir saat öncədən xəbər verilməsini Əfqanıstan prezidenti «ev yiyəsinə qarşı hörmətsizlik» kimi qiymətləndirib
KƏRZAİ DƏ BUNU BAŞA DÜŞMƏLİDİR Kİ…

- Biz öz ölkəmizin təhlükəsizliyi və əmin-amanlığını təmin etmək üçün ordayıq. Biz anlayırıq və fikrimizcə, Kərzai də bunu başa düşməlidir ki, öz ölkəsinin təhlükəsizliyi və əmin-amanlığını təmin etmək üçün hansısa ərazidə ekstremistlərin təhlükələrini aradan qaldırmaq kifayət etmir, orda ədalətli idarəçilik də qurulmalıdır.

NATO-nun sözçüsü Ceyms Appaturay Brüsseldə keçirdiyi təcili birfinqdə bəyan edib ki, «NATO Əfqanıstan xalqının terrorla mübarizəsini dəstəkləmək üçün inanılmaz səy göstərir və qurbanlar verir. Odur ki, bu səylərin Əfqanıstan xalqı, həmçinin rəhbərliyi səviyyəsində qiymətləndirilməsini gözləyirlər».

Ötən il Kərzainin tənqidlərinə məruz qalan və işindən çıxarılan ABŞ-lı diplomat, Əfqanıstandakı BMT nümayəndəliyinin direktor müavini Piter Qelbryt isə bildirib ki, Kərzainin ruhi sağlamlığına, ağlının həmişə üstündə olmasına əvvəllər də Kabuldakı diplomatlar şübhə ediblər.

ŞƏXSİ İNCİKLİK

Amma bir çox ekspertlər deyirlər ki, Kərzainin indi Qərbə qarşı açıqlamaları, heç də ancaq onun hökumətini korrupsiyada tənqid etmə və ya seçkilərlə bağlı deyil. Bu məsələlərdə şəxsi incikliyin də payı var.

Çoxlarının fikrincə, Kərzai martın 28-də, ABŞ prezidenti Obamanın Əfqanıstana qəfil səfərindən qəzəblənib. Həmin səfər haqda Kərzaiyə ancaq bir saat öncədən xəbər verilməsini Əfqanıstan prezidenti «ev yiyəsinə qarşı hörmətsizlik» kimi qiymətləndirib. İndi də verdiyi açıqlamarla Obamanın yox, məhz özünün Əfqanıstanın rəhbəri olduğunu göstərməyə çalışır.

Kərzai özü də bu iddiaları bazar günü təsdiqləyən çıxış edib. Tayfa başçılarıyla görüşündə bildirib ki, əfqan xalqı öz suverenliyini və dəyərlərinə önəm verdiyini nümayiş etdirməkdən çəkinməməlidir:

«Əfqanıstan xalqı yenidən öz prezidentinin müsətiql olmasına və kiminsə marionetkası olmadığına güvənəndə hər şey yaxşı olacaq».
XS
SM
MD
LG