Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Azərbaycanın tayı…


Bişkek, 7 aprel 2010
Bişkek, 7 aprel 2010
Son günlər Qırğızıstanda baş verənlər Azərbaycanın siyasi dairələrində və ictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilib. Bakı küçələrində keçirdiyimiz sorğunun nəticələri göstərir ki, Orta Asiyanın bu respublikası indi çoxlarının diqqət mərkəzindədir. Əlbəttə ki, olaylardan xəbəri olmayanlar da var. Ancaq baş verənləri izləyənlərin məsələyə yanaşması da müxtəlifdir. Kimisi Bişkek hadisələrini böyük dövlətlərin qarşıdurması kimi dəyərləndirib sadə camaata dəxli olmadığını düşünür, kimisi də hökumətin ölkə müxalifətinin tələblərini yerinə yetirmədiyi üçün vəziyyətin bu həddə çatdığını bildirir:

BUNUN SADƏ CAMAATA DƏXLİ YOXDUR

- Amerika orada aeroportu götürmüşdü. Buna görə Rusiya da camaatı ayağa qaldırıb hakimiyyəti devirdi. Bunun sadə camaata dəxli yoxdur.

- Bir neçə il bundan əvvəl Əsgər Akayevin vaxtında da eyni şeylər baş vermişdi. Müxalifət hökumət qarşısında tələblərini irəli sürür. Məncə, müxalifət haqlıdır.

Əli Əhmədov
Hakim YAP–ın icra katibi Əli Əhmədov isə deyir ki, Qırğızıstanda baş verən çaxnaşma, qeyri-sabitlik, insan tələfatı təəssüf doğurur. Beş il əvvəl də orada belə hadisələr baş vermişdi:

XARİCDƏKİ QÜVVƏLƏRİN DİQTƏSİ İLƏ YARANAN HAKİMİYYƏTLƏRİN ÖMRÜ BELƏ OLUR

- İkincisi, çox ciddi nəzərə alınmalı məsələ odur ki, xalqın iradəsindən kənar, xaricdəki qüvvələrin diqtəsi, təklifi və formatı ilə yaranan hakimiyyətlərin ömrü az və nəticəsi belə olur.

Cənab Əhmədovun fikrincə, Azərbaycanda sabitlik, əmin-amanlıq ona görə mövcuddur ki, ölkədə hakimiyyət kənardan verilən reseptlər əsasında yox, xalqın iradəsi ilə mövcuddur.

Qırğızıstanda aprelin 6-da başlayan qarşıdurmalarda 70 dən çox adamın öldüyü, 1000-ə qədər insanın xəsarət aldığı barədə məlumatlar var.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı Əli Əhmədovun fikrinin birinci hissəsi ilə razı olduğunu deyir. Onun sözlərinə görə, doğrudan da xalqın mandatını almayan, öz marağını güdən, regionçuluğa əsaslanan hakimiyyətin bu şəkildə devrilməsi ehtimalı həmişə yüksək olur.
Arif Hacılı
Hazırda Azərbaycandakı hakimiyyət də xalqın iradəsi ilə formalaşmayıb və o nəinki vətəndaşların fundamental hüquqlarını nəzərə almır, hətta halallıq münasibətlərini də pozmaqdadır. Bu cür qeyri insani davranış isə sonda Qırğızıstandakı kimi nəticələr törədir:

HAKİMİYYƏT CİDDİ NƏTİCƏLƏR ÇIXARMALIDIR

- Biz istəməzdik ki, Azərbaycanda belə hadisələr baş versin. Çünki onun nəticələri Qırğızıstandakından daha dəhşətli ola bilər. Biz Azərbaycanda demokratiyaya keçidin təxminən Gürcüstan variantını ölkəmiz və mənafelərimiz üçün uyğun sayırıq. Ancaq hakimiyyət dairələri Qırğızıstanda olan hadisələrdən ciddi nəticə çıxartmalıdırlar.

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, hər iki ölkədəki hakimiyyət oxşardır. Azərbaycanda həmin hadisələrin baş verməməsinin isə başqa səbəbi var:

O DA ELƏ AZƏRBAYCANIN TAYIDIR

Zərdüşt Əlizadə
- Azərbaycandakı hakimiyyət 100 yox, 100 min adamı qırmağa hazırdır. Bakıyev də orada Azərbaycansayağı bir rejim qururdu, görünür, 10 min adam öldürməli idi. Amma cəmi 100 adam öldürməklə məsələni həll edə bilmədi və qaçıb getdi başqa şəhərə. Hər halda Qırğızıstanda heç bir inkişaf yoxdur. O da elə Azərbaycanın tayıdır.

Zərdüşt Əlizadə deyir ki, Kurmanbek Bakıyev ən yaxşı halda müxalifətlə razılaşıb təkrar seçkilərə gedə bilər. Təbii ki, o bu seçkilərdə uduzacaq. Amma legitim şəkildə uduzmuş adam kimi ölkədə qala bilər. Əks halda o da Əsgər Akayev kimi ölkəni tərk edəcək.

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL

QIRĞIZISTANDAN GÖRÜNTÜLƏR
XS
SM
MD
LG