Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:35

Azərbaycan yazıçıları hansı beynəlxalq mükafatlara iddia edə bilər? (3)


Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçısı Jan-Mari Qustav Le Klezioya verilir. Stokholm, 10 dekabr 2008
Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçısı Jan-Mari Qustav Le Klezioya verilir. Stokholm, 10 dekabr 2008
ƏVVƏLİ BURDA

Azərbaycanda çoxlu sayda xalq şairi, yazıçısı, yeni yazarlar birliklərinin iddialı qələm sahibləri olsa da, hələ ki onlardan heç biri ən nüfuzlu sayılan beynəlxalq mükafatlara sahib çıxa bilməyib. Həmin mükafatlar haqda məlumatların davamını dərc edirik:

ƏDƏBİYYAT ÜZRƏ “NEUSTADT” MÜKAFATI

Neyştadt Mükafatı 1969-cu ildən bəri - iki ildən bir verilir. Mükafatı Amerikanın Oklahoma Universiteti və onun “World Literature Today” nəşri maliyyələşdirir.

Bu, məhz xarici yazarlar üçün nəzərdə tutulub və dünyanın istənilən ölkəsində yaşayan yazıçı bu mükafata iddia edə bilər.

Mükafatın dəyəri 50 min dollardır.

Markes Neyştadt mükafatını aıandan10 il sonra - 1982-ci ildə Nobel mükafatın da qayiq görüldü. Münsiflər Heyətinin azı 7 üzvü olur. Bu mükafata həm nasirlər, həm şairlər, həm də dramaturqlar iddia edə bilər.

“World Literature Today” nəşrinin icraçı direktoru müxtəlif ölkələrdən olan tanınmış yazıçıları Münsiflər Heyətinə dəvət edir.

Nəşrin icraçı direktoru jürinin dəyişməyən yeganə üzvü və sədridir. Qalan üzvlər hər iki ildən bir dəyişir.

Mükafatın Münsiflər Heyətinə müxtəlif illərdə Süzan Zontaq, İosif Brodski, Con Maksvel Kutzee kimi dünya şöhrətli yazarlar daxil olublar.

Mükafata iddia etmək üçün yazıçının kitablarından biri Neyştadt Mükafatının Münsiflər Heyətinin dillərindən birində - ingilis, fransız, yaxud ispan dilində dərc edilməlidir.

Namizədlər barədə Münsiflər Heyətinin üzvlərinə onların toplantılarından 6 ay qabaq məlumat verilir və fevralda, yaxud martda onlar bir neçə günlük məsləhətləşmə zamanı qalibi müəyyən edirlər.

Onların qərarını Oklahoma Universitetinin prezidenti elan edir.

Q.Q.Markes
Neyştadt Mükafatını alanlar arasında Kolumbiyadan Qabriel Qarsia Markes (1972), Meksikadan Oktavio Paz (1982) də var.

Bu mükafatı Somali, Əlcəzair, Barbados, Nikaraqua kimi ölkələrin yazçıları da qazanıb.

ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI

Dünyada ədəbiyyat sahəsində ən nüfuzlu mükafat sayılır. 1901-ci ildən hər il verilir. İstənilən ölkənin yazıçısının bu mükafata namizədliyi irəli sürülə bilər.

Mükafatın kimin verilməsini müəyyənləşdirmək İsveç Akademiyasına tapşırılıb.

Hər il İsveç Akademiyası dünya ölkələrindəki yazarlar birliklərinin rəhbələrinə, dil və ədəbiyyat institutlarına, Nobel mükafatçılarına minlərlə məktub göndərərək onlardan mükafata namizəd irəli sürmələrini xahiş edir.

Yazarlar birliklərinin rəhbərləri öz namizədliklərini verə bilməzlər.

Adətən minlərlə müraciətdən təxminən 50-sinə cavab (namizədin irəli sürülməsi haqda) gəlir.

Fevralın 1-dən sonra gələn cavablar nəzərə alınmır. İlkin seçimdən sonra apreldə “20-lik”, yayda isə “5-lik” müəyyən edilir.

Bundan sonra "5-liyin" əsərləri ətraflı şəkildə nəzərdən keçirilir.

Oktyabr ayında İsveç Akademiyasının üzvləri səsvermə ilə qalibi seçirlər. Yarıdan çox səs qazanan namizəd qalib elan edilir.

Mükafatın dəyəri 1,4 milyon dollardır. Qalibə diplom və medal da verilir.

Təqdimat mərasimi ilin axırı baş tutur.

İndiyəcən bu mükafata Azərbaycandan yalnız yazıçı Kamal Abdullanını namizədliyi irəli sürülüb.

PREMIO PRINCIPE DE ASTURIAS

Asturia Şahzadəsinin Mükafatı – dəyəri 50 min avrodur. Mükafat 1980-ci ildə Asturia Şahzadəsinin Xeyriyyə Fondu tərəfindən təsis edilib.

Bu mükafat təkcə ədəbiyyat yox, sosial elmlər və texnika sahəsində də fərdlərə, təşkilatlara verilir.

Teatro Campoamor
Mükafatı hər il İspaniya taxt-tacının varisi, Asturia Şahzadəsi təqdim edir. Mükafat Komitəsinin rəhbəri də odur. (Asturia knyazlığı İspaniyada muxtar bölgədir).

8 nominasiyadan biri olan ədəbi mükafat yazara, yaxud ədəbi birliyə “dünya ədəbiyyatına böyük xidmətlərinə görə” verilir.

İndiyəcən mükafatı alan yazıçılar arasında Süzan Zontaq, Mario Varqas Liosa, Günter Qrass, Umberto Eko da olub.

Mükafat Asturia knyazlığının mərkəzi Ovyedoda – Kampoamor Teatrında təqdim edilir.

Mükafata namizədlər akademiyalar, araşdırma mərkəzləri, institutlar və başqa təşkilatlar tərəfindən təqdim edilə bilər.

Bunların rəhbərləri öz namizədliklərini verə bilməzlər.

Namizədlər beynəlxalq səviyyədə yetərincə tanınan şəxlər olmalıdır.

Əgər bu əsaslandırılmazsa, namizədlik qəbul edimir.

Münsiflər Heyəti hər il yenilənir. Ən çox səs qazanan namizəd qalib elan edilir.
XS
SM
MD
LG