Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:26

«Emin bizdən xahiş etdi ki…»


Emin Milli məhkəmədə, 16 sentyabr 2009
Emin Milli məhkəmədə, 16 sentyabr 2009
Almaniyanın Azərbaycandakı səfirliyinin sözçüsü Florian Pötter və Almaniya Bundestaqının Yaşıllar Partiyasından olan deputatı Viola von Kramon aprelin 14-də Salyanın Xələc qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində bloqqer Emin Milli ilə görüşüblər. Həm bu görüş, həm də digər bir sıra məsələlərlə bağlı Florian Pötter AzadlıqRadiosuna müsahibə verib:

EMİN BİZDƏN XAHİŞ ETDİ Kİ…

- Biz Emin Milli ilə bir saatdan çox sərbəst danışdıq. O, həbsxana şəraiti ilə bağlı heç bir şikayətinin olmadığını, ona münasibətin yaxşı olduğunu dedi. İlk 14 gün ərzində o, karantindədir. Məhbuslar bu müddətdə həbsxana şəraitinə uyğunlaşmaq üçün ayrı saxlanırlar. O, ziyarətçilərin gətirdiyi bütün kitab və jurnalları sərbəst alır. Emin bizdən xahiş etdi ki, dostlarına və xüsusilə də anasına yaxşı olduğunu, narahat olmamaqlarını və oxumağa vaxtının bol olduğunu deyək.

GÖRÜŞDÜYÜMÜZ BİR ÇOX AZƏRBAYCAN MƏMURU BUNU BİLİR

- Cənab Pötter, Azərbaycanda demokratiyanın durumu barədə nə düşünürsünüz? Ölkədə demokratik inkişaf qənaətbəxşdirmi?


- Beynəlxalq icma olaraq biz Azərbaycanın demokratiya sahəsində inkişaf üçün işlər görməyə çalışdığını etiraf edirik. Əlbəttə, hələ görüləsi çox işlər var. Son həftələr, aylar ərzində görüşdüyümüz bir çox Azərbaycan məmuru bunu bilir. Ona görə də bizdən prosesə dəstək verməyimizi istəyir. Əlbəttə, biz iki bloqqerin həbsxanada saxlanma şəraitini hələ də problemli qarşıladığımız onların həbsi faktından ayırmalıyıq. Adnan barədə hələ bilmirik, ancaq biz Eminin saxlandığı yerdən, münasibətdən şikayətlənmədiyini eşitdiyimizə sevinirik. Amma bu, faktları və həbs səbəbini dəyişmir.

DİALOQU DAVAM ETDİRMƏLİYİK

- Necə hesab edirsiniz - nəyi düzəltməyə ehtiyac var?

- Lazım olan - hökumətin təkliflərimizə, xeyli uzun və mürəkkəb olan demokratikləşmə yolunda keçdiyimiz təcrübəmizə açıq olması və daimi dialoqdur. Biz bu dialoqu davam etdirməliyik və hesab edirəm bundan sonra heç olmasa, orta bir müddət üçün real nəticələr əldə edilə bilər.

AZƏRBAYCAN DƏFƏLƏRLƏ AVROPA BİRLİYİ İLƏ YAXINLAŞMAQ İSTƏDİYİNİ BƏYAN EDİB

- Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, xarici dövlətlərin ölkənin daxili işlərinə qarışıb, demokratiya ilə bağlı tənqidlər səsləndirməsi yolverilməzdir. Bu iradlara münasibətiniz necədir?

- Azərbaycan ATƏT, Avropa Şurası və Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində müəyyən öhdəliklərlə razılaşıb. Bu mənada Avropa Birliyi Azərbaycanda mətbuat azadlığı və əsas azadlıqların vəziyyəti ilə bağlı maraqlanmalıdır. Azərbaycan dəfələrlə Avropa Birliyi ilə yaxınlaşmaq istədiyini bəyan edib.

BƏYANATLARI BÖLÜŞÜRÜK

- Azərbaycanda söz azadlığı sahəsində problem varmı?

- Son zamanlar Avropa Birliyi və bir sıra digər qurumların, ATƏT-in media azadlığı üzrə nümayəndəsinin Azərbaycanın mətbuat azadlığı ilə bağlı dəfələrlə bəyanatları olub. Biz Avropa Birliyi və ATƏT üzvü olaraq bu bəyanatları bölüşürük. Bu ölkədə inkişafa nail olmaq üçün azad mətbuat və söz azadlığının olması çox mühümdür. Söz azadlığı və azad mətbuat olmasa inkişaf mümkün deyil.
XS
SM
MD
LG