Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:49

Muzeylərə giriş haqqı nə qədərdir?..


Dövlət Tarix Muzeyi
Dövlət Tarix Muzeyi
Dövlət Tarix Muzeyində Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin xatirə otağında tavanın hazırlanmasına 15 kiloqram qızıl sərf edilib. Ancaq bu möhtəşəm görüntüyə tamaşa etmək hər ailəyə nəsib olmur.

Bakı sakini Nurəddin Əhmədov deyir ki, 4 nəfər ailə üzvünü hansısa bir muzeyə aparmaq üçün 200 manatlıq aylıq məvacibindən 20 manat giriş haqqı verməlidir. Çünki muzeylərə giriş haqqı adambaşına 5-10 manatdır:

ONDA NECƏ DOLANIM 200 MANATLA

- Muzeylərə necə getmək olar ki? Bugünkü maaşla hansı muzeyə getmək olar? 5 manata deyir bileti, mənim ailəmin 4 üzvü var. Bir dəfə getmək üçün 20 manat verməliyəm. Onda necə dolanım 200 manat maaşla? Pul məsələsi həm də maariflənməyə görədir.

Tarixini öyrənmək istəyən bir çox gənclər, xüsusən də tələbələr muzeylərə girişin baha olduğunu deyirlər:

- Bu yaxınlarda Tarix Muzeyinə getmişəm.

- Bilet neçəyə idi?

- Biz gedəndə 6 manat idi.

- Tələbələr üçün bahadır. Eləsi var, rayondan gəlib imkanı çatmır.

Ancaq bundan başqa, bəzi tələbələr muzeylərə getməməklərinin səbəbini həm də onunla izah edirlər ki, universitetlərdə muzeylərə ekskursiyalar təşkil olunmur:

MARAĞIM YOXDUR

Dövlət Tarix Muzeyinin eksponatı
- Təşkilatçılıq zəif olduğu üçün universitetdə ekskursiyalar az təşkil olunur. Ona görə da gənclərdə maraq yoxdur.

- Biri mənim övladım, institutda oxuyur, eşitməmişəm desin ki, muzeyə getmişəm.

- Mənə miniatür muzeyi maraqlı gəlir, dünyada heç yerdə olmayan kitablar var idi.

- Muzeyə gedirsiz?

- Yox getmirəm.

- Nə üçün?

- Marağım yoxdur.

- Gənclərin heç bir maraqları yoxdur muzeyə, nə də teatra getməyə.

Bəs gənclərin muzeylərə marağını artırmaq üçün nələr edilir? Məsələn, giriş qiymətlərində onlara hansısa güzəştlər varmı? Dövlət Tarix Muzeyinin bələdçisi Sənubər Qasımova:

MUZEYİ GƏZƏNDƏN SONRA HEÇ KİM HEYFSLƏNMİR

- Bizdə gənclərə güzəştlər var. Şagirdlər üçün qiymət yarıbayarı azalır. Məktəblərlə xüsüsi müqavilələr olur. Tələbələr, şagirdlər üçün giriş haqqı 2, boyüklər üçün 5 manatdır. Əcnəbilər çox gəlir, onlar üçün də 5 manatdır.
Dövlət Tarix Muzeyinin eksponatı
Bilirsiz bəziləri deyir ki, giriş haqqı çox bahadır, amma muzeyi gəzəndən sonra heç kim heyfslənmir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyir ki, muzeylərə diqqəti artırmaq üçün əlavə işlər görülür:

XARİCDƏKİ MUZEY TƏCRÜBƏSİNİ AZƏRBAYCANA GƏTİRMƏK NİYYƏTİNDƏYİK

- Xaricdəki muzey təcrübəsini Azərbaycana gətirmək niyyətindəyik. 2009-cu ilin göstəricilərinə görə, Azərbaycanda 106 min 967 nəfər muzeyə gəlib. Xalq susayıb, incəsənət hadisələrinə hamı gəlir.

Biletlərin qiymətilə bağlı Zöhrə Əliyeva deyir ki, muzeylər təsərrüfat hesablıdır və giriş haqlarından maliyyələşir.

Müqayisə üçün deyək ki, paytaxtdan kənarda, məsələn, Gəncədə tələbə və şagirdlər üçün muzeyə biletin qiyməti 50 qəpik, adi vətəndaşlar üçün 1 manat, əcnəbilər üçün isə 2 manatdır.
XS
SM
MD
LG