Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Azərbaycanda seçki şikayətlərinə necə baxılıb?


Bakıda bələdiyyə seçkiləri, 23 dekabr 2009
Bakıda bələdiyyə seçkiləri, 23 dekabr 2009
Ötən ilin bələdiyyə seçkilərində qanunsuzluqlarla üzləşdiyini bildirən Neftçala rayon sakini Xalid Fərəcov seçki şikayətlərinə baxılma qaydalarından narazıdır. Deyir 61 saylı Neftçala seçki dairəsinin iki məntəqəsində səs çoxluğu ilə qalib gəlsə də, Mərkəzi Seçki Komissiyasının (MSK) internet səhifəsində öz adını görməyib. Bundan sonra o, qaydalara uyğun olaraq dairə seçki komissiyalarına və Mərkəzi Seçki Komissiyasına müraciət edib. Amma MSK-dan ona gecikdiyini bildiriblər:

- Sonra mən müraciət elədim Apelyasiya Məhkəməsinə, bir dəfə şikayətimi geri qaytardılar ki, rüsum ödənməyib, sonra da dedilər protokolların birindəki möhür tam aydın deyil. Sonra yenidən vəkil tutdum və Apelyasiya Məhkəməsində proses oldu, ondan sonra da Ali Məhkəməyə müraciət elədim.

Keçmiş bələdiyyə namizədinin şikayətinə Ali Məhkəmədə də mənfi cavab verilib.

«Hüquq və İnkişaf» İctimai Birliyinin bələdiyyə seçkiləri üzrə şikayətlərin araşdırlmasıyla bağlı aprelin 19-da açıqladığı hesabatda qeyd olunur ki, bələdiyyə seçkilərilə bağlı MSK-ya 1000-dən artıq yazılı şikayət edilsə də, komissiyanın internet səhifəsində cəmi 179 şikayət barədə məlumat yerləşdirilib ki, bunun da 170-i haqqında qərar qəbul edilib. Birlik rəhbəri Hafiz Həsənova görə, bu o demək deyil ki, MSK elə bu qədər şikayətə baxıb. Birlik rəhbərinə görə, qurum daha çox şikayətə baxıb, lakin onların hamısını internetə yerləşdirməyi məsləhət bilməyiblər:

- MSK-dan bir sıra beynəlxalq təşkilatlara verilən məlumatlara görə, MSK-ya təxminən 650 şikayət verilib. Bu barədə həm də ATƏT-in məlumatlarında da qeyd olunub.

SEÇKİ ŞİKAYƏTLƏRİNİ KOMİSSİYALAR QƏBUL ETMƏYİB?

Birliyin hesabatında qeyd olunur ki, seçkidən dərhal sonra edilən müraciətlərin çoxunu Dairə Seçki Komissiyaları qəbul eləməyiblər.
«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov
Bundan başqa, nə məntəqə, nə dairə, nə də Mərkəzi Seçki Komissiyasında şikayətlərin qəbulu ilə bağlı heç kimə qəbz verilməyib. Qəbz verilmədiyi üçün bunu sonradan sübut etmək mümkün olmayıb.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev şikayətlərə baxılmasıyla bağlı «Hüquq və İnkişaf» İctimai Birliyinin hesabatı ilə razı deyil. Onun sözlərinə görə, hansısa şikayət qanunvericilikdə nəzərdə tutulan müddətdə MSK-ya daxil olubsa, o araşdırılıb və obyektiv qərar qəbul edilib:

- MSK-ya şikayətlərin əksəriyyəti verilmə müddətindən gec gəlib. Şikayət seçkidən üç gün sonra verilməlidir, amma onlar beş və ya on gündən sonra veriblər. Bu da Seçki Məcəlləsinin tələbi və müvafiq təlimatına uyğun deyil. Bu məcəllə Avropa Şurasının Venesiya Komissiyasının tövsiyəsilə hazırlanıb. Əgər üç gün müddətindən sonra şikayət edilirsə, bu təbii ki, ərizəçinin özünə qaytarılır.

Şikayət ərizələrinə görə qəbzlərin verilməməsinə gəlincə, Azər Sarıyev bildirir ki, MSK qarşısındakı poçt qutusuna atılan ərizələr istisna olmaqla birbaşa katibliyə verilən şikayət ərizələrinin hamısına görə qəbz verilib.

MƏHKƏMƏYƏ GÖNDƏRİLƏN 57 ŞİKAYƏTDƏN HEÇ BİRİNƏ BAXILMAYIB

«Hüquq və İnkişaf» İctimai Birliyinin Bakı Apelyasiya Məhkəməsindən aldığı məlumata görə, bələdiyyə seçkilərindən sonra MSK ilə bağlı vətəndaşlardan məhkəməyə 57 şikayət ərizəsi daxil olub. Bu ərizələrdən 27-si təmin edilməyib, 29-u geri qaytarılıb, 1 ərizə isə ümumiyyətlə icraata götürülməyib.

Hüquqşünas Ənnağı Hacıbəyliyə görə, əgər məhkəmə 57 şikayətdən birini də təmin etməyibsə, bu, məhkəmələr üçün mənfi haldır:

İntiqam Əliyev
- Bu artıq reallıqdır ki, məhkəmələr şikayətlərə necə baxıb. Hətta mən deyərdim şikayətlərin sayı da önəmli deyil. Əgər Azərbaycanın məhkəmə sistemi 57 şikayətdən birini də təmin etməyibsə, nə fərqi var, o şikayətlərin sayı 57 olsun ya 1057.

ƏDALƏTLİ SEÇKİ KEÇİRMƏYƏN HAKİMİYYƏT...

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevsə hesab edir ki, seçki şikayətlərinə baxılmasıyla bağlı vəziyyətin bu şəkildə olması siyasi iradədən asılı bir məsələdir. İntiqam Əliyevə görə, ədalətli, şəffaf və demokratik seçki keçirməkdə maraqlı olmayan hakimiyyət şikayətlərin ədalətli araşdırılmasına heç cür razı ola bilməz:

- Kökündə bu dayanır, qalan məsələlər köməkçi məsələlərdir. Hakimiyyətin siyasi iradəsi yoxdur ki, Azərbaycanda obyektiv seçki keçirilsin, əgər olsaydı onda, DSK-larda, MSK-da və məhkəmələrdə seçki şikayətlərinə obyektiv baxılardı.

İntiqam Əliyev hesab eləyir ki, vətəndaşlar seçki pozuntuları ilə bağlı şikayətləri verməkdən çəkinməməlidirlər. Onun sözlərinə görə, məhkəmələrin çıxardığı mənfi qərarlar gələcəkdə istinad oluna biləcək sənəd kimi gərəkli ola bilər.

Bu yaxınlarda Avropa Məhkəməsi AXCP üzvü Nemət Əliyevin Bərdə şəhər seçki dairəsindən verdiyi seçki şikayətini təmin edib və daha 18 işlə bağlı qərarlar gözlənilir.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib. Bu ilin noyabrında isə parlament seçkiləri keçiriləcək.
XS
SM
MD
LG