Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Avropa Məhkəməsi Eynulla Fətullayevin işi üzrə qərar verib


Eynulla Fətullayev
Eynulla Fətullayev
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Eynulla Fətullayevin işi üzrə qərar verib. Qərara əsasən, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro məbləğində təzminat ödəməlidir.

Bu arada İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin Fətullayevin işi ilə bağlı çıxardığı qərarla əlaqədar bəyanat verib. «Trend»in məlumatına görə, Əsgərov deyib ki, Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz:

«Məlum olduğu kimi, Avropa Məhkəməsinin qərarı elan edildiyi gündən üç ay müddətində işin Böyük Palataya baxılması üçün verilməsi barədə vəsatət təqdim edilmədiyi təqdirdə qüvvəyə minir. Qeyd etdiyim məsələləri nəzərə alaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək, habelə Konvensiyanın tətbiqində vahid praktikanı təmin etmək məqsədi ilə biz bu işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəyik».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru E.Fətullayevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayəti onun barəsində çıxarılmış iki həbs qərarından idi. 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.
XS
SM
MD
LG