Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

«Təhsil Nazirliyi dörd divarı 80 min manata tikib»


Zöhrab İsmayıl
Zöhrab İsmayıl
«Təhsil Nazirliyi dörd divarı 80 min manata tikib».

Bunu Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl deyib. «İşdən sonra»da məktəb tikintilərinə xərclənən vəsaitlərin nə dərəcədə şəffaf olmasından danışılıb.

Zöhrab İsmayıl deyir ki, Təhsil Nazirliyi məktəb tikintisinə Yaponiya səfirliyindən dörd dəfə artıq maliyyə xərcləyir:

- Təhsil Nazirliyinin tikdirdiyi məktəblərin bir sinif otağına düşən xərc 80 min manata yaxın məbləğdir. Məsələn, 2008–ci ildə 180 yerlik məktəblər tikilib, hər birinə 704 min manat ayrılıb. Orada bir sinif otağına 78 min manat düşür. Təhsil Nazirliyinin 2007-ci ildə Xaçmazın Qarabağlı kəndində tikdiyi məktəb var, eyni zamanda Yaponiya səfirliyinin Qubanın Xanagah məktəbində tikdiyi məktəb var. Eyni ölçülərdir. Qubanın rayon mərkəzindən 60 metr uzaqlıqda yerləşir, amma Təhsil Nazirliyinin tikdirdiyi şəhərdən elə də uzaq deyil. Biri tikilib 144 min manata, o biri tikilib 70 min manata. Yaponiya səfirliyinin tikdiyi məktəbin xarici görkəmi daha cəlbedicidir. 2007–ci ildə Yaponiya səfirliyinin tikdiyi məktəblər bu məktəbdən iki dəfə böyükdür. Həm şagird yerinə görə, həm sahəsinə görə amma qiyməti ucuzdur.

Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə isə bununla razılaşmayıb. O qeyd edib ki, Təhsil Nazirliyinin tikdiyi məktəblər yüksək keyfiyyətlidir:

- Bu, mümkünsüz rəqəmlərdir. Bu məktəblərdə məsafə rol oynayır. Qubanın Xınalıq kəndində məktəb tikiriksə tikinti materiallarının aparılması baha qiymətə başa gəlir. Bu gün cəmiyyətdə çox insanlar yeni tikilən məktəblərə baxır, nöqsanlar Təhsil Nazirliyinə deyilir. Azərbaycanda çoxlu şirkətlər, iş adamları olur ki, məktəblər tikir, amma onların çoxu biz istədiyimiz səviyyədə deyil. Təhsil Nazirliyinin tikdirdiyi məktəblər yüksək standartlara cavab verən məktəblərdir. Yaponiya səfirliyi beş otaqlı məktəb tikir, onu Təhsil Nazirliyinin tikdiyi məktəblə müqayisə etsək müqayisə olunmazdır. Bu gün kiminsə Təhsil Nazirliyinin tikdiyi məktəblərə iradı varsa, sorğu versin, istənilən adamla fikir mübadiləsi aparmağa hazırıq.

Bayram Hüseynzadə Zöhrab İsmayılı məhkəməyə verəcəyini dedi.



/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG