Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

DİN rəsmisi: «Aksiyada heç bir polis mülki geyimdə deyildi»


Mülki geyimlilər «Fatimeyi-Zəhra» məscidi camaatının Ali Məhkəmənin qarşısındakı piketini dağıdır
Mülki geyimlilər «Fatimeyi-Zəhra» məscidi camaatının Ali Məhkəmənin qarşısındakı piketini dağıdır
«Nigarrrrrrrr! Nigarrrrrr»

AzadlıqRadiosunun internet saytında yerləşdirilmiş videokadrlardan aydın görünür ki, dostlarının həyəcanla çağırdıqları aksiya iştitakçısı Nigari – Nigar Fətəlini mülki geyimli bir şəxs itələyib yıxır.

ÖZÜNÜZÜ TƏQDİM EDİN! – POLİS!

Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimində.

AzadlıqRadiosunun hadisə yerində olmuş müxbirləri də, aksiyadan çəkilmiş videokadrlar da təsdiqləyir ki, həmin aksiyada çoxlu sayda mülki geyimli şəxs polis kimi davranıb, dinc iştirakçıları zorla avtobuslara doldurub hadisə yerindən uzaqlaşdırıblar.

İştirakçılardan biri - Rövşən Nəsirli ilə onu güclə avtobusa doğru sürüyən mülki geyimlinin dialoqu:

- Özünüzü təqdim edin!

- Polis

Başqa bir iştirakçı, hüquqşünas Sadiqə Mehdizadə AzadlıqRadiosuna bunları danışır:

«Mülki geyimli mənə yaxınlaşıb, özünü polis kimi təqdim etdi. Tələb etdim ki, şəxsiyyətini təsdiq edən sənəd təqdim etsin. Polis vəsiqəsini göstərdi, doğrudan da polis idi».

POLİS NƏ VAXT MÜLKİ GEYİMDƏ ÇIXA BİLƏR?

Hüquqi Dövlət Araşdırmaları Fondunun Prezidenti Müzəffər Baxışov isə bildirir ki, bu cür aksiyalarda polisin mülki geyimdə olması qanunsuzdur, polis yalnız
30 aprel aksiyası
əməliyyat-axtarış tədbirləri məqsədilə mülki geyim geyinə bilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da AzadlıqRadiosuna bildirir ki, polisin ictimai asayişi qorumaq üçün kütləvi aksiyalarda mülki geyimdə olması qanunsuzdur və rəsmi qaydada heç bir mülki geyimlinin xidmətindən istifadə olunmayıb, bütün polislər elə polis geyimində olub. Bəs onda polis kimi davranan mülki geyimlilər kim idi? Ehsan Zahidov belə cavab verir:

«POLİSƏ KÖMƏK ETMƏK İSTƏYƏN O QƏDƏR ADAM VAR Kİ...»

«Ola bilsin ki, bu, polisə kömək etmək istəyən vətəndaşlardır, o qədər elə adam var ki, polisə kömək etmək istəyir».

- Amma Ehsan müəllim, onlardan bəziləri özlərini «polis» kimi təqdim edirdilər və iştirakçılara zor tətbiq edirdilər...

- «Əgər bu cür hallar varsa, vətəndaşlar bizə müraciət etsinlər, araşdıraq, hələ ki, bizə belə müraciət daxil olmayıb».

Milli Məclisin ötən il Polis haqqında qanuna etdiyi dəyişikliyə görə, vətəndaşlar polisə yardım edə bilərlər, amma hüquqşünas Erkin Qədirli bildirir ki, bütün hallarda bu yardım edən şəxsin də özünün xarici fərqləndirməsi məcburidir, yəni, polis və ona yardım edən şəxsi vətəndaş tanımalıdır.

Erkin Qədirli
Mülki geyimlilərin etiraz aksiyasını dağıtması halları birinci dəfə deyil. Bu il aprelin 26-da Xalq Cəbhəsi Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirdiyi aksiyada da, aprelin 28-də «Fatimeyi-Zəhra» məscidi camaatının Ali Məhkəmənin qarşısındakı piketində də tədbiri mülki geyimlilər dağıdır.

"BU TƏCRÜBƏ 16 OKTYABR HADİSƏLƏRİ DÖVRÜNDƏ DƏ VAR İDİ"

Hüquqşünas Erkin Qədirli deyir ki, bu təcrübənin tarixi daha uzağa - 2003-cü il 16 oktyabr hadisələrinə gedir, həmin vaxt hakimiyyət sərbəst toplaşmaq hüququndan istifadə edən vətəndaşlar üzərinə peşəkar idmançıları salıb:

«Bu təcrübə Latın Amerikası diktatorlarının sınaqdan çıxardığı bir təcrübədir. Belə davranış ölkədə hüququn üstünlüyü şəraitinin yaranmasını əngəlləyir, polis kimi vacib qurumun öz səlahiyyətini aşma təcrübəsinin oturuşmasına şərait yaradır. Ən təhlükəlisi isə budur ki, bu hal narazılığın artmasına səbəb olur. Bu narazılıq yığılıb-yığılıb heç kimin gözləmədiyi halda partlaya bilər».

Erkin Qədirli hesab edir ki, mülki geyimlilərin özünü polis kimi təqdim etməsi cinayətkarların bundan yararlanmasına, «polis» adından sui-istifadə etməsinə səbəb ola bilər.
XS
SM
MD
LG