Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:25

Rüstəm İbrahimbəyov: «İlham Əliyevə alternativ görmürəm»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

AzadlıqRadiosu:

- Yazıçı, kinossenarist, prodüser, dramaturq, ssenarist, nüfuzlu “ Oskar” mükafatı laureatı, xalq yazıçısı, Rusiya və Azərbaycanın əməkdar artisti. Daha çox nə cür təqdim edəndə sizin üçün daha doğma gəlir?


Rüstəm İbrahimbəyov:

- Mənə elə gəlir yazıçı elə kifayətdir.


AzadlıqRadiosu:

- Dinləyicilər sizə suallar göndəriblər. Gəlin elə dinləyicilərimizin suallarından başlayaq. Kamal imzalı dinləyicimiz sizə yazır, bir ziyalı olaraq Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz və biz nə vaxt gürcülər kimi normal cəmiyyət qura biləcəyik?


Rüstəm İbrahimbəyov:

- Çox mürəkkəb sualdır. Bu suala cavab vermək üçün bir kitab yazmaq lazımdır. Özü də beş cildli kitab. Mən deyə bilmərəm ki, bu gün Gürcüstan bizim üçün nümunəvi ola bilər. Çünki orada vəziyyət çox ağırdır. Saakaşvilinin siyasəti ilə çox adam razı deyil. Mən Gürcüstanı nümunə kimi götürə bilmərəm amma Fransa, Avropa hökumətlərini nümunə kimi götürə bilərik və deyə bilərik ki, bu müqayisədə Azərbaycan çox – çox uduzub. Adımız demokratik ola – ola demokratiyaya əl atırıq amma nəticələr mənə elə gəlir ki, uğursuzdur. Formal olaraq qanunlar var amma qanunlar işləmir. Qəzetləri oxuyan adamlar vəziyyəti məndən yaxşı bilirlər. Saatlarla danışa bilərik.


AzadlıqRadiosu:

- Səbəbi nədir bəs? Dediniz qanunlar işləmir və demokratiya ilə bağlı Azərbaycanda problemlər var. Səbəbini nədə görürsünüz? Sizin baxışınızı öyrənək.


Rüstəm İbrahimbəyov:

- Mənim fikrimcə bunun səbəbi biz özümüzük. Hər adamın öz marağı var. İqtidarda olan adamın öz marağı var, siyasi müxalifətin öz maraqları var. Amma xalqın da marağı var. Çoxdan, beş – altı ildir deyirəm ki, Azərbaycanda ictimai rəy işləmir. Ayrı – ayrı adamlar öz fikirlərini deyirlər amma bu çox gücsüz səslənir. Mən bir neçə dəfə cəhd edəndə ki, gəlin bu barədə danışaq, bu problemi qaldıraq. On – on beş nəfərdən başqa heç kəs maraq göstərmir. Bu da elita məsələsidir. Hər ölkədə hər xalqın milli elitası olmalıdır. Milli elita da necə yaranır, hər peşə öz elitasını yaradır. Polis, mühəndis, yazıçılar, kino, hər peşənin öz elitası var. bu elita səviyyəsinə çatan adamlarda vətənpərvərlik və vətənin maraqları, xalqın maraqlarını öz maraqlarından artıq qoymaq qabiliyyəti varsa bu hər peşənin elitası birləşib, xalqın elitasını yaradır. Peşə elitaları bizdə var, amma ümumxalq elita çox zəifdir. Çünki 18 – 20 – ci illərdə demək olar ki, yüzlərlə Azərbaycanlı var idi ki, öz maraqlarını qorumurdular, bilmirdilər, vətənə görə hazır idilər malını da versinlər. İndi mən belə adamları barmaqla saya bilərəm. Problem bundadır.


AzadlıqRadiosu:

- Harada qırıldı o inkişaf prosesi? Niyə qırıldı?


Rüstəm İbrahimbəyov:

- O elita demək olar ki, qüvvə kimi 19 – cu ilin ikinci yarısında başladı yaranmağa və 20 – ci əsrin əvvəllərində demək olar ki, Azərbaycanda çox güclü, sanballı elita yaranmışdı. Həmin adamlar da demokratiya qura bildilər Azərbaycanda. Sonra kommunistlər bir hissəsini qırdılar, qalanları da məcbur oldular vətəni tərk etsin. Sonra başladılar təzə elita yaratmağa, o təzə elita kommunistlərin ideyasına qulluq edirdi amma onların arasında yenə də yüksək vicdanlı adamlar yaranırdı. Amma 30-40 – cı illərdə bunları da qırdılar. Sonra müharibə. Demək olar ki, bu elitanın tərkibi və sayı yavaş – yavaş azalır.


AzadlıqRadiosu:

- Belə çıxdı ki, tarixin də günahları var və ya tarixi səbəblərlə bağlıdır.

Rüstəm İbrahimbəyov:

- Bu tarixi səbəblər hər xalqın başına gəlir. Rusiyada da belədir, Gürcüstanda da belədir. Fikirlərimi deyəndə tənqid edirlər, iş ondadır ki, xalq kimi biz böyük xalqıq, dahi xalqıq və tariximiz böyükdür. Amma hökumət kimi təcrübəmiz o qədər də böyük deyil. İki il o vaxt, sovet vaxtı 70 il, indi də 20 il, bu tarixi baxımdan heç nədir. O biri tərəfdən baxanda demək olar ki, qısa tarixi yol baxımından biz böyük yol keçmişik, inkişaf etmişik hər tərəfli, amma başqa Avropa ölkələri ilə özümüzü müqayisə edəndə məlum olur ki, çox şeyləri biz ancaq elan edirik amma heç həyatdan çox uzaqdır bizim məqsədlərimiz. Vaxt lazımdır. Hər şeyə vaxt lazımdır. Keyfiyyətli konyak düzəltmək üçün vaxt lazımdır. Biz hər şeyi istəyirik tez olsun. Vaxt və bu gün ən əsas şey ictimai rəydir. Yoxdur, işləmir. Bir adam bir hərəkət edəndə deyirlər nəyinə lazımdır, gül kimi işin var, pulun var, niyə qarışırsan, gülürlər adama.


AzadlıqRadiosu:


- Bəlkə belə hallar çox olur, mətbuatdan da çıxır ki, bəzi müxalifətçilərin ailələrinə təzyiqlər olur ki, uzaqlaş müxalifətdən, ailənin dağılacağı ilə hədələyirlər. Bəlkə bu ictimai rəyə, məndən ötün qardaşıma dəysin.


Rüstəm İbrahimbəyov:

- İş ondadır ki, biz bir tərəfdən 20 ildir bu dialoqa qulaq asırıq, eşidirik bunu. İqtidarla – Müxalifətin dialoqu. Aydın olur ki, bu dialoq alınmır, işləmir. Səbəbləri də çoxdur. Bir səbəbi odur ki, bunlar bir – birini çoxdan tanıyırlar və necə deyərlər bir – birinə böyük hesabları var. Ona görə nəticə vermir. Mən ictimai rəy deyəndə müxalifətdən danışmıram. Vaxtilə mən 69 – cu ildə Eldar Quliyev mənim bir ssenarim əsasında film çəkmişdi, “ Bir cənub şəhərində”. O film çox böyük mübahisələr yaratdı. Xalq iki tərəfə bölündü. Bir hissəsi böyük maraqla yanaşdı filmə, digərləri dedilər film bizi ləkələyir və s. Bu Mərkəzi Komitənin bürosunda müzakirə olundu və o vaxt bizim Cəfər Cəfərov adlı böyük teatrşünasımız var idi. O, mərkəzi komitənin ideoloji katibi idi. O bizi çox müdafiə etdi və dedi gəlin bu ziyalıların özləri müzakirə etsin bu filmi və bu filmə qiymət versinlər. Birinci dəfə idi ki, Sovet vaxtı belə məsələləri verdilər ziyalıların öhdəsinə ki, onlar həll etsinlər. Böyük yığıncaq idi və o vaxt bizim dahi şairimiz Rəsul Rza rəvayət danışdı. Dedi ki, bir gün heyvanların padşahı şirin pəncəsinə çöp batır. Bu yara başlayır irinləməyə, çox incidir şiri. Bunun yaxınlığında olan heyvanlar bir – birinin ardınca yalayırlar yaranı. Bu çox kömək edir, amma xəstəlik yavaş – yavaş irəliləyir və ölümcül hala gəlir. Birdən haradansa balaca bir dovşan tapılır, gəlir baxır buna və çöpü çıxardır. Çıxardanda çox ağrıdır şiri və o biri pəncəsi ilə vurur öldürür yazıq dovşanı. İki saatdan sonra yavaş – yavaş yara sağalmağa başlayır və şir başa düşür ki, yeganə heyvan dovşandır ki, onun xətrini istəyir və ona kömək etmək istəyir. Başqaları ancaq yalayırdı. Bu dovşandan danışıram ki, bizdə hökiməti yıxmaq məqsədilə yox, kiminsə yerini tutmaq məqsədi ilə yox, üsyan qaldırmaq üçün yox, siyasi müharibə aparmaq üçün yox, ADNA – nın qabağında cavan tələbələr mitinqə çıxır, qəzetlərdə yazırlar beş min, on min adam etiraz etsəydi bizdə belə şey olmazdı. Camaat etiraz etmir, oxuyurlar qəzeti. Hökumətə kömək etmək lazımdır. Beş, on güclü qrup var, onlar da elə bilirlər hökumət bunlardır. Bütün qanunları pozurlar. Ən müqəddəs şey dünyada şəxsi mülkiyyətdir. Azərbaycanda bu həmişə olub. İndi bu hökumət qurumları buna fikir vermirlər və minlərlə adamları evlərindən atırlar, evlərini dağıdırlar. Kim yazır bu barədə, kim danışır heç kim. Müxalifət siyasi müxalifətdir və istəyir iqtidarın yerini tutsun. Mən o adamlardan danışıram ki, özlərinə heç nə lazım deyil, amma çalışırlar ki, hökumətimiz əsl mənada demokratik olsun, əsl mənada təmiz olsun. Buna ancaq səslərini qaldırmaq lazımdır. Siyasətlə məşğul olmaq lazım deyil.


AzadlıqRadiosu:

- Rüstəm bəy sizə belə çıxışların birini etmişdiniz “ Pravdada”


Rüstəm İbrahimbəyov:

- Birini yox. Bir dəfə kimsə fikir verib ona. Mən on, on beş, iyirmi dəfə çıxış etmişəm bu barədə.


AzadlıqRadiosu:

- Bu hadisədən sonra Azərbaycan parlamentində hakimiyyət yönümlü deputatların və hakimiyyət deputatlarının ciddi tənqidinə səbəb olmuşdu və sizi kəskin tənqid etmişdilər. Hətta milləti təhqir etməkdə və s. O baxımdan hökumət o köməyi istəyir indi?


Rüstəm İbrahimbəyov:

- Onu edənlər yaltaq adamlardır və nəsə gözləyən adamlardır. Mən onları başa düşürəm. bu onların işidir, peşəsidir, karyerasıdır. Tapşırıblar edir. Amma iki yüz neçə adam mənim müdafiəmə qalxıb. Mən onda başa düşdüm ki, Azərbaycanda proqressiv qüvvələr var və onlar məni müdafiə etməsəydilər bu davam edəcəkdi mənim üstümə hücum. Mən də ondan danışıram. Görəndə ki, hörmətli adamlar, xalq onları tanıyır və sevir məni müdafiə edirlər mənə qarşı hücumlar kəsildi. Məni müdafiə edən adamlar nə müxalifətdir, nə siyasətlə məşğuldurlar. Çoxu heç mənimlə razı deyildi. Onlar məsələni belə qoyurdular. Bir yazıçı öz fikrini deyib. Bu nə deməkdir ki, belə vəziyyət var, kim onun fikri ilə razı deyil, mətbuatda çıxış etsinlər. Milli Məclisin imkanlarından istifadə etməsinlər. Belə olanda elə çıxır ki onlar hökumət tərəfindən məni tənqid edirlər. Amma onların ixtiyarı yoxdur. Onların şəxsi fikirləridir. Bax indi 50 ildir Azərbaycanda kino evi yoxdur. Hər ölkədə var, Gürcüstanda var, Ermənistanda var, Belorusiyada var, 50 ildir sovet vaxtı bizə dedilər bu yeri veririk, sonra imkan vermədilər. Mən özüm, bizim təşkilat, Kino ittifaqı Bayılda yer tapdıq, pulla aldır, indi gəlib əlimizdən alırlar, Neft şirkəti. Neft şirkəti hökumətdir? Xeyir. Konkret adamlardır. Yer xoşlarına gəlir və bu yeri mənimsəmək istəyirlər. Əllərində heç bir sənəd yoxdur. Amma gəlib bizi məhkəməyə də verəcəklər və məhkəməni udacaqlar. Mənim reyestrdə kağızım var, mənim sənədlərim var. Yəni bizim idarəmizin. Məhkəmə deyəcək ki, düzgün verilməyib və alacaqlar bizim əlimizdən. Heç kəs səs qaldırmayacaq. On beş, iyirmi, 30 kino işçisi bəlkə nəsə dedi. Mənim Moskvada evim var, Moskvanın ən mərkəzindədir. Orada Moskvanın meri bir heykəl qoymaq istəyirdi, özü də eybəcər heykəl. Master və Marqaritanın qəhrəmanlarının heykəlləri qoyulmalı idi. Dörd ay, qış vaxtı yüzlərlə adam çıxdı, dayandı parkın kənarlarında və buraxmadılar. Nə polisi nə başqasını. Mən bunu deyirəm ki, xalqın iradəsi olmalıdır, xalqın öz mövqeyi olmalıdır və xalq bunu çatdırmalıdır. Bu yoxdur.

- Halbuki 68 – ci ildə kino evi sökülərkən gənclərin üsyanı olmuşdu.


Rüstəm İbrahimbəyov:

- Nəticəsini də gördünüz necə oldu.


AzadlıqRadiosu:

- Mən dinləyicilərə xatırladım ki, kino evi Rüstəm bəyin təşəbbüsü ilə tikilmişdi. Xaricdən tapılmışdı o vəsaitlər. Prezidentin fərmanı ilə Səbayil bələdiyyəsi bununla bağlı torpaq ayırmışdı.


Rüstəm İbrahimbəyov:

- Əvvəl Səbayil bələdiyyəsinə müraciət olunmuşdu amma biz ora gələndə məlum oldu ki, o yerlər satılıb.


AzadlıqRadiosu:

- Kino evləri arayış üçün deyim ki, bütün dünyada ziyalıların da toplaşdığı bir məkan hesab olunur. Fikir mərkəzləri sayılır o yerlər.


Rüstəm İbrahimbəyov:

- Kino dərsləri, kino muzeyi uşaqlar üçün, kino evi, beş. – altı çox vacib cavanlara tərbiyə, savad vermək üçün obyektlər var.


AzadlıqRadiosu:

- Siz bayaq dediniz Neft şirkəti hökumətdirmi, burada fikrin davamı olaraq bir sual var, Elçin bizə yazır Bakıdan, salam Rüstəm bəy. Sizə sualım var, inanırsınızmı ki, kino evinə hücumdan hökumətin xəbəri yoxdur?


Rüstəm İbrahimbəyov:

- Xəbəri var, ona görə ki, layihəni mən ona göstərmişəm. Layihəni vaxtilə prezident dəstəkləyib və deyib ki, tikə bilərsiniz. Ondan sonra bu hücumlar başlayandan sonra iki dəfə mən ona müraciət etmişəm. Konkret deyək bunun prezentasiyası da olub, ondan sonra böyük məktub yazmışıq idarə heyəti adından ki, çox sağ olsun ki, prezident bizim layihəni dəstəkləyir. İki gündən sonra onlar hücuma keçirlər, oradan bizim işçiləri, torpağın sahiblərini güclə maşınlara soxublar, öz torpaqlarından çıxarıb şəhərin kənarında küçəyə atıblar. Mən beş dəfə müraciət etmişəm prokurora, cavab yoxdur, gizlənirlər. Cavab vermirlər. Bizdə torpaq məcəlləsində yazılıb, kimin sərhədi məlumdur, ora heç kəs girə bilməz və bu cinayətkarlıqdır. Bunları cərimə yox, tutmaq olar. Bunlar niyə bunu edirlər, heç kəs qarışmır çünki bir – birini tanıyırlar, bir – birinə kömək edirlər. Mən də özümü yaxşı aparsaydım, mən də özümü tərbiyəli aparsaydım və hərdənbir fikirlərimi açıq deməsəydim yüz faiz deyə bilərəm ki, qarışardılar. Prezidentin də səviyyəsi buna lazım deyil. Prezidentin administrasiyası var, baş prokuror var, şəhərin böyüyü var. Etmirlər. Əsasən ona görə ki, mən özümü sərbəst aparıram və hərdənbir fikirlərimi deyirəm. Yüz faiz ona görə. Amma mən yenə də inanıram ki, çünki vaxtilə mən bir dəfə beş il bundan qabaq belə vəziyyətə düşmüşdüm. İbrus teatrını tikəndə onun tikintisini saxladılar. İlham müəllim o vaxt prezident deyildi. Mən ona müraciət etdim, onun köməyi olmasaydı indi İbrus teatrı olmazdı. İndi də mən ona inanıram və məktublar yazıram ki, o vaxt imkanlarımız çox idi amma yenə də prezident deyildiniz. Bu gün siz bu hökumətin prezidentisiniz və bu gün bizim qarantımızsınız. Mən gözləyirəm, inanıram, ümidimi itirmirəm ki, siz qarışacaqsınız və bizi bu vəziyyətdən çıxaracaqsınız.


AzadlıqRadiosu:

- Sizin mövqeyinizdən belə başa düşdüm ki, hökumətin bəzi üzvləri dəyişmək istəmirlər və ziyalıları eşitmək istəmirlər. Amma bunu prezidentə aid etmək olarmı ya da olmazmı. Belə başa düşdüm olmaz deyirsiniz.


Rüstəm İbrahimbəyov:

- Mən müraciət etmişəm və cavab gözləyirəm. Bir aydan sonra görüşsək dəqiq deyə bilərəm. İndi cavab gözləyirəm, cavab vermirlər mənə. Amma mən dəqiq deyə bilərəm ki, mən o adamlardanam ki, mənə bu vəziyyətdə qanunlar poza – poza mənə kömək olmasa mən orada beş milyon vəsait qoyurlar xaricdən. Deməli onlar beynəlxalq hesabatlara verəcəklər, məhkəmələrə verəcəklər, qəzetlərə yazacaqlar. İstər – istəməz Azərbaycana ləkə kimi yaranacaq. Mən heç onu istəmirəm. Ona görə gözləyirəm kimsə bu məsələyə qarışmalıdır. Bu hökumətdə qanun varsa prokuror əməl etməlidir. Şəhərin rəhbəri varsa o qarışmalıdır. Onların vəzifəsidir. Prezident o məsələyə qarışmalı deyil. Prezidentin öz işləri var. Bunu onlar etməlidir. Ona görə deyirəm burada ictimai rəy yoxdur, qorxmurlar, utanmırlar. Bilirlər ki, heç kəs onlara heç nə deməyəcək. Bu gün bu işdədirlər sabah başqa vəzifəyə keçəcəklər. Burada utanmaq yoxdur. Ruslar deyirlər, üzünü itirməkdən heç kəs qorxmur. Heç kim qorxmur ki, üzünə tüpürüb deyəcəklər sən axı ziyalıların hüquqlarını pozursan, amma sən hansısa şirkətin rəhbərisən. Basin küçəsində üç yüz ailəni atıblar küçəyə, pullarını da vermirlər. Beş min adam yollar tikirlər, beş min adamı atacaqlar pullarını verməyəcəklər. Mən nədən qorxuram, belə şeylərin axırı üsyana gətirir. Necə ki, Qırğızıstanda oldu. Bunlar qorxulu şeylərdir. Bu bizi 50 il dala atacaq. Ona görə ziyalılar birləşib öz güclərini göstərməsələr, vəziyyət gərginləşəcək.


AzadlıqRadiosu:

- Fərid yazır Bakıdan, sizi salamlayıram və sizinlə fəxr edirik. Hal – hazırda Nikita Mixalkovla münasibətləriniz necədir?


Rüstəm İbrahimbəyov:

- Bilirsiniz, münasibətin şəxsi münasibətim normaldır. Yəni salamlaşırıq, zəngləşirik. Amma ictimai xadim kimi mən ona nifrət edirəm. Dəfələrlə üzünə də demişəm, tribunalardan da, kağızlarda da. Böyük, yaxşı rejissordur, maraqla on ildən artıq birlikdə işləmişik, amma o kino ittifaqının birinci katibi olan kimi çox böyük ziyan vurdu kino işinə, kino mühitinə. Demək olar ki kino ittifaqını dağıtdı. Çünki bu adam ancaq öz maraqlarını güdür. İctimai işdən çox uzaqdır. Şovinistdir və buna görə mən də axı bu kino ittifaqların birliyi var mən onun sədriyəm. Rusiyanın kino ittifaqı bizim tərkibimizə girib. O bu işi başlayanda mən ona dedim sən niyə elə edirsən ki, 14 respublika, xalq səninlə əlaqəni pozsun. Biz indi onunla əlaqəni pozmuşuq. Moskva kino işləri bizimlə əlaqədədir amma rəsmi olaraq Rusiyanın kino ittifaqı konfederasiyadan rəsmi çıxıb. Üç – dörd ildir ki, möhkəm müharibədəyik. Bu o demək deyil ki, o mənim düşmənimdir. Mən onu başa salmaq istəyirəm. Onu 40 ildir tanıyıram, uşaqları gəlib, gedirdi bizə. Mən onu düşmən saymıram. Mən onu rəqib kimi sayıram. Bizdə deyirlər düşmənsiz, mən deyirəm yox, mən onunla mübarizə aparıram.


AzadlıqRadiosu:

- Mən istəyirəm söhbəti kinodan və ya ədəbiyyatdan davam etdirim. Amma dinləyicilər siyasi sualları davam etdirirlər. Rüstəm müəllim gərək bağışlayasınız biz mövzunu bu istiqamətdə davam etdiririk. Zamin yazır bizə, Salam Azadlıq. Bu ölkədə özbaşınalıq varsa bunun səbəbkarı prezidentdir. Rüstəm bəy nə fikirləşir, əgər prezident bütün bunları görmürsə niyə prezidentlik kürsüsünü işğal edib?


Rüstəm İbrahimbəyov:

- Bilirsiniz, prezident necə prezident olur, seçki yolu ilə. Deməli bu xalq belə fikirdədirsə gələn seçkilərdə öz fikrini bildirsin. Cavan oğlanın dediyi sözlər qanunsuzluqdur. Prezident bizim prezidentdir. Prezidenti tənqid də edə bilərik, suallar da verə bilərik. Amma biz bir tərəfdən deyirik qanunları pozurlar, özümüz digər tərəfdən qanunları pozuruq. Hökumətin qanunları var, seçki olacaq və o seçkidə xalq öz rəyini bildirsin.


AzadlıqRadiosu:

- Rüstəm bəy seçki ədalətli olur, Azərbaycanda?


Rüstəm İbrahimbəyov:

- Mən sizə deyim, məhkəmə yüz faiz ədalətli olmur. Seçki yüz faiz ədalətli olmur. Amma belə aydın vəziyyət yaranır ki, heç kim bunu birtəhər ört – basdır edə bilməz. Məsələn indi Mixalkov qurultay keçirmək istəyir, camaat gəlmir. Camaat gələndə heç olmasa 30 faiz 70 faizi özü doldurur. Mən sizə deyim, xalqın rəyindən çox asılıdır. Amma mən konkret deyim, istəyir kiminsə xoşuna gəlir, istəyir gəlməsin, mən prezident İlham Əliyevi hələlik mən görmürəm, mənə desinlər ki, bir nəfər var Azərbaycanda, onun yerini tuta bilər, müxalifətdənmi, ziyalılarmı, mən bir dənə əcnəbi dil bilmirəm o üç dil bilir, mənim 70 yaşım var, o məndən cavandır. Hər adam prezident ola bilməz. Onun sosial qüvvələri olmalıdır. Və onun sosial qüvvələri var. Bu bir az siyasi savadsızlıqdandır ki, bu prezidenti dəyişək başqası gəlsin. Eyni şey olacaq. Mənə indi yox, əvvəllər deyirdilər ki. görürsünüz, filankəs öz qohumunu səfir göndərir, mən də deyirdim ki, istəyirsən sənin qohumlarını göndərsin. Düzgün deyil vəzifələrə qohumları qoymaq, hamı deyir mənim qohumumu qoysun. Özü də Azərbaycanda kimdən soruşsan hamı deyər mən özüm prezident ola bilərəm. Bir az realist olmaq lazımdır. Gəlin baxaq, mənə bir ad deyin ki, siyasi xəritədə kim nüfuzlu, ağıllı, dərin lider var ki, deyək ki, bu adam doğurdan da prezident ola bilər. Mən seçkilərdə konkurentlərə baxıram, gülməyim gəlir. Bunların arasında bir dənə də doğrudan adam ki, mən deyim ki, bu adam doğrudan da prezident ola bilər Azərbaycanda o yoxdur.


AzadlıqRadiosu:

- Başqa bir dinləyici yazır, yenə xalqı günahkar bilirsiniz. Niyə demirsiniz ki, xalqın gözünün odunu alıb iqtidar?


Rüstəm İbrahimbəyov:

- İranda yarım il bundan qabaqkı hadisələrdə küçəyə çıxdılar yüz minlərlə adam, Qırğızıstanda nə olub. Mən demirəm bizdə belə şeylər olmalıdır. Amma yüz faiz hər şey xalqdan asılıdır. Prezidenti də xalq seçir. Xalq deyəndə mən özüm də xalqam. Mən özümü bu dünyada düz aparmıram ki, belə vəziyyət yaranır. Mən bunları deyəndə mən birinci özümə deyirəm ki, mən özümü bu həyatda düz aparmıram.


AzadlıqRadiosu:

- Başqa bir sual var, yazıçılar ittifaqının qurultayı gəlir. Qurultayı ləğv etmək lazımdırmı sizcə?


Rüstəm İbrahimbəyov:

- Mənə elə gəlir ki, mütləq qurultay da olmalıdır, yazıçılar ittifaqı da lazımdır. Bu yaxınlarda Cəmil Hüseynovun gözəl kitabı çıxıb, Azərbaycanın milli problemləri 50-60 – cı illər. Yazıçılar ittifaqı olmasaydı o vaxt Azərbaycan dilini bağlatdırırdılar təmiz. Burada yazırdılar ki, başqa millətlərin nümayəndələri ki, xahiş edirik ancaq rus dilində olsun. Onlar bizim dilimizi xilas etdilər. Amma indi əksinə. Belə olacaq ki, bu yaxınlarda 5-6 ildə rus dilinin qüvvəsi azalacaq və bu pis nəticə verəcək. Çünki adamı böyüdən kitabdır. Azərbaycan dilində kitablar yoxdur. Olmayıb da. Üç – dörd dəfə əlifbanı dəyişiblər. Deməli bir əcnəbi dili bilməliyik. Ya ingilis dilini, ya fransız dilini, ya italyan dilini ya rus dilini. Mən on – on beş il elmlə məşğul idim. Mənə deyəndə ki, filankəs yaxşı alimdir, söhbət edəndə görəndə ki, o nə rus dilini bilir nə ingilis dilini yüz faiz deyə bilərəm ki, o yaxşı alim ola bilməz. Çünki biz Moskvada yaşayanda, mən Moskvada aspiranturada oxuyanda orada haradasa maraqlı məqalə çıxanda rus jurnalında bir ildən sonra çıxırdı, kitablarda beş ildən sonra, Azərbaycanda heç vaxt çıxmırdı. Deməli, kibernetika sahəsində alimlər mütləq ingilis dilini ya rus dilini bilməli idilər. İndi də belədir. Bizdə Rafiq Əliyev var, təmiz ingilis dilində danışır. Rus dilini elə də yaxşı bilmir. Amma ingilis dilini gözəl bilir.


AzadlıqRadiosu:

- Dinləyicimiz var xətdə, Rusiyadan zəng vurub, İldırım Məmmədov.

İldırım Məmmədov:

- Rüstəm bəy sizi salamlayıram. Mən Amur vilayətindən zəng vurmuşam. “ Araz” cəmiyyətinin sədri İldırım Məmmədovdur zəng vuran. Mənim sualım sizə səhv etmirəmsə siz Ümumrusiya Azərbaycan konqresinin vitse prezidentisiniz. Mənim sualım buna aiddir. Mənim fikrimcə Ümumrusiya Azərbaycan konqresi Rusiyada yaşayan Azərbaycanlıların potensialından tam istifadə edə bilmir.


Rüstəm İbrahimbəyov:

- Razıyam sizinlə yüz faiz.


İldırım Məmmədov:

- Onu əsaslandırmaq istərdim ki, biz “ Araz” cəmiyyəti olaraq 2004 – cü ildə yaranmışıq. Və bir dəfə də olsun konqres tərəfindən hansısa tədbirə, iclasa dəvət almamışıq. Amur vilayətində Azərbaycanlıların yeganə təşkilatı “ Araz” cəmiyyətidir. Biz bir dəfə də dəvət almamışıqsa deməli konqres Amur vilayəti ilə əlaqəni təşkil etməyib. Mən belə fikirləşirəm. Öz təşkilatımız haqqında demək istərdim.


Rüstəm İbrahimbəyov:

- Mən sizinlə razıyam. Amma sizin təşkilatla bitmir. Onlarla təşkilat var ki, konqres onlarla əlaqə saxlamayıb.


İldırım Məmmədov:

- Başqa bir mövzu haqqında demək istərdim. Bizim İsmayıllı rayonunda yanacaq doldurma məntəqəsi almışdıq. Həm torpağın şəhadətnaməsi var, həm mülkün şəhadətnaməsi var. Amma İsmayıllı rayonunun icra hakimiyyəti dəyişəndən sonra heç bir əsası olmadan yanında tikdiyimiz mülkün şəhadətnaməsi, torpağın şəhadətnaməsi əlimizdə ola – ola böyük kafeni dağıtdılar. Mən bu haqda baş prokurora müraciət etmişəm, prezidentə müraciət etmişəm, Daxili işlər nazirliyinə müraciət etmişəm heç bir nəticə yoxdur.


Rüstəm İbrahimbəyov:

- Mən sizinlə bir vəziyyətdəyəm, mən də müraciət edirəm.


İldırım Məmmədov:

- Bəlkə də sizə asandır ki, ictimaiyyətdə tanınmış adamsınız. Bizim işimiz Avropa məhkəməsindədir.


Rüstəm İbrahimbəyov:

- Mən də sizin yolunuzla gedəsi olacam. Axırda Avropa məhkəməsinə müraciət edəcəm.


AzadlıqRadiosu:

- Söhbət gəldi insan haqlarına dirəndi. Şəhla Əliquliyeva ABŞ – dan yazır, Rüstəm bəy deyir, hökumətin təmiz siyasət yeritməsini istəyir və bu işdə ona kömək etmək lazımdır. Təmiz siyasətin əsas dayaqlarından bir neçə isə azad seçki, sərbəst toplaşma və söz azadlığıdır. Bunlar isə hakimiyyəti itirmək ehtimalını artırır. Axı təmiz siyasət bu hökumətin maraqlarına xidmət etmir. Bu dilemmanın öhdəsindən necə gəlməli?


Rüstəm İbrahimbəyov:

- Mən dünyada ümumiyyətlə tarixdə elə hökumət tanımıram ki, o özü özündən təmiz siyasət aparsın. Hökumətin həmişə bir məqsədi var, daimi qalsın, bütün qüvvələr əlində olsun, harada olur olsun. Xalq imkan vermir ona. Xalq deyir ki, xeyir mən səni seçmişəm sən də mənə işləməlisən. Bizdə bu yoxdur. Biz elə bilirik ki, ora qalxan adamlar bizim ağamızdır, yaltaqlıqla məşğul oluruq, rəsmi qəzetləri açın, adam nifrət edir.


AzadlıqRadiosu:

- Rüstəm müəllim ,deyirsiniz bizdə bu yoxdur. Nə yoxdur, xalq seçməyib yoxdur yoxsa necə?


Rüstəm İbrahimbəyov:

- Mən sizə deyim. Deməli, ən qanunu sevməyən adam görsə ki, ona müqavimət göstərirlər məcbur olacaq bu qanunlara qulluq etsin. Birdən birə yaranmayıb axı, məlum olub ki, ortabab şirkətin böyüyü nə istəyir edə bilir. Hamımız prezidentdən danışırıq. Hansı şirkəti götürürsən nə istəyirlər edirlər, məhkəmə də onlara işləyir. Yəni bu pulladır, tanışlıqladır, mən başa düşə bilmirəm. Zəng edən deyir siz tanınmış adamsınız. Mən tanınmış adamam mənim başıma ondan artıq şeylər gətirirlər. Gəlib öz torpağımdan, mənim yox, 15-20 nəfər nüfuzlu kino işçilərini atıblar. Baş prokurorluq buna fikir vermir. Hara yazırıq, cavab yoxdur.


AzadlıqRadiosu:

- Xalqın başqa nümayəndələri sizin kimi. Başqa nə etmək olar?


Rüstəm İbrahimbəyov:

- Birləşmək. Bizdə birləşirlər ancaq öz maraqlarını güdmək üçün. Müxalifətdə olan adamlar nüfuzlu adamlardır, onlar professionaldır. Bizə lazımdır bu işlərlə ancaq professional, peşəkar adamlar məşğul olsunlar. Amma adi vətəndaş cəmiyyəti yoxdur. Bizdə ziyalılar var ayrı – ayrılıqda amma ziyalılıq qüvvə kimi yoxdur. Mən onu demək istəyirəm. Birləşəndə kimisə yıxmaq istəyirlər. Bizim məqsədimiz bu deyil. Bir – iki dəfə yığışırlar sonra maraqları itir. Bizim kino ittifaqımızda mən deyə bilərəm ki, işçilərin yarısı buna da heç maraq göstərmir. Çünki inamı itiriblər.


AzadlıqRadiosu:

- Siz birləşmək dediniz. Bunu başqa sözlə əvəz edək, toplaşmaq. Birləşmək üçün toplaşmaq. Hətta anım mitinqidir, son hadisələrdən misal çəkim. Anım mitinqi keçirmək istəyirdilər gənclər neft akademiyasının qarşısında. Ondan bir gün qabaq gənc fəallardan biri naməlum şəxslərdən, mülki geyimlilər tərəfindən aparıldı, hansı ki, təşkilatçılardan biri idi. Məlum olmadı, 8-9 sat o adamdan xəbər çıxmadı. Polis orqanları məlumat vermədilər. Sonra məlum oldu ki, onu polis saxlayıb. Bu hələ ən xırda nümunədir. Toplaşanlara qarşı, birləşənlərə qarşı təzyiq olursa onda nə etməli?


Rüstəm İbrahimbəyov:

- Söhbətin əvvəlində dedim ki, gəlib bizi 15 – 20 nəfəri maşınlara soxub şəhərin kənarına atdılar. Yaxşı, konkret deyirəm. Yüz faiz deyirəm ki, qanun mənim tərəfimdədir. Neçə min imza toplaya bilərik ki, mənə kömək etsinlər. Kino ittifaqına və bu evi tikmək üçün mən xalqın rəyini istəyirəm. Heç yerə toplaşmaq lazım deyil, söyüş lazım deyil, imza toplamaq lazımdır. Görək neçə imza yığılar.


AzadlıqRadiosu:

- Axı sizə imza versələr onları danlayacaqlar?


Rüstəm İbrahimbəyov:

- Xeyir. Çünki mənə imza verəndə onlar heç kimi təhqir etmirlər. Onlar sadəcə deyirlər ki, istəyirik ki, Bakıda bu obyekt olsun, tikilsin, neft şirkəti əlini çəksin, baş prokuror bir az fəal işləsin. Özünüz deyirsiniz ki, Fransada balaca kino evini dağıdanda üsyan qalxdı. O kino evinə görə yox, səbəb oldu. Burada heç kimi üsyana çağırmıram. Amma mən görsəm ki, yüz min imza toplanıb, inanaram ki, xalqdır.


AzadlıqRadiosu:

- Fikrinizin davamı olaraq deyirəm, danışdıqlarıma görə, çıxışlarıma görə, neft şirkəti o yerə əlini qoydu, yumşaq olsaydım olmazdı. O baxımdan.


Rüstəm İbrahimbəyov:

- Mən tək olmasaydım, mənim kimi yüz adam olsaydı heç olmasa yüz adamı sıxışdıra bilməzdilər. On adam qol çəksə başlarına oyun açacaqlar. Yüz min adam qol çəksə heç nə edə bilməzlər. İş ondadır ki, bu vacibdir ki, Ruslar kritik kütlə deyirlər. Elə olmasın ki, onların sayı onları qorxutsun. Mənə elə gəldi ki, söhbətimiz yarımçıq qaldı. Mənim də çox sözlərim qaldı. Gəlin hərdənbir görüşək. Kino, Mixalkov məsələsini də başqa şeyləri də maraqla bölüşərəm.


AzadlıqRadiosu:

- Çoxlu sual qalıb, səsləndirə bilmədim. Vaxt bizə imkan vermədi. Minnətdaram sizə.

XS
SM
MD
LG