Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Kiçiklərin böyük problemi


«Bizə bu işdə ən çox mane olan həmin uşaqların ailələrinin özüdür»
«Bizə bu işdə ən çox mane olan həmin uşaqların ailələrinin özüdür»
... Bakıdakı Dram Teatrının qarşısındakı meydançada futbol oynayan bu iki uşaq - Kamillə Xəlil fasiləyə çıxdıqları üçün top qovurlar. 15-20 dəqiqəlik fasilədən sonra onlar təpik vurmaqdan əldən düşmüş toplarını köhnə zənbilə qoyurlar. Zənbildən çıxardıqları günəbaxan toxumu torbasını açırlar. Nə vaxtsa oxuduqları ana dili kitabının saralmış vərəqlərindən kiçik torbalar düzəldib müştəri çağırırlar:

14 YAŞLI İŞGÜZARLAR

«14 yaşındayıq. Semiçka satırıq. Gündə 8-9 saat bu işlə məşğuluq. Evdə işləyən yoxdur. Ona görə kənddən qaçıb gəldik, başımızı birtəhər girləyirik. Məktəbdə oxumuşam, sonra getmədim».

Kamil deyir ki, o indinin özündə də məktəbə getmək istəyir, ancaq buna imkanı yoxdur.

Kamil və ondan bir yaş kiçik Xəlil kimi uşaqları başqa yaşıdlarından fərqləndirən xüsusi təsnifat da var. Onlar bir neçə il küçə uşağı, sonrada isə işləyən uşaq sayılıblar. Xəlil deyir ki, onu təsnifatlar az maraqlandırır, elə uşaq hüquqları da.

«MƏN BİLMİRƏM UŞAQ HÜQUQU NƏDİR»

«Mən bilmirəm uşaq hüququ nə deməkdir. Mən də özümü dolandırmaq haqqında fikirləşirəm. Çünki ailəm məni atıb, məktəbə də getmirəm».

Kamillə Xəlil kimi uşaqların problemlərini Bakıda səfərdə olan UNİCEF-in Mərkəzi və Şərqi Asiya, MDB ölkələri üzrə regional direktoru Stiven Allen də bilir.

Stiven Allen
O, Bakıda görüşdüyü rəsmilərlə Azərbaycan uşaqlarının çətinliklərini və bundan çıxış yollarını müzakirə edib. O deyir ki, maliyyə naziri ilə görüşündə uşaqlara investisiyaların ayrılması, təhsil naziri ilə görüşündə isə məktəbəqədər təhsil məsələsini müzakirə edib. O ki qaldı küçə uşaqları və işləyən uşaqlara, Stiven Allen deyir ki, bu problemlər daha çox öyrənilib araşdırılmalıdır:

BUNUN KÖKÜ SOSİAL PROBLEMLƏRDƏDİR

«Küçə uşaqları narahatlıq doğuran problemdir. Bunun kökü sosial problemlərlə bağlıdır».

Stiven Alen deyir ki, problemin həllinə qeyri-hökumət təşkilatları da qoşulmalıdır.

Uşaq Hüquqları Müdafiə Komitəsinin rəhbəri Yusif Bəkirov isə bildirir ki, məsələ qeyri-hökumət təşkilatlarının diqqətində olsa da, hökumət bu probleml kifayət qədər maraqlanmır:

HÖKUMƏT NƏYİ ÖRT-BASDIR EDİR?

«Bu uşaqların statistikası aparılmalıdır. Bu uşaqların sayı müəyyənləşdirilməlidir. Ancaq bizdə belə statistika aparılmır. Belə təsəvvür yaranır ki, bu cür problem yoxdur, Azərbaycan hökuməti bu məsələni ört-basdır edir».

«Küçə uşaqları narahatlıq doğuran problemdir. Bunun kökü sosial problemlərlə bağlıdır».
Ailə, Qadın, Uşaq Problemləri üzə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Sənubər Əlizadə isə deyir ki, onlar belə uşaqların sayını bilirlər. Onlar təxminən 2 min nəfərdir. O etiraf edir ki, ki, uşaqların problemlərinin həlli işini istənilən səviyyədə qura bilmirlər:

KOMİTƏ ÇÖZƏ BİLMİR. SƏBƏB?

«Biz bu problemi ki tam çözə bilmirik, bu o deməkdir ki, bu iş istədiyimiz səviyyədə deyil. Göz qabağındadır ki, bu iş tam çözülə bilmir. Ancaq məqsədimiz bu problemi yox səviyyəsinə endirməkdir. Bizə bu işdə ən çox mane olan isə həmin uşaqların ailələrinin özüdür».

Sənubər Əlizadə deyi ki, onlar elə UNİCEF-lə yaxınlarda küçə uşaqları və işlməyə məcbur olan uşaqlarla bağlı layihələr həyata keçirəcəklər.

Kamillə Xəlil isə bu layihələrdən xəbərsiz kiçik çiyinlərinə götürdükləri ağır yükü daşımağa davam edirlər. Onlar çıxış yolunu tezliklə böyüməkdə görürlər.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda 2 min küçə uşaqları var. Qeyri-rəsmi rəqəmlərə görə isə onların sayı 5 mindən artıqdır və yarıdan çoxunun ailəsi var.
XS
SM
MD
LG