Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Hacıkəndin dərdi


Hacıkəndin dərdi
Gözlə
Embed

No media source currently available

0:00 0:01:11 0:00
Direct-ə keçid

«Monitorinq zamanı kütləvi şəkildə kötüyünün diametri 1-2 metr olan, təzə ağacların kəsilməkdə davam etdiyini müşahidə etdik. Bu isə ondan xəbər verir ki, meşə qırğınlarında böyük qüvvələrin maraqları var və bu idarə olunur».

Azərbaycanın aran rayonlarında daşqınlar başa çatmamış ölkənin Qərbində leysan yağışları yağıb. Gəncənin Hacıkənd qəsəbəsinə mayın 11-nə keçən gecə yağan güclü yağış 30-a yaxın evə ziyan vurub, 4 ev tamamilə uçub, əkin sahələri yararsız hala düşüb, 70-dən çox mal-qaranı və 2 şəxsi avtomobili sel aparıb.

BU, İLK HADİSƏDİR

Gəncə şəhər İcra Hakimiyyətinin Göygöl rayonu üzrə İcra nümayəndəsi Hümbət Hüseynov deyir ki, qəsəbədə ilk dəfədir belə bir sel olub:

«Hər yaz fəslinin aprel, may aylarında yağışlar olurdu. Amma bu dərəcədə birinci dəfədir. Xeyli mal-qaranı sel suları aparıb, sakinlərin əkin sahələrinə, yaşayış evlərinə ciddi ziyan dəyib».

Sel nəticəsində təsərrüfatına ziyan dəymiş qəsəbənin sakini Surxay Hüseynovu isə daha çox yaz aylarında gözlənilən sel suları, sürüşmələr narahat edir. O, hələ dağlarda qarın əriməməyinə diqqət çəkir:

MAVİ YANACAĞI YAŞIL MEŞƏLƏR ƏVƏZ EDİR


«1994-cü ildən qəsəbəyə mavi yanacağın verilməsi dayandırılıb. Əhali də məcbur olub qışın soyuğunda keçinmək üçün meşələrin ağaclarını kəsiblər. Bunun da acı nəticəsidir ki,
qəsəbədə son dövrlər sürüşmələrin, sellərin sayı artır».

Hacıkənd qəsəbəsinin 2300-ə yaxın sakinindən təxminən 1900 nəfəri məcburi köçkün ailələridir. 16 ildir qaz üzünə həsrət qalan qəsəbəyə elektrik enerjisi də fasilələrlə, gündə 6-7 saat verilir.

Gəncə şəhər Qaz İstismar İdarəsinin baş mühəndisi Şubay Nəsibov deyir ki, Hacıkənd qəsəbəsinin qazlaşdırılması onların səlahiyyətində deyil.

«Qaz kəmərlərinin yerləşməsinə görə Hacıkənd qəsəbəsinin qazlaşdırılması Göygöl rayonunu baxır. Bizim ora ilə heç bir əlaqəmiz yoxdur».

Göygöl rayon Qaz İdarəsinin rəisi Cavad Məmmədov isə Şubay Nəsibovun fikirlərinin əksini iddia edir.

«Düzdür, sovet dövründə qəsəbə Göygöl rayonu tərəfindən qazlaşdırılıb. İndi isə inzibati ərazi bölgüsünə görə Hacıkənd qəsəbəsi Gəncə şəhərinə aiddir».

AZƏRİQAZ AÇIQLAMADI

Qəsəbənin qazlaşdırılmamasının səbəbini «AzəriQaz»dan öyrənmək istədik, ancaq qurumun mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazov iki gün ərzində telefon zənglərinə cavab vermədi.

Helsinki Vətəndaş Assambleyasının Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev hesab edir ki, 16 ildir müxtəlif bəhanələrlə qəsəbənin qazla təmin edilməməyi aidiyyatı dövlət qurumlarının biganəliyinə bariz nümunədir. Ağacların kəsilməsi nəticəsində zəngin meşə zolaqları ilə Azərbaycandan kənarda da tanınan Hacıkənd meşələri tanınmaz hala düşüb. Aslan Vəliyev deyir ki, təmsil etdiyi təşkilatın keçirdiyi monitorinq zamanı 11-12 min hektar sahəsi olan Hacıkənd meşə zolağının 5 min hektar sahəsində ağacların tamamilə kəsildiyi aşkar edilib. O, meşələrin qanunsuz qırılması ilə bağlı bütün aidiyyatı qurumlara müraciət edildiyini, lakin bunun heç bir nəticəsinin olmadığını bildirdi.

«Sonuncu monitorinqimiz 2010-cu il fevralın 22-də keçirilib. Monitorinq zamanı kütləvi şəkildə kötüyünün diametri 1-2 metr olan, təzə ağacların kəsilməkdə davam etdiyini müşahidə etdik.
Bu isə ondan xəbər verir ki, meşə qırğınlarında böyük qüvvələrin maraqları var və bu idarə olunur».

KİM DEYİR Kİ MEŞƏLƏR QIRILIR


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə meşələrin qırılmasının əsasız olduğunu bildirdi. Telefonda dediyi yeganə söz bu oldu:

«Kim deyir ki, meşələr qırılır? Qırılıb eləmir».

Meşələr suyun torpağa hopmasında birbaşa rol oynayır. Ekoloq İrşad Abbasov ağacların kütləvi kəsilməsindən danışarkən bildirdi ki, yağan yağış və ya dağlardakı qarın əriyərkən torpağa hopmadan axması sellərin, torpaq sürüşmələrinin sayının artmasına səbəb olur. Həmçinin torpaqda su ehtiyatının yaranmamağı isə gələcəkdə su qıtlığına birbaşa şərait yaradır:

«Gələcəkdə sellərin, torpaq sürüşmələri daha böyük miqyasda təkrar olunacaq. Bunun qarşısının alınması, qırılmış meşələrin bərpası isə uzun müddətli vaxt, vəsait və əmək tələb edir».

İrşad Abbasov meşələrin qırılması zamanı ekosferanın pozulması və nəticədə meşədəki heyvanların qidalanmaq üçün yaşayış məntəqələrinə, həmçinin əhaliyə və ev heyvanlarına hücum etmələrini də vurğulayaraq, meşələrin bərpasına dərhal başlamağı zəruri hesab edir.
XS
SM
MD
LG