Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:43

Qan Turalı "Şahmat məktəbinin direktoru" (Hekayə)


Qan Turalı

Şahmat məktəbinin direktoru

Çayxanada oturub qəzet oxuyurdum. Qəzetdəki maraqlı məqalələr qurtardı və mən başımı qaldırıb çayxanadakı adamlara baxmağa başladım.

Maraqlı bir şey yox idi.. Amma elə bil iki adam darıxmağımı gözləyirdi, gəlib mənim yanımdakı stolda oturdular, “bizə çay” deyib fiqurları şahmat taxtasına düzməyə başladılar.

Hər biri öz yerinə oynayırdı, mən isə fikrimdə ikisinin də yerinə oynayırdım. Papaqlı kişi tezliklə üstünlüyü əlinə alıb rəqibinə

Oyunun taleyini anladığıma görə papaqlı kişini dərindən süzməyə başladım. Elə bilirəm ki, adamın yaxşı şahmat oynamağı üzündən bəlli olmalıdır. Onun üzündə tanış cizgilər oynayırdı və mən tezliklə onu tanıdım.

O mənim bir vaxtlar şagirdi olduğum şahmat məktəbinin müdiri idi. Amma o, o zamanlar şahmat oynaya bilmirdi...

O zamanlar şahmat mənim üçün hər şeyi ifadə edirdi. Yuxumda da cürbəcür kombinasiyaları götür-qoy edir, bəzən isə dahi şahmatçıları görürdüm. O zamanlar indiki kimi kompyuterdə şahmat oynamaq yox idi. Şahmat oynamaq üçün gərək bir adam tapaydın.

Mən isə başgicəlləndirici fəndlərimlə istənilən rəqibi bir neçə dəqiqə dərin düşüncələrə qərq eləyirdim.

Orta məktəbdən çox şahmat məktəbini sevirdim. İndi qarşımda oturub əllərini plaşının cibinə soxan bu adamı birinci və axırıncı dəfə elə həmin məktəbdə görmüşdüm. Bir dəfə məşğələ zamanı otağa girdi.

Müəllimimizin işarəsi ilə ayağa qalxdıq. Mən Gözəllə oynayırdım. Müdir əliylə bizə oturmaq işarəsi verdi. Nədənsə gəlib məhz mənim oynadığım taxtanın qarşısında dayandı.

Taxtada isə vəziyyətim xeyli yaxşı idi. Bir gedişə mat verəcəkdim və Gözəl də bunu yaxşı bilirdi. Amma nə qədər həmlə etsə də, matın qarşısını ala bilməmişdi. Müdir içəri bircə dəqiqə gec girsəydi oyun başa çatacaqdı.

Çünki şahmat məktəbinin pozulmaz qaydaları vardı. Uduzan oyunçu matını hiss elədiyi vaxt fiqurları dağıdır və qalibin əlini sıxırdı. Gözəl isə bunu etməyə sadəcə vaxt tapmamışdı.

Müdir bizim taxtanı diqqətlə gözdən keçirdib Gözəlin başını sığalladı.

“Bu qrupdan kim yarışa gedir” soruşdu müəllimdən. Müəllim mənim adımı çəkdi. Müdir isə “Axı bu qız bu oğlana mat verib” dedi. Mən nəsə demək istəyəndə müəllimin əlini dodaqlarına apardı.. Bir şey demədim.

Müdir çıxıb gedəndən sonra müəllim mənim qulağıma “Ona fikir vermə, o şahmat oynaya bilmir” dedi. Bu mənə təəccüblü gəldi, çünki o zamana qədər elə bilirdim ki, bütün yaşlı adamlar şahmat oynaya bilir.

Mən bu sözlərdən həm də ona görə çox təəccüblədim ki, məktəb müdiri Mixail Tala oxşayırdı və mənə elə gəlirdi ki, Mixail Tal bizim məktəbin müdiridir. Tez-tez müəllimlərimiz əllərindəki hansısa kağızlarla onun otağına girirdilər.

Heç bir müəllimin əlindəki kağızı görməsəm də mənə elə gəlirdi ki, müəllimlərimiz hansısa çətin şahmat məsələsini həll etmək üçün direktorun yanına gedirlər.

Müdirin şahmat oynaya bilməməsini evdə anama danışdım. Anam güldü, amma heç nə demədi. Axşam atamla şahmat oynayanda müdirin şahmat oynaya bilməməsini ona danışdım. Atam lap çox güldü və əlavə etdi ki, sabahdan başlayaraq müdirə şahmat oynamağı öyrədim.

O zaman uşaq olsam da atamın sözlərinin zarafat olduğunu başa düşmüşdüm.

Amma müdirin şahmat oynaya bilməməsi hələ də ağlıma batmırdı.

O gündən sonra məndə müdirlərin savadsız olduğu haqda rəy yaranmışdı. Bir dəfə belə bir əhvalat oldu: Sinif müəlliməmiz Nəzakət xanım bizə vurma cədvəlini öyrədirdi. Mən vurma cədvəlini sinifdə hamıdan tez əzbərlədim.

Müəllimənin evi bizim evə yaxın idi, biz hər gün dərsdən evə bir yerdə qayıdırdıq. Bir gün evə qayıdanda beynimə bir sual girdi.

Tərəddüd etsəm də qərara aldım ki, bu sualı müəlliməmə verəcəm. Verdim də:

- Nəzakət müəllimə, Vahid müəllim vurma cədvəlini bilir?

Vahid müəllim bizim məktəbin direktoru idi. Nəzakət xanım isə qəfil və köntay sualdan diksindi:

- Niyə bilmir Həmid?! Bütün böyük adamlar vurma cədvəlini bilir. Nəyə görə soruşursan ki?

-Namiq müəllim şahmat oynaya bilmir axı.

-Namiq müəllim kimdir?

-Şahmat məktəbinin direktoru.

Nəzakət xanım da mənim cavabımdan sonra gülümsəmişdi.

Bu söhbətin üstündən bir neçə gün keçəndən sonra direktor qapını döyüb Nəzakət xanımı çölə çağırdı. Bir neçə dəqiqə sonra Nəzakət xanım qapını açıb mənə “bura gəl” dedi.

Koridorda ancaq Nəzakət xanım vardı, direktor getmişdi. Nəzakət xanım mənə dedi ki, şahmat məktəbinə gedənlərlə söhbət etmək üçün İcra Hakimiyyətindən adamlar gəlib. Bir yerdə gedək onların yanına, onlar nə sual versələr sən düz cavab ver.

Bu dəm direktorun uşaqlara baxmaq üçün göndərdiyi laborant gəldi,

Nəzakət xanımla salamlaşıb otağa keçdi. Biz də direktorun otağına gəldik.
Direktorun yanında iki qalstuklu kişi oturmuşdu. Biz içəri girən kimi direktor qonaqlara dedi:

- Bu Həmiddir.

Qonaqlardan biri soruşdu:

- Həmid bala, deyirlər sən yaxşı şahmat oynayırsan. Vahid müəllim də bunu mənə deyib. Məni uda bilərsən?

Mən “bilmirəm” dedim. Direktor seyfin üstündəki şahmatı götürüb bizə verdi. Biz fiqurları düzməyə başladıq. Qonaqlardan o biri üzünü müəlliməyə tutub dedi:

- Müəllimə, siz Həmidə bir dərslik icazə verin, özünüz isə dərsinizə qayıda bilərsiniz.

Nəzakət xanım çıxıb getdi. Xoşbəxtlikdən direktorun şahmatı bizim evdəki şahamtdan idi. Fərqli şahmatlara o vaxtlar da gec alışırdım, indi də eləyəm. Qonaqla oynamağa başladım. Debüt başa çatan kimi hiss elədim ki, onu rahat udacağam.

Çünki elə debüt başa çatan kimi şahı ilə vəzirini çəngələ keçirdib vəziri udmuşdum.
Qonaq deyəsən mənim bu qədər yaxşı oynamağımı gözləmirdi. Vəzirimi udandan sonra rəqibim soruşdu:

- Həmid, yarışda heç yer tutmusan?

Mən cavab verdim:

- Bəli, müəllim. Şəhər çempionatında birinci yer tutdum.

- Sənə nə verdilər yer tutmağına görə.

- Su ilə atan tapança.

- Başqa yer tutmusan?

- Zonada da ikinci yeri tutdum. Amma onda böyüklərin yerinə oynamışdım.

- Bəs onda nə verdilər sənə?

- Şahmat.

- Necə şahmat idi.

- Elə indi oynadığımız şahmatdan...

Mən danışdıqca o biri qonaq qabağındakı dəftərə qeydlər edirdi. Tezliklə qonağa mat verdim. Qonaq əlimi sıxdı və cibindən bir konfet çıxardıb mənə verdi.

Oyun başa çatandan az sonra direktor üzünü mənə tutub dedi:

- Sağ ol Həmid, müəllimi uddun. İndi isə get dərsə.

Mən sağollaşıb otaqdan çıxdım.


Amma o gündən sonra bir də şahmat məktəbinin müdirini görmədim. Onun yerinə başqa rayondan gəlmiş eynəkli bir gənc müdir oldu. Bu müdir isə yaxşı şahmat oynayırdı və məni də həmişə udurdu.

Müəllimimizdən Namiq müəllimi soruşanda onlar heç nə demirdilər. Axırda atam mənə hər şeyi danışdı. Onun sözlərinə görə mənim məktəbdə şahmat oynadığım adam əslində müstəntiq imiş.

O, məktəbə mənimlə şahmat oynamaq üçün yox, mənim yarışda aldığım hədiyyələri öyrənmək üçün gəlibmiş. Atamın deməyinə görə yarış qaliblərinə əslində xeyli pul mükafatı verilməli imiş.

Namiq müəllim isə bu mükafatları özünə götürürmüş, bizə ucuz şeylər verirmiş. Bir gün bu fırıldağın üstü açılıb və Namiq müəllim həbs edilib.

Atamın bu sözlərindən sonra xeyli pis oldum. O gündən bu günə özümü onun qarşısında günahkar sayıram.

Düzdür, atam mənim başımı aldatdı ki, mən uşaq olduğuma görə dediklərim Namiq müəllimi tutmaq üçün əsas ola bilməz, böyük uşaqların dediyinə görə onu tutublar. Məni isə elə-belə danışdırıblar. Amma yenə də ürəyimdə xal qalmışdı.

Namiq müəllimi görəndən sonra artıq unutmağa üz qoyduğum uşaqlıq günahım məni göynətməyə başladı. Həyəcanlandım. Papağı stolun üstündən götürüb başıma qoydum. Qəzeti əlimə götürməyimlə Namiq müəllimin xahişi qulağıma dəydi:

- Bala, şahmat oynaya bilirsən?

Nədənsə mənə elə gəldi ki, “yox” deyə bilmərəm, Namiq müəllim mənim şahmat oynamağımı da bilirdi, özü də lap deyəsən məni tanımışdı da.

Gəlib onların stolunda oturdum. Namiq müəllim ağ daşları mənə verdi. Vəzirini isə kənara qoydu. Oynamağa başladıq. Tezliklə onu uddum. Namiq müəllim başını yırğalayıb fiqurları yenidən taxtaya düzdü. Bu dəfə vəziri də taxtaya qoydu. Heç-heçə elədik.

Üçüncü oyunda isə o məni ilk gedişlərdən sıxışdırdı, tezliklə də mat verdi.

- Yoruldun?

Bu oyun ərzində onun dediyi yeganə söz idi. Mən də “Hə, yoruldum” dedim və əlavə etdim:

- Əla oynayırsınız.

Namiq müəllim köksünü ötürüb dedi:

- Şahmata görə başım çox bəla çəkib. Özü də bu bəlaya düşəndən sonra şahmat oynamağı öyrənmişəm.

Sağollaşıb, çölə çıxdım. Yağış yağmağa başlamışdı.
XS
SM
MD
LG