Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:58

Eyvaz Əlləzoğlu "Siçanın ölümü" (Hekayə)


Eyvaz Əlləzoğlu

SİÇANIN ÖLÜMÜ

Onu bura yəqin sürüyüb gətirən ac mədəsiydi.

Pəsinib eləmədən, bizim ev sahibi olmağımızı vecinə almadan dolabın üstü ilə aşağı gəldi. Bulanlıq gözləri nəyisə arayırdı. Sonra göz-gözə qaldıq.

O irəli yeridi. Bayaq onu görərkən əyilib yerdən götürdüyüm ayaqqabının bir tayı ilə siçanı vurdum. O yastılanıb arxası üstə düşdü, qıçları son kərə çırpındı, quyruğu lüzumsuz məftil kimi düşüb böyründə qaldı.

Özünü bilə-bilə ölümə atandan sonra masamın üstündə qayğısız uzanıb qalmışdı.

Qəfil tutduğum işdən peşman oldum. Bildim ki, daha o hər gecə yuvasından çıxıb masamın üstündəki qəzetləri xışıldada-xışıldada bir daha özüylə yemək aparmayacaq, onun səsinə oğlum yuxudan oyanmayacaq.

Həm də düşünürdüm: axı siçan niyə belə etdi? Özünü niyə bilə-bilə ölümə atdı? Bəlkə o belə yaşamaqdan bezmişdi?

İçimdə siçana ağı deyirdim. Kürəyimin arxasında durub siçan ölüsünə baxan arvadım məsləhət gördü ki, onu bayırdakı zibill yeşiyinə atım. Elə də etdim. İlk qar dənələri onun hələ də isti olan bədəninə qondu.
XS
SM
MD
LG