Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:47

«Eynulla Fətullayev və iki bloqqeri azad etsələr, Azərbaycanda inkişaf yoxdur deməyəcəyəm»


Andres Herkel
Andres Herkel
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel AzadlıqRadiosuna belə deyib.

Mayın 19-da Monitorinq Komitəsində Azərbaycanda demokratik institutların durumuna dair hesabat dinlənilib.

Herkel bildirib ki, komitənin bəzi üzvləri həmməruzəçilərin sərbəst toplaşma və söz azadlığı ilə bağlı yanaşmasını tənqid ediblər, hesabatın mahiyyətini yumşaltmağa cəhdlər olub:

«Hesabata münasibət fərqli idi. Hesabatın mahiyyətini yumşaltmağa çalışan cəhdlər oldu, ancaq onlar keçməyib. Kifayət qədər dəyişiklik də qəbul edildi».

A. Herkel Azərbaycanda söz azadlığı və sərbəst toplaşma ilə bağlı problemlərin qaldığını deyib. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin əfv olunmasını müsbət qiymətləndirən həmməruzəçi çatışmazlıqları da qeyd edib:

«Təəssüflənirəm ki, Avropa Şurasına qoşulandan sonra Azərbaycanda keçirilən seçkilərin heç biri bütövlükdə standartlara cavab verməyib. Müsbət dəyişiklikləri etiraf etmək lazımdır. Məsələn, Qənimət Zahidin əfv olunması. Ancaq Fətullayev və iki bloqqeri azad etsələr, Azərbaycanda inkişaf yoxdur deməyəcəyəm. Hesab edirəm ki, onların azad olunması vəziyyəti yaxşılaşdırardı. Mən aprelin sonlarında baş verənlərdən xəbərdaram. Düşünürəm ki, azadlıq kağız üzərində qalmamalı, təcrübədə həyata keçirilməlidir. Müxalifət nəinki şəhər kənarında, hətta insanlara daha əlçatan ərazilərdə də toplaşa bilərlər. Təəssüflər olsun ki, müxalifətin zəifləməsi bir faktdır. Bu prosesin qarşısını hər zaman demokratik seçkilər keçirməklə, seçki kampaniyaları üçün bərabər şərait yaratmaqla almaq mümkündür.
Səməd Seyidov
Bu, hökumətin istəyindən asılıdır».

A. Herkel sonuncu hesabatın balanslı olması fikri ilə razılaşmasa da, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna bildirib ki, hesabat əvvəlkilərlə müqayisədə daha konstruktivdir:

«Hesabat konstruktiv və qəbul olunmaq üçün daha münasib formada təqdim edilmişdi. Azərbaycanda gedən proseslərdən Avropa Şurasının bütün deputatları xəbərdardırlar. Ona görə bəzən məruzələrdə gördüyümüz qərəzli mövqeni təqdim etmək artıq mümkün deyil. Belə addımlar atan siyasətçi öz siyasi karyerasını böyük şübhə altına qoymaq təhlükəsi ilə rastlaşacaq».

S. Seyidov əlavə edib ki, bu kimi qüvvələr «konstruktiv mövqedən daha çox qazana bilərlər, nəinki təzyiq dilində danışmaqdan».

Bu hesabat A. Herkelin həmməruzəçi kimi sonuncu hesabatı idi. Herkel deyib ki, onu əvəzləyəcək şəxs hələlik bəlli deyil, o, yay və ya payız sessiyasından sonra məlum olacaq.

Azərbaycanda demokratik institutların durumuna dair hesabat iyun ayında AŞPA Monitorinq Komitəsinin yay sessiyasından sonra nəşr olunacaq.
XS
SM
MD
LG