Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:51

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat verib


Xankəndi - 23 may 2010
Xankəndi - 23 may 2010
«Dağlıq Qarabağ bölgəsində separatçıların keçirmək istədiyi parlament seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağın əzəli əhalisi olan azərbaycanlı icması üzvlərinin seçki hüquqlarını nəzərə almır».

Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində mayın 23-də separatçıların keçirdiyi parlament seçkiləri ilə bağlı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatda belə deyilir.

İcma bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.

Bəyanatda deyilir ki, Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarını inkar edərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində belə «seçkilər» təşkil edir:

«Ermənistan öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur».

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək.

Mayın 23-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim parlament seçkiləri keçirir. Separatçıların məlumatına görə, seçkiləri izləmək üçün 113 beynəlxalq və 22 yerli müşahidəçi qeydiyyatdan keçib.

Dağlıq Qarabağdakı seçkiləri heç bir beynəlxalq təşkilat və xarici dövlət tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası separatçıların Azərbaycanın işğal olunmuş ərazilərində keçirməyə cəhd göstərdiyi səsverməni pisləyib. Rəsmi Bakı bəyan edib ki, müşahidəçi kimi Dağlıq Qarabağa səfər edən xarici ölkə vətəndaşları Azərbaycan Respublikası ərazisində arzuolunmaz şəxs - persona non qrata elan ediləcək.
XS
SM
MD
LG