Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:49

İlham Əliyev: «Respublikanın süqutu qaçılmaz idi»


Mayın 27-də 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Prezident İlham Əliyev qəbulda iştirak edib və Azərbaycan xalqını təbrik edib. İlham Əliyevin bayram nitqindən bir hissəni təqdim edirik.

«O İLLƏR AZƏRBAYCAN ÜÇÜN UĞURLU OLUB»

«92 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Bu hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi. Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan xalqı dövlət müstəqilliyini itirdi. Qısa müddət ərzində, iki ildə bütün dövlət atributları yaradıldı, Azərbaycanın dövlət bayrağı qəbul edildi, bizim dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himni yaradıldı, Azərbaycanın dövlət gerbi qəbul edildi, dövlət strukturları formalaşdırıldı, nazirliklər yaradıldı. Buna baxmayaraq, respublikanın süqutu qaçılmaz idi və 70 il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində sosialist respublikası kimi yaşadı. Baxmayaraq ki, biz dövlət müstəqilliyimizdən məhrum idik, o illər də Azərbaycan üçün uğurlu illər olmuşdur. O illər ərzində Azərbaycanda çox güclü sənaye potensialı yaradıldı. Azərbaycanda kənd təsərrüfatının inkişafı çox sürətlə gedirdi. Ölkəmiz üçün çox vacib olan sənaye müəssisələri, xüsusilə neft-qaz sahəsində yaradılmış müəssisələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir.

«AZƏRBAYCAN XALQI ÖZÜNƏ XAS MÜDRİKLİYİ GÖSTƏRİB»

Ancaq buna baxmayaraq, biz müstəqil ölkə kimi yaşaya bilmirdik. Azərbaycan xalqı yenə də ümidlərlə yaşayırdı və bu ümidlər özünü 1991-ci ildə doğrultdu.

Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq o illər Azərbaycan üçün çox ağır illər idi. Yəni tariximizə ağır, çox çətin illər kimi daxil olub. Çünki müstəqilliyin ilk illərində Azərbaycanda gedən xoşagəlməz proseslər, daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi yenə də şübhə altına qoyuldu. Müstəqilliyimiz əslində əldən gedə bilərdi. Azərbaycan xalqı özünə xas olan müdrikliyini göstərərək, ümummilli lider Heydər Əliyevə müraciət etmişdir. Onu Azərbaycanın siyasi hakimiyyətinə dəvət etmişdir. Onun Azərbaycanın siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət sabitləşdi, xoşagəlməz meyillərin qarşısı alındı, sabitlik yaradıldı və Azərbaycan öz inkişaf dövrünə qədəm qoydu.

«1993-2003 – SABİTLİK VƏ İNKİŞAF İLLƏRİ»

1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf illəri kimi qalacaqdır. Məhz o illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı. Siyasi sistem yaradıldı. İqtisadi islahatlar aparılmağa başlandı. Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başlamışdır və bir sıra beynəlxalq təşkilatların üzvü olmuşdur.

Bu gün Azərbaycan irəliyə çox nikbinliklə baxır. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçmişdir. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir və son 7 ilin tarixi bunun əyani sübutudur.

Mən tam əminəm ki, ikinci regional inkişaf proqramının uğurlu icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas infrastruktur, sənaye, iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır.

«ÖLKƏDƏ İNKİŞAFLA BAĞLI FİKİR AYRILIĞI YOXDUR»

Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bizim daxili imkanlarımıza əsaslanaraq dünya birliyinə sürətlə inteqrasiya etmək, heç kimdən asılı olmamaq, daxili imkanları maksimum şəkildə səfərbər edib ölkə qarşısında duran bütün vəzifələri icra etmək, qonşu ölkələrlə, dünya ölkələri ilə səmərəli əlaqələr yaratmaq istiqamətində strateji xəttimiz dəyişməz olaraq qalır.

Qarşımızda duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə çox fəal çalışırıq. Danışıqlar prosesində biz həmişə prinsipial mövqe tutmuşuq. Son illər ərzində gedən danışıqlar bunu bir daha göstərir.

Əziz dostlar, biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bu illər ərzində özümüzə də, dünya birliyinə də sübut edə bildik ki, Azərbaycan xalqı müstəqil yaşaya bilər.

Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar – hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaq və ancaq müsbət irəliləyişi görürük.

Bu gözəl bayram günündə mən Azərbaycan xalqını bizim üçün ən əziz bayram münasibətilə bir daha təbrik etmək istəyirəm.»
XS
SM
MD
LG