Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

«Sabah günortaya ərzağımız qurtarır»


Xankeçən kəndində su basmış evlərdən köçənlər
Xankeçən kəndində su basmış evlərdən köçənlər
«Başqa kəndlərə ərzaq verirlər, bizə yox. Sabah günortaya qədər ərzağımız var. Suyumuz da yoxdur. Dünən deyəndən sonra ev başına 100 litr su veriblər. Əlavə də vermirlər. Nə icra hakimiyyətindən, nə də icra nümayəndəliyindən maraqlanan yoxdur. Torpaqlarımız, bağ-bostanımız suyun içindədir. Niyə köməksiz adamlara kömək eləmirlər? Prezident sərəncam versin, tapşırsın, bizə kömək olunsun».

Sabirabadın Xankeçən kəndinin sakini Şahbaz Hacıyev deyir ki, kəndin bir hissəsini su basandan sonra 300 evlik kəndin dözülməz günləri başlayıb. Əsas məşğuliyyətləri kənd təsərrüfatı ilə bağlı olduğundan indi tamamilə işsiz qalıblar:

XANKEÇƏNLİLƏR DOLANIŞIQDAN GİLEYLİDİRLƏR

«Borclarımız da üst-üstə yığılır. Deyirlər ki, çadıra gələnlərə yemək veriləcək. Üç ailəni, heyvanları çadıra necə aparım? Bu dəqiqə çadırda 40 dərəcə isti var. Uşaqlar da körpədir. Ora getməyə də imkanımız yoxdur».

Kənd sakini Ülkər Xəlilova isə deyir ki, yemək, su dərdlərinin üstünə xəstəlik də əlavə olunub. Kənddə ağcaqanadlar çoxaldığından malyariya xəstəliyinə tutulacaqlarından qorxurlar:

«Su yox, dolanışıq yox. Hava isti. Bizə baxan yoxdur. Unumuz da qurtarır. Ağcaqanadlar uşaqların sifətini yaman günə qoyub. Malyariya xəstəliyinin yayılacağından qorxuruq».

İCRA HAKİMİYYƏTİ İSƏ ŞİKAYƏT EŞİTMƏYİB

Xankeçən kəndinin icra nümayəndəsi Namil Vəlişov isə deyir ki, kənddə vəziyyət ağır olsa da, ərzaqla, suyla bağlı problem yoxdur:

Sabirabad rayonun Xankeçən kəndində 60-dan çox ev su altında qalıb
«Siyahı ilə əhaliyə pendir, çörək verilir. Hamıya da çatır. Hələ ki, hansısa problemin olması ilə bağlı bir icra nümayəndəsi kimi mənə müraciət edən olmayıb».

72 yaşlı Azər Əliyev isə onunla razılaşmır:

«Suyun ortasında qalmışıq. Nə varsa suda qalıb. Bu kənddə kim ölüb, kim qalıb, kim nə yeyir, nə içir, maraqlanan yoxdur. Bu, necə rəhbərlikdir?»

MALYARİYA TƏHLÜKƏSİ

Həkim infeksionist Mehdi Mehdiyev isə deyir ki, indiki şəraitdə ərazidə malyariya xəstəliyi yarana bilər. Ona görə də kənd camaatı onlara kiminsə yardım göstərməsini gözləməməlidirlər:

«Su dolan ərazilərdə ağcaqanadlara qarşı dərmanlanma aparılıb. Ancaq bununla belə orada malyariya təhlükəsi var. Rayon mərkəzi xəstəxanalarına və kənd xəstəxanalarına tapşırıq verilib ki, qızdırmalı xəstələr olarsa, mütləq malyariyaya qarşı qan götürülsün. Camaat da gərək fəal olsun, kiminsə gəlib onlara baxmasını gözləməsin, özləri müraciət etsin».

Millət vəkili Pənah Hüseyn bildirir ki, Sabirabadda çaylarda suyun səviyyəsi ensə də, vəziyyət gərgindir, əhaliyə dövlət səviyyəsində kömək göstərilməsi vacibdir, yardım isə kifayət qədər deyil.

Prezident İlham Əliyev mayın 19-da Kür və Araz çaylarının daşması nəticəsində baş verən daşqınlarla bağlı hökumət komissiyasının yaradılmasına dair sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, daşqında əziyyət çəkən əhaliyə maddi, mənəvi-psixoloji yardım göstərilməlidir.
XS
SM
MD
LG